16 Dekabr 2019, Bazar ertəsi

Dünən “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun anadan olmasının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək  bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının əməyi yüksək qiymətləndirilir, onların yubileyləri qeyd olunur. Muxtar Məmmədov da belə jurnalistlərimizdən biridir. 2011-ci ilin noyabr ayında “Şərq qapısı” qəzetinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək ona ikiotaqlı mənzil hədiyyə edilib, 2015-ci ilin iyul ayının 15-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bütün bunlar Muxtar Məmmədovun fəaliyyətinə göstərilən yüksək dövlət qayğısının təzahürüdür.  Ülvi Hüseynli yubilyarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təbrik edib, ona cansağlığı, yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki,  qəzetin məsul katibi vəzifəsində çalışan Muxtar Məmmədov uğurlu yazıları ilə cəmiyyətdə ictimai fikrin formalaşmasında mühüm rol oynayır.

1959-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olan yubiliyar  uzun illər kənd məktəbində müəllim işləyib. 18 ildir ki, ömrünü mətbuatla bağlayan Muxtar Məmmədov bir-birindən maraqlı oçerk, məqalə, müsahibə, reportaj, esselərin, 2 kitabın müəllifidir. Bu gün “Şərq qapısı” qəzetinin hər bir sayının məzmunlu və yüksəkkeyfiyyətli tərtibatla çıxmasında yaxından iştirak edən Muxtar Məmmədov gənc jurnalistlərin gələcəyin peşəkar qələm sahibləri kimi yetişmələrinə öz töhfəsini verir.  Mehriban Sultanova Muxtar Məmmədovu yubiley münasibətilə təbrik edib, ona uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıb. “Şərq qapısı” qəzetinin baş redaktoru jurnalist əməyinə verilən yüksək qiymətə görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib.

 “Şərq Qapısı” qəzetinin baş redaktor müavini Mətanət Məmmədova çıxışında qeyd edib ki, Naxçıvanı dünyası sayan, yurduna böyük sevgiylə bağlı olan,  muxtar respublikamızda neçə-neçə jurnalistin əlindən tutub yazmağı öyrədən, bu gün yetirmələrinin hər birini yüksək vəzifələrdə görməsi, güclü qələm sahibi olmaları  ilə öyünən, bir məktəb olan “Şərq qapısı” qəzetinin baş müəllimi Muxtar Məmmədov bu gün də qəzet  səhifələrini duyğusu, düşüncəsi, fərqli  yanaşma tərzi, təhlilləri ilə maraqlı, oxunaqlı edir. Qəzetdə məsul katib vəzifəsini layiqincə icra edən, gözəl və yerində olan redaktələri ilə yazıları bir qədər də rövnəqləndirən Muxtar müəllim jurnalistikanın fərqli janrlarında müxtəlif mövzularda qələmə aldığı yazıları ilə oxucularının qəlbində sözdən bir yuva qurub. Mətanət Məmmədova “Şərq Qapısı” qəzeti kollektivinin dəyərli  ziyalısı, ağsaqqalı Muxtar Məmmədovu kollektiv adından təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonra “Şərq qapısı” qəzetinin əməkdaşları Məhəbbət Mirzəyeva, Səbuhi Həsənov, Nail Əsgərov və digərləri  jurnalist həmkarını təbrik ediblər.  

Sonda yubilyar Muxtar Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və qəzet əməkdaşlarına minnətdarlığını bildirib.

Güntac ŞAHMƏMMƏDLİ

  

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR