10 Aprel 2020, Cümə

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış edib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Gənclər Fondunun əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri, nazirliyin sistemində olan müəssisələrdə çalışan gənclər iştirak ediblər.

 Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev sağlam gənc nəslin yetişdirilməsini, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamışdır. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I formunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdı Gənclər Günü elan olunması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.   

Vurğulanıb ki, dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Gənc İstedadların “Qızıl kitabı”nın təsis edilməsi, onlara aylıq təqaüdlərin verilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini 14-29 yaş arası gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə ardıcıl tədbirlər görülüb, 200-dən çox ümumtəhsil məktəbinin, 3 ali və 3 orta ixtisas məktəbinin, Heydər Əliyev adına Hərbi Liseyin, 26 Uşaq Musiqi Məktəbinin, 5 peşə məktəbinin fəaliyyəti təmin edilib. Nazir diqqətə çatdırıb ki, muxtar respublika rəhbərinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetiməsinə öz töhfəsini verir. Gənclərin sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitiin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binalar tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur. Azad Cabbarov çıxışının sonunda yaradına şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib, gəncləri əlamətdar gün münasibətilə təbrik edib.                                                                                                     

Tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada mədəniyyət sahəsində görülən işlər, həmçinin musiqi və incəsənət məktəblərinin yaradılması, maddi-texniki bazalarının gücləndirilməsi, Naxçıvan Dövlət Universitetində, eləcə də Naxçıvan Musiqi Kollecində mədəniyyətin, incəsənətin müxtəlif sahələrinə aid ixtisaslı kadrların yetişdirilməsi milli mədəniyyətimizin, o cümlədən musiqi sənətinin gənclərə əsaslı şəkildə öyrədilməsinə imkan verir. Bütün bu tədbirlərin nəticəsidir ki, gənclər aləmdə mədəniyyət sahəsində respublika və beynəlxalq əhəmiyyətli uğurlara imza atır, milli musiqimizi layiqincə təbliğ edirlər. Qeyd olunub ki, 2 fevral Gənclər Günü münasibətilə keçirilən konsert də görülən işlərin məntiqi davamıdır. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında tanınmış Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim edilir. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayev dəfələrlə muxtar respublikada olub, konsert proqramları ilə çıxış edib, musiqi təhsili müəssisələrində ustad dərsləri keçib Mədəniyyət naziri çıxışının sonunda konsertin təşkilində irəli sürdüyü təşəbbüsə görə görkəmli dirijor, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevə təşəkkürünü bildirib, gənclərin bayramını təbrik edib.

 

 Sonra Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı başlayıb. Anar Yusifov skripkada Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin arzuları”nı, Françesko Maria Veraçinin “Largo”, Asəf Zeynallının “Muğamsayağı” əsərlərini, Ahim Güləliyev kamançada, Sərxan Əliyev isə balabanda Azərbaycan xalq mahnısı “Sarı gəlin”i səsləndiriblər. İlkin Abdullayev Fikrət Əmirovun “Sevil” operasından “Balaşın ariyası”nı, Rahim Əsgərzadə Ernesto De Kurtisin “Sorentoya qayıt”, Tural Nəcəfov Tofiq Quliyevin “Bakı”, Mübariz Əsgərov Tofiq Quliyevin “Sənə də qalmaz”, Sərxan Abdullayev Vasif Adıgözəlovun “Lay-lay”, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva Rauf Hacıyevin “Sevgilim”, Gülyanaq Fərzəliyeva Vasif Adıgözəlovun “Naz-naz” əsərlərini ifa ediblər. Naxçıvan Dövlət Filarmoniyasının Xor Kollektivinin oxuduğu “Bana-bana gəl” xalq mahnısı, Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının birləşmiş xoru tərəfindən ifa olunan “El oğlu”, Kamera Orkestrinin səsləndirdiyi Qara Qarayevin “Gənclər valsı”, Üzeyir Hacıbəylinin “Arazbarı” əsərləri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Gənclər üçün əsl bayram ərməğanı olan möhtəşəm konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başa çatıb.

Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR