17 Fevral 2020, Bazar ertəsi

 

Yanvarın 24-dən etibarən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasitəsilə həyata keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səsvermə siyahısına 16 şəhər və rayonun adı daxil edilib.

 Nazirliyin təşkilatçılığı ilə keçirilən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin ilkin mərhələsi artıq yekunlaşıb, seçimdə iştirak etmək istəyən və namizədliyini irəli sürən şəhər və rayonların siyahısı formalaşdırılıb. Namizəd şəhərlərin (rayonların) seçimi zamanı ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkili üçün infrastrukturun mövcudluğu, “Gənclər paytaxtı” seçildiyi təqdirdə həyata keçirəcəyi konkret tədbirlər planı, həmin şəhərdə (rayonda) yaşayan əhalinin sayı və gənclərin əhali üzrə faiz nisbəti, ictimai fəal gənclərin fəaliyyəti nəzərə alınır.

Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın “Gənclər paytaxtı”nın seçilməsində bərabər hüquqla iştirak edir. Səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Səslərin hesablanması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. “Gənclər paytaxtı”nın adı isə 2 fevral - Azərbaycan Gəncləri Günündə Gənclər və İdman Nazirliyi tərəfindən təntənəli şəkildə rəsmi elan olunacaq.

Xatırladaq ki, 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan edilir. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

“Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. “Gənclər paytaxtı” bir il müddətinə seçilir. Seçildiyi müddətdə həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verilir.

 

 

 

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR