17 Yanvar 2020, Cümə

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin çox maraqlı, aktual, rəngarəng əsərlərlə zəngin olan mövzularındandır. Azərbaycan və dünyanın bir çox rəssamları Ulu öndərin bədii – estetik baxımdan mükəmməl portretlərini yaradıblar. Onların içərisində dünya miqyasında tanınmış, korifey fırça ustalarından tutmuş, incə zövqə və bənzərsiz sənət duyumuna malik həvəskarlara qədər, Ulu öndərlə ta uşaqlıq illərindən yaxın olan qocaman sənətkarlardan ibtidai siniflərdə oxuyan istedadlı məktəblilərə qədər fərqli simalar vardır.

Bu rəssamlar həm Azərbaycanı, həm də dünyanın digər ölkələrini təmsil edirlər. Heydər Əliyevin portretini rəssamlar yağlı boya və qrafika ilə, müxtəlif bədii texnikalarda və üslublarda işləyiblər. Onun mükəmməl obrazı qrafika sənətinin müxtəlif növlərində yaradılıb, xalçalarda toxunub, spesifik sənət sahələrində canlandırılıb. Ulu öndərin portreti hətta unikal vasitələrlə olduqca maraqlı, bənzərsiz materiallarla, qeyri-adi üsullarla işlənilib. Bu müdrik insanın nurlu çöhrəsi qiymətli daşlarla, muncuqlarla, zərif ipliklərlə, güllərlə, sünbüllərlə, buğda dənələri ilə, hətta canlı insanların geniş sahədə müəyyən sıralarda düzülüşü- “fləşmob” ilə yaradılıb. Dünyada bu qədər əlvan vasitələrlə obrazı yaradılan ikinci bir şəxsiyyət tapmaq çətindir. Bütün bunlar əbədiyaşar, dahi şəxsiyyətə olan intəhasız sevginin, ürəkdən gələn bağlılığın, ümumxalq məhəbbətinin təzahürüdür. Bu təsviri sənət əsərləri Ulu öndərin şəxsiyyətinə olan sonsuz məhəbbətin, yaradıcı marağın rəngarəng təzahürləri, sayı bilinməyən nur zərrələridir.

Təsviri sənətdə Heydər Əliyev mövzusu təkcə Azərbaycan məkanı və incəsənəti ilə məhdudlaşmır. Bu mövzu çağdaş dünya incəsənətində özünəməxsus yer tutmaqdadır. Çünki Heydər Əliyev mövzusu təkcə milli olmayıb, həm də bəşəri xarakter daşıyır. Bu mənada 2007-ci il dekabrın 15-də Böyük Britaniyanın London şəhərində dünyaca məşhur Madam Tüsso Muzeyinin “Dünya liderləri” salonunda nümayiş olunmuş dahi fenomen şəxsiyyət, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru bir nümunədir. Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o kraliça II Yelizavetanın və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir) bu fikirləri söyləyib: “Mən heykəl-fiqur üzərində işə başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv materialını öyrəndim, minlərlə fotoşəkilə baxdım. Mən onu şəxsən tanıyan adamlarla görüşdüm”. Heykəltəraş bildirib ki, Heydər Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm Prezident, həm də adi insan kimi təsvir etməyə çalışıb. Fiqur üzərində iş 6 aydan çox çəkib. Ümummilli liderin heykəl-fiquru boyu hündürlüyündə hazırlanıb. Onun əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. Heydər Əliyevin müdrik baxışları uzaqlara dikilib, üzündə ona məxsus olan isti, sirli təbəssüm, qamətində arxayınlıq və əminlik hiss edilir. Qoluna Ulu öndərin sağlığında gəzdirdiyi saat taxılıb. Xatırladaq ki, muzeydə indiyədək Rusiyadan savayı, MDB ölkələrinin heç birinin liderinin fiquru qoyulmayıb.

Ulu öndərin çoxcəhətli məqsədyönlü fəaliyyəti və düşünülmüş siyasəti müasir Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən biri olan multikulturalizmin formalaşmasında mühüm rol oynayıb. Ona görə də cəsarətlə demək olar ki, Ulu öndərimizin bədii obrazı multikultural dəyərlərə xidmət edir, sənət mühitinin böyük sevgisinin ideal səviyyəsində canlandırılır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çoxaspektli siyasətdə də mühüm yer tutan multikulturalizmin bir böyük təzahürü də Heydər Əliyevin müxtəlif xalqların nümayəndələri tərəfindən yaradılmış parlaq obrazında öz əksini tapır. Bu, tarixi xidmətləri ilə böyük ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev dühasına daha geniş masştabda bəslənilən sevginin rənglərlə ifadə olunmuş ifadəsidir. Heydər Əliyevin obrazı təsviri sənətdəki multikultural mühitin ən parlaq ortaq mövzusudur.

Bu gün Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin rəssamları və heykəltəraşları da Azərbaycançılığın daim canlı, əbədi simvolu olan Heydər Əliyev mövzusuna müraciət edirlər. Bir çox ölkələrin şəhərlərində Heydər Əliyevin adını daşıyan parkların, xiyabanların, mövcud olduğunu görür, onun əzəmətli heykəlləri ilə qarşılaşırıq. Azərbaycanla yanaşı qardaş Türkiyədə, eləcə də Rusiya, Böyük Britaniya Ukrayna, Gürcüstan, Rumıniya və digər ölkələrdə ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin heykəllərinin ucaldılması xalqımızda böyük qürur hissləri doğurur. Bütün bunlar Azərbaycanın xarici ölkələrlə dostluq simvolu olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin, onun fərqli mədəniyyətlərə, multikultural dəyərlərə ehtiramının canlı ifadəsidir.

Toğrul Cəfərli

Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR