06 Avqust 2020, Cümə axşamı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə qeyd olunub, yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində Allahşükür məscidi istifadəyə verilib. Yubiley tədbiri iştirakçılarından bir qisminin səfər təəssüratlarını oxucularımıza da təqdim edirik.
Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam: – Mən həyatda çox hədiyyələr almışam. Onlardan ən dəyərlisi isə ümummilli lider Heydər Əliyevin adına olan ordendir. Onu da deyim ki, ilk dəfədir, mənim adıma bir məscid tikilib. Bu hədiyyə üçün, eyni zamanda yubileyimin Naxçıvanda yüksək səviyyədə qeyd olunmasına görə Ali Məclisin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Buradakı həmvətənlərimizə, məscid tikintisində bütün zəhməti keçənlərə təşəkkür edirəm. Bu məscid mənim üçün ən böyük hədiyyədir.
20 Yanvar hadisələri zamanı Mixail Qorbaçova dediyim sözlərin arxasında məhz Naxçıvan sakinləri, Naxçıvana qazi seçilərək buraya gəldiyim vaxtdan etibarən yerli əhali ilə görüşlərdə onlardan aldığım güc, eləcə də Naxçıvandan SSRİ Ali Sovetinə və Azərbaycan Milli Məclisinə deputat seçilməyim kimi səbəblər dururdu. Mən qorxmurdum. Ona görə ki, Naxçıvan camaatı mənə etibar edərək mandat vermişdi. Bu etimada görə də seçicilərimin sözlərini lazım olan yerlərə çatdırırdım. Mənim dünyada tanınmağımda, nüfuz qazanmağımda Naxçıvanın böyük rolu və mən deyərdim ki, xüsusi yeri var. Mən bu diyara gələndə adıma məscid veriləcəyini bilmirdim. Bu məsciddə insanların namaz qılması, ibadət edə bilməsi mənim üçün böyük bir xoşbəxtlikdir. Allah bu xoşbəxtliyi hər insana nəsib etmir.

Milix Yevdayev – Dağ Yəhudiləri Dini İcmasının rəhbəri: – Belə bir deyim var: hərdən yuxu kimi gördüyüm dünya yuxuma girəndə həqiqət olur. Bu gün Naxçıvanda gördüklərim o həqiqətdir. İnanın ki, bunların hamısı Azərbaycan torpağında, bu məmləkətdə mümkün olan hallardır. İlk dəfə deyil ki, mən Naxçıvana gəlirəm, əvvəllər də burada olmuşam. Bu diyar Azərbaycanın ən səfalı guşələrindən biridir. Naxçıvanın bu gün belə sürətli tərəqqisi ölkədə gedən sosial-iqtisadi inkişafın davamıdır. Yerli sakinlərlə ünsiyyətdən sonra bu qədər məsafəni qət edib yenidən buraya gəlməyimə şad oldum. Yəhudi xalqı hər zaman Azərbaycan xalqı ilə qardaş olub, onun şad günündə sevinib, çətin günündə də yanında dayanıb. Mən Azərbaycanımıza xoş günlər, sevincli anlar arzulayıram. Müdriklər deyiblər: xoşbəxt o kəslərdir ki, evində xoşbəxtdir. Azərbaycan bizim evimizdir. Biz də bu xalq ilə bərabər bu ölkənin xoşbəxtliyi üçün çalışmalıyıq ki, o sevincin uca zirvəsinə qalxa bilək.
Aleksandr İşein – Azərbaycan Yeparxiyasının Arxiyepiskopu: – Naxçıvanın çox gözəl təbiəti və insanları var, burada sabitlik, sakitlik və gözəllik hökm sürür. Bütün bunlar belə deməyə əsas verir ki, bu yurdun insanları mehribandırlar. Burada yollar gözəldir, həyat da gözəldir. Ən əhəmiyyətlisi isə Nuh Peyğəmbərin məzarüstü türbəsinin belə gözəl şəkildə tikilməsidir. Nuh bəşəriyyətin ikinci atası hesab olunur. Çox sevindirici haldır ki, bu yerdə onun xatirəsi əziz tutulur, yaşadılır. Şeyx Həzrətlərinə Ordubadda belə qiymətli hədiyyənin edilməsi təqdiredici hal, ona bəslənilən sevginin, hörmətin göstəricisidir. Bu həm də onu göstərir ki, naxçıvanlılar dininə, ənənələrinə sıx bağlıdırlar. Əminəm ki, Azərbaycanın bu qədim diyarı bundan sonra da çiçəklənəcək və inkişaf edəcək.
Mübariz Qurbanlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: – Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şəxsi təşəbbüsü ilə Naxçıvanda yüksək səviyyədə təşkil olundu. Buna görə muxtar respublika rəhbərinə öz dərin minnətdarlığımı bildirirəm. Naxçıvan ictimaiyyətinin nümayəndələri, ziyalılar həmin tədbirdə iştirak etdilər, ətraflı çıxışlar oldu. Ordubadda isə bu münasibətlə yeni məscid açıldı. Məscid inşa etmək savab əməldir, İslam, Allah yolunda belə işlərin görülməsinin böyük savabı vardır. O cümlədən bu işin ictimai əhəmiyyəti də böyükdür, vətəndaşların ibadəti üçün onlara qiymətli bir hədiyyədir. Cənab Sədrin göstərişi ilə məscidə Şeyx Həzrətlərinin adının verilməsi hər birimizi çox sevindirdi. Şəxslərin adına məscid inşa olunması həmin insanın ölkəmiz və dinimiz qarşısındakı xidmətlərinə görədir. Məhz Şeyxülislamın xidmətlərinə görə də ona burada belə dəyərli hədiyyə təqdim edildi. Bu həm xalqa, həm də Allahşükür Paşazadəyə verilən yüksək dəyərdir. Naxçıvanla bağlı onu deyə bilərəm ki, bura nəqşi-cahandır, çiçəklənən bir yurdumuzdur. Hər dəfə buraya gəlişimdə yeniliklərlə qarşılaşıram, inkişafı, tərəqqini görürəm və çox sevinirəm.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR