Bu yazını yazmaq üçün xeyli düşündüm. Amma yazmalıydım, hökmən yazmalıydım. Həyatının 60-nın 25-ni blokadalı Naxçıvana həsr edən, gözlərimizlə gördüyümüz, yaşadığımız dözülməz əziyyətli illərin önündə gedən, o qara günlərin bütün ağırlıqlarını çiyninə götürən, bu yolda sağlamlığından keçən, muxtar respublikanın dörd bir tərəfindəki qurulanların, yaradılanların hər biri üçün dəfələrlə o ərazilərə gedən, saatlarla ayaq üstündə qalan və nəhayət, bugünkü Naxçıvanı naxçıvanlılara bəxş edən Cənab Vasif Talıbovun ömür yolunun 60-cı dayanacağına çatdığı gün hökmən yazmalıydın. Bunu bir naxçıvanlı kimi özümə mənəvi borc bildim. Əvvəl bu, mənə çox çətin gəldi. Nə üçün? Fikirləşdim ki, bu yazını necə qura bilərəm ki, Cənab Sədrimizə layiq olsun. Son qərarım belə oldu ki, rəsmiyyəti tamamilə bir kənara qoyub yazımın fədakar qəhrəmanının muxtar respublikamıza 25 illik rəhbərliyi dövrünü onun 25 insani xüsusiyyətləri ilə səciyyələndirməklə səmimi bir yazı ortalığa çıxara bilərəm. Beləliklə bütün naxçıvanlıların sonsuz sevgisini qazanan Cənab Sədrimizi xarakterindəki 25 qiymətli məziyyətlə yazımı başlayıram…

Sadəlik… Deyirlər ki, zəhmət adamlarının övladları onlardan halallıq, sadəlik əxz eləyərək öz həyatlarını da bu təməllər üzərində qururlar. Cənab Sədrimizin də 60 il əvvəl zəhmətkeş bir ailədə dünyaya gəlməsi, halal əməyi ən böyük mənəvi dəyər hesab edən valideynlərin mühitində böyüməsi Onun həyat yolunun hər ötən ilində özünü göstərməkdədir.

Əqidə... İnsanın sahib olduğu ən ali dəyər onun əqidəsidir. Bunu özlüyündə nə cür formalaşdırırsana, dünyaya baxışın da o cür olur. Əqidənin düzgün olması onlara rəhbərlik edən insanların xoşbəxtliyidir. Çünki onlar bu gündən sabaha, sabahdan gələcəyə rəhbərlərinin baxış bucağı ilə getməli olurlar. Naxçıvanlılar xoşbəxtdirlər, çünki onlar blokadanın 25 il öncəki acılarından bugünkü firavanlığa bu düzgün əqidənin sayəsində nail ola biliblər. Böyük Konfutsi deyirdi: – Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır”. Bəli, 25 il əvvəl Cənab Sədrimizin yandırdığı bir şamla bu gün bütün muxtar respublika aydınlıq içərisindədir.

Sədaqətlilik… Etiraf edək ki, sədaqət, sadiqlik, etibar heç də insanların arasında çox təsadüf edilən xüsusiyyətlər deyil. Ali Məslis Sədrinin ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi biz naxçıvanlılara həm də illərdir, Onu sədaqətli və etibarlı bir insan kimi tanıdıb.

Dövlətçilik… Hələ ümummilli liderimiz Naxçıvanda yaşayıb işləyərkən burada gələcək milli dövlətçiliyin əsası qoyulurdu. Müstəqilliyimizi əldə etdikdən, ulu öndər Azərbaycana ikinci dəfə rəhbərliyə başladıqdan sonra 1995-ci ildən Azərbaycan dövlətçiliyinə sonsuz sevgi ilə Naxçıvanda həyata keçirilən işlər milli dövlətçiliyimizin yaradılmasına, sonrakı illərdə möhkəmlənməsinə ən böyük töhfə olmuşdur.

Vətənpərvərlik… Həyatın 25 ilinin dövlət işinə verilməsi qədər böyük vətənpərvərlik ola bilməz. Hələ 25-in hər ilinin bir kitaba sığan tarix olması isə əsl vətəndaşlıqdır. Əsl vətəndaşlar isə həm də əsl vətənpərvərdirlər və onlara görə dahilərdən birinin dediyi kimi: Vətənin dərdinə yad qala bilməz!

Mübarizlik… Naxçıvanın blokadasına- bütün sahələrdəki çətinliklərə, sanki həyatın birdən-birə dayanmasına yalnız mübarizə apararaq qalib gəlmək mümkün ola bilərdi. Naxçıvanlılar isə tarixin bütün dönəmlərində yaranan çətinlikləri məhz elə mübarizlikləri ilə yara biliblər. Bir naxçıvanlı kimi Cənab Sədrin də mübarizliyi 25 ilin başlanğıcı ilə bu gün arasında körpü sala bilmişdir.

 Prinsipiallıq… Cənab Sədr həyatının 60 ilinin 25-ni verdiyi bu uzun illərdə sübut etdi ki, blokada heç də maneə ola bilməz. O yerdə ki, prinsipiallıq var, o, blokadanı yarıb bügünkü Naxçıvana çevrilə bilər. O Naxçıvan ki, indi minlərlə turistlərinin, qonaqlarının heyran qaldıqları, təəssüratlarında əbədiləşən, dünya mediasında sözü gedən qədim və müasir diyardır.

Yorulmazlıq… Prinsipiallıq həm də yorulmazlığı şərtləndirir. Yorulmazlıq isə fərqlilikdir. Gündəlik təkrar olunan işlərdən yorulduğumuz dilimizdən düşmədiyi halda düz 25 il muxtar respublikanın yüzlərlə yaşayış məntəqələrində, kəndlərində eyni işləri aparmaq – məktəblər, kənd, xidmət mərkəzləri, digər obyektlər tikdirmək, yollar, körpülər salmaq, bütün bunların hər biri ilə maraqlanmaq, açılış mərasimlərində iştirak etmək düşünəndə bir insanın enerjisi daxilindədirsə, O, fərqlidir. Bu fərqliliyi isə Ulu Yaradan həyata rəhbər, xilaskar kimi göndərdiyi insanlara bəxş edir.

Dözümlülük… Muxtar respublikanın davamlı inkişafına böyük dözümlə, səbrlə nail olunub. Bunu blokadanın canlı şahidləri təsdiqləyə bilər. Həqiqətən də bütün infrastrukturun məhv edildiyi, elektrik enerjisi, təbii qaz, mənsub olduğumuz ölkə ilə quru yolla əlaqənin kəsildiyi, insanların aclıq, səfalətə, sərhəd kəndlərin ermənilər tərəfindən gülləbarana məruz qaldığı, gələcək üçün ümidverici bir zərrənin belə olmadığı bir dövrdə zamanın bu keşməkeşlərinə dözməyi, səbr etməyi hər kəs bacara bilməzdi. Səbrli insanları Allah sevər, onların yollarını açar. Bu mənada Cənab Sədrimiz böyük səbri, təmkini ilə Ulu Yaradanın sevimli bəndəsidir.

Uzaqgörənlik… Naxçıvanın o qara günlərdən uzaqgörənlik xilas etdi. Cənab Sədrimizin böyük uzaqgörənliklə hadisələrə yüksək səbr və təmkinlə yanaşması, gələcəyə hesablanan düşünülmüş siyasətində Naxçıvanın perspektivini görə bilməsi, bunun üçün atdığı doğru və dürüst addımlar muxtar respublikanın ilk olaraq var olmasını, daha sonra hərtərəfli inkişafını reallaşdırdı. Məşhur dövlət adamlarından birinin də dediyi kimi: “Siyasətdə doğru və dürüst olanlar həmişə qalib gəlir”. 

Cəsarətlilik… Uinston Çörçill deyirdi ki, cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Bəli, söz yox ki, bütün işlərin, hadisələrə yanaşmanın başlanğıcında cəsarət dayanır. Muxtar respublikanın 90-cı illərində görünən bu idi ki, bütün sahələr iflic vəziyyətə düşmüşdü və buranın dirçəldilməsinə sıfırdan başlanmalı idi. Bu isə həqiqətən böyük cəsarət tələb edirdi. Həmin cəsarəti isə Cənab Sədrimizin şəxsində görə bildik. Bu cəsarət naxçıvanlılara da stimul oldu. İnsanlar öz rəhbərlərinə inanaraq onun ətrafında birləşdilər və Cənab Vasif Talıbovun həmişə nitqində səsləndirdiyi “güc birlikdədir” kəlamı ilə bir olaraq muxtar respublikanın inkişafına öz töhfələrini verdilər.

 Qurucu Rəhbər… Ümummilli liderimizin Naxçıvanda başladığı quruculuq siyasəti ötən 25 ildə yüksək səviyyədə davam etdirilib və hər il coğrafiyası bir qədər də genişləndirilib. Cənab Sədrimizin göstərişi ilə quruculuq işləri ucqarlardan başlandı. Çünki Onun fəaliyyətində hər zaman insan amili ön sırada dayanıb. Kənd yerlərində insanların rahatlığının təmin olunması, kəndlə şəhər arasında fərqin aradan qaldırılması, müasir infrastrukturun yaradılması, yeni məktəblərin, səhiyyə ocaqlarının tikilməsi, xüsusilə bərbad vəziyyətdə olan yolların abadlaşdırılması ötən illərin Naxçıvanının sosial-iqtisadi inkişafının əsas göstəricilərinə çevrilmişdir. İnsanlara göstərdiyi bu qayğı ilə Cənab Sədr onların Qurucu Rəhbərinə çevrilmişdir.

Ənənəvilik… Beşminillik Naxçıvan qədim adət-ənənələrə, mentalitetə malik bir diyarıdır. Ötən illərdə tariximizin, etnoqrafiyamızın, folklorumuzun qorunub yaşadılması, nəsillərdən-nəsillərə ötürülməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib. Naxçıvan həm də abidələr diyarıdır. Burada bir vaxtlar məhv olmaq təhlükəsi ilə üz-üzə qalan yüzlərlə qədim abidələrimizə son 25 ildə gələcəyimizə xidmət amalının keçmişimizi yaşatmaq olması dilindən düşməyən Cənab Vasif Talıbovun sayəsində yeni həyat verilib.

Zövqlülük… Naxçıvana gələn qonaqların, turistlərin buradakı sosial obyektlərin xüsusi zövqlə tikildiyini söyləmələrini, parkların cazıbədarlığından söhbət açdıqlarını tez-tez eşidirik. Muxtar respublika rəhbərinin qədimliyi qorunaraq müasirləşdirilən Naxçıvanda tikilən-qurulanların hər birinin arxitektura layihəsinə baxmağa vaxt ayırması, yeri gələndə onların yenidən işlənməsinə göstəriş verməsi ilə bu gün belə yaraşıqlı binaların sahibinə çevrilmişik. Bu zövq Cənab Sədrimizin zövqüdür, bunun üçün də hər birimiz Ona minnətdarıq.

Təmizlik… Bugünkü Naxçıvan haqqında söylənən xoş sözlərdən biri də təmizliklə bağlıdır. Demək olar ki, bu gözəl diyara gələnlərin hamısı buradakı təmizliyə heyran qalırlar. Naxçıvanın maddi təmizliyi illərlə mənəvi təmizliyə də sirayət edib, buranı cinayətsiz zonaya çevirib. Çünki Naxçıvanın rəhbərinin fəaliyyət proqramında insan sağlamlığı və gələcəyi üçün həm maddi, həm də mənəvi təmizliyə xüsusi yer ayrılıb.

Qonaqpərvərlik… Naxçıvanlılarda qonaqpərvərlik gözəl keyfiyyətlərdən biridir. Gözəl keyfiyyətləri övladlara verə bilmək isə daha gözəldir. Muxtar respublika rəhbərinin ulularından aldığı qonaqpərvərliyin nəticəsidir ki, Naxçıvana gələn hər kəsin təəssüratında bu qonaqpərvərlikdən bəhs olunur.

 Zəhmətkeşlik… Cənab Sədrimiz əsl zəhmətkeş bir insandır. Blokadanın ilk illəri qışın soyuğunu dəf etmək üçün insanların kəsib sobalarda yandırdıqları, nəticədə isə ulu öndərimizin də söylədiyi kimi “təbiət qəbiristanlığı”na çevrilən Naxçıvanda ötən 25 ildə muxtar respublikanın tarixinin heç bir dönəmində olmayan qədər yaşıllıqlar salınıb. Keçirilən ümumxalq iməciliklərində camaatla birgə iştirak edən Cənab Sədr öz əlləri ilə yüzlərlə ting əkib ki, indi onların hər biri bar üstündədir.

Qayğıkeşlik… Zəhmətkeşlik həm də qayğıkeşlikdir. Çünki zəhməti duyan insan qayğıkeş olmaya bilməz. Cənab Sədrimizin fəaliyyətində zəhmət adamlarına xüsusi bir qayğıkeşliklə yanaşıldığı həmişə açıqca görünüb. Naxçıvanda aqrar sahənin sütunu sayılan zəhmət adamları üçün illərdən bəri yaradılan hərtərəfli şərait, ailə təsərrüfatlarına göstərilən dəstək, əməklərinin qiymətləndirilməsi, kənd təsərrüfatı məhsullarını istehsal edənlər üçün festivalların keçirilməsi ilə muxtar respublika rəhbəri zəhmət adamlarının ən yaxın dostuna çevrilib.

 Həssaslıq… Həqiqətən, gözəl keyfiyyətlərə malik insanın rəhbərliyi altında yaşamaq xoşbəxtlikdir. Hələ bu keyfiyyətlərdən bir həssaslıq olanda, bu xoşbəxtliyi ikiqat yaşayır insan. Muxtar respublikada elə bir sahə yoxdur ki, Cənab Sədrimiz həssaslıqla yanaşmasın. Elə hərtərəfli inkişafa da bu həssaslıqla nail olmuşuq. Çünki burada heç nə diqqətdən kənarda qalmayıb. Elə heç kim də diqqətdən kənarda qalmayıb diyarımızda. Xidmətində, fəaliyyətində, təhsilində, fərqlənənlərin hər birinin əməyi qiymətləndirilib. Bu, Naxçıvanda bir ənənəyə çevrilib. İndi artıq hər bir naxçıvanlı çox gözəl bilir ki, gəncindən yaşlısınadək, məktəblisindən tələbəsinə, idmançısınadək, fəhləsindən ziyalısınadək fərqlənən fərqli də qiymətini alır.

 Mərhəmətlilik…Mərhəmət insani dəyərlərin şahıdır, humanizm və insanpərvərlik məcmusudur. Cənab Sədrimizin mərhəməti ilə bağlı tək bir nüansı xatırlatmaq istəyirəm: Naxçıvanda sağlamlıq imkanları məhdud insanlara əlil demirlər. Muxtar respublika rəhbərinin uzun illər çıxışlarında insanpərvərliyindən əlil sözünü dilinə gətirə bilməyib onları fiziki qüsurlu şəxslər adlandırması Naxçıvanda bu söz birləşməsini formalaşdırıb. İndi burada hamı həmin sevgi və insanpərvərlikdən gələn həssaslıqla məhz bu ifadəni işlədir.

Etibarlılıq… Etibar insanın doğruluğunun, dürüstlüyünün, sədaqətinin, vəfasının təsdiqindən sonra yaranır. Cənab Vasif Talıbov ulu öndərimizə sədaqətinin, vəfasının ardınca naxçıvanlıları o çətin illərdən bu günlərə qovuşdurmaqla, haqlı olan insanların həmişə arxasında olmaqla etibarlılıq rəmzinə çevrilib. Bu gün insanlar etibar etdikləri rəhbərlərinə dərdlərini danışırlar.

Məğrurluq… Deyirlər insanların ətrafında olanlar zaman-zaman onlara yansıyır. Məğrurluq rəmzi sayılan Əlincədən məğrurluq alıb Cənab Sədrimiz. Əsrlərdir, tarixin yol yoldaşı, sirdaşı Əlincə necə məğrur dayanıbsa, naxçıvanlıların 25 ildə yol yoldaşı, sirdaşı, məsləhətkeş rəhbəri də eyni məğrurluqla dayanmaqdadır.

Xilaskarlıq... Bu sözün mənasını, mahiyyətini dərk etmək üçün blokadanın lap çətin ilk onilliyinin şahidi olmaq yetər. Bu günün o illərlə müqayisəsində Cənab Vasif Talıbov ulu öndərimizdən sonra ikinci xilaskardır. Naxçıvanın və naxçıvanlıların Xilaskarı.

Əbədilik… Mir Cəlal yazır: “ Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən”. Bu gözəl sözlər sanki Naxçıvan üçün deyillb. Bu gün muxtar respublikamızda hara baxsan, hansı göstəricilərə nəzər salsan, ürəyin açılır. 25 il əvvəlin qaranlıq səhərini yarıb şəfəqləri ilə zərrə-zərrə diyarımızı işıqlandıran o Günəş artıq Naxçıvanı əbədi bir nura qərq edib. Əbədilik isə tarixdir. Tarix durduqca yaşamaq deməkdir.

 Müdriklik… Böyük filosof Konfutsinin nəzəriyyəsinə görə üç yol bilgiyə-müdrikliyə aparır: düşüncə yolu - bu, ən nəcib yoldu; təqlid yolu - bu, ən asan yoldu; və təcrübə yolu - bu isə ən ağrı-acılı yoldu. 35 yaşında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışmağa başlayan Cənab Sədrimiz müdrikliyə doğru bu nəzəriyyənin üçüncü qanunu-təcrübə-ən ağrı-acılı yol ilə yolçu olmuşdu: Blokada Naxçıvanının təcrübəsi. 60 yaşa insanın müdriklik çağı deyirlər. 1995-ci ildə qarşıda olmazın əzab-əziyyətini görə-görə bu yolçuluğa başlayan Cənab Vasif Talıbov isə müdrikliyə elə 35 yaşında çatıbmış. Yoxsa Naxçıvan bugünkü Naxçıvan ola bilməzdi…

P.S. Ad gününüz, 60 yaşınız mübarək, Cənab Sədrimiz! Sizi həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı, Naxçıvanımızın daha da inkişafı naminə uğurlar arzulayırıq. Biz Sizinlə qürur duyuruq. Çox sevdiyiniz, qoruyub yaşatdığınız, məsləyinizə çevirdiyiniz tarix isə özü Sizin qiymətinizi verib, adınızı səhifələrinə yazmaqla Sizi tarixi şəxsiyyətə çevirib.

 Mətanət MƏMMƏDOVA