16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvanda keçirilən “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün muxtar respublikaya səfər edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olan qonaqlar universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə müasir dövrdə medianın fəaliyyət istiqamətlərindən ətraflı söhbət açılıb. Çıxış edənlər cəmiyyət həyatında medianın rolundan bəhs edib, dünya ölkələrində mətbuat şuralarının fəaliyyətinin önəmini vurğulayıblar. Sonra Azərbaycan Mətbuat Şurası tərəfindən jurnalistika ilə bağlı kitablar, eləcə də bədii ədəbiyyatlar tələbələrə hədiyyə edilib.
Həmin gün keçirilən beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli açaraq bildirib ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, kütləvi informasiya vasitələrinin inkişafına da böyük diqqət və qayğı göstərilir. Mətbuat orqanlarına, teleradiolara yaradılan hərtərəfli şərait yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur.

Qeyd edilib ki, güclü maddi-texniki baza və hərtərəfli yaradıcılıq imkanı, bütün yaşayış məntəqələrinin fiber-optik kabel xətti və sürətli internetlə, İP televiziya və rəqəmsal yayımla təmin olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb. Bu gün muxtar respublikada universitet televiziyası və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, 9 qəzet, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyət göstərir, ümumilikdə, kütləvi informasiya vasitələrində 400-ə yaxın insan çalışır. Ötən dövrdə bu sahənin fəaliyyətini təmin edən təşkilati tədbirlər də görülmüş, 2005-ci ildə Naxçıvan Mətbuat Şurası, 2007-ci ildə isə Televiziya və Radio Şurası yaradılmışdır. Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Muxtar respublikadakı kütləvi informasiya vasitələri Naxçıvanın sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılması istiqamətində səylə fəaliyyət göstərir.
Vurğulanıb ki, dünyanın nüfuzlu telekompaniyaları, media holdinqləri Naxçıvan barədə filmlər hazırlayırlar. Bu ilin ötən dövründə dünya və ölkə media qurumları dəfələrlə muxtar respublikada səfərdə olub, 50-yə yaxın film və verilişin çəkilişləri aparılıb.
Muxtar respublikada sosial medianın inkişafı sahəsində də yeni mərhələnin əsası qoyulub. Belə ki, bu gün buradakı bütün kütləvi informasiya vasitələrinin sosial şəbəkələrdə aktiv hesabları vardır. Hazırlanan telemateriallar və qəzet yazıları, o cümlədən fotoşəkillər sosial şəbəkələr vasitəsilə operativ şəkildə geniş kütləyə çatdırılır. Naxçıvanda keçirilən bu beynəlxalq konfrans və Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şuranın fəaliyyəti barədə ətraflı məlumat verib, sosial şəbəkələrin və onlayn medianın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, şura daxil olan şikayətlər əsasında qeyri-dəqiq və qərəzli informasiyaların yayılması barədə araşdırmalar aparır, belə xoşagəlməz hallara qarşı mübarizədə fəal iştirak edir.

Əflatun Amaşov Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı qeyd edib ki, yeni memorandumun imzalanması ölkəmizin media mühitində əlamətdar hadisədir. Bu həm də Naxçıvan mediasının müasir durumunu əks etdirməklə yanaşı, onun beynəlxalq müstəviyə çıxarılma səviyyəsini də təsdiqləyir. Şura sədri, həmçinin gənc tələbə-jurnalist kadrların Naxçıvan teleradiosunda və “Şərq qapısı” qəzetində təcrübə kurslarına cəlb edildikdən sonra işə götürülmələrini də mütərəqqi addım hesab edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə əsası qoyulan hamilik təcrübəsinin ölkəmizin digər universitet və dövlət oqanları, eləcə də media qurumları arasında tətbiqi günün tələbinə çevrilib. Bu, Naxçıvanda gənc jurnalistlərin yetişməsində müstəsna rol oynayır.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker assosiasiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, təşkilata 21 mətbuat şurası üzvdür. Biz çox sevinirik ki, Naxçıvan Mətbuat Şurası da assosiasiyaya üzv seçilir. Bunun nəticəsində ikitərəfli münasibətlər daha da genişlənəcək, beynəlxalq tədbirlərdə Naxçıvan mətbuatı da təmsil olunacaq. Melek Sule Aker mövzunun aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, sosial şəbəkələr və sosial media ictimai fikri formalaşdırır. Bu gün ən önəmli problemlərdən biri sosial medianın tənzimlənə bilməməsi və müəllif hüquqlarının pozulmasıdır. Bu problemin aradan qaldırılması üçün tənzimləyici hüquqi bazanın formalaşması bütün dünyada öndə duran məsələlərdəndir.
Əflatun Amaşov və Melek Sule Aker göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü, Nigeriyadan olan beynəlxalq media eksperti Nik Nvolisa Nigeriyada və orta Afrikada sosial medianın tənzimlənməsi və bu sahədə olan problemlər barədə məlumat verib.
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, muxtar respublikanın informasiya blokadası tam yarılıb. Naxçıvan televiziyası və radiosu dünyaya açılıb və hər bir nöqtədə izlənilir. Bu gün Naxçıvandakı mətbuat orqanlarının, “Nuhçıxan” İnformasiya Agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsindən izlənilir və oxunur, ingilis, rus dillərində yayılır. Sahil Tahirli deyib ki, Naxçıvan mediası sürətlə gəncləşir, təkcə son 5 ildə Naxçıvan Dövlət Universitetini jurnalistika ixtisası ilə bitirən 20 nəfər gənc Naxçıvan teleradiosunda işlə təmin edilib.
“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova müasir cəmiyyətdə onlayn medianın informasiya təminatındakı başlıca rolundan danışaraq bildirib ki, media qurumlarının sosial şəbəkələrdəki çoxminlik səhifələrinin yaradılması muxtar respublika barədə operativ, dəqiq və qərəzsiz informasiyaların yayılmasını təmin edir. Mehriban Sultanova muxtar respublikada mətbuatın inkişafına göstərilən dövlət qayğısı nəticəsində qəzetin saytının yenilənməsi, mobil interfeysinin, sosial şəbəkə səhifələrinin yaradılması, qəzet əməkdaşlarının sosial mediada fəal təmsil olunması barədə də məlumat verib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov şuranın fəaliyyətindən və onun Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzvlüyə qəbul olunmasının Naxçıvanda jurnalistikanın gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu və İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxış ediblər, qarşılıqlı müzakirələr aparılıb.
Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandum imzalanıb.
Beynəlxalq konfransın iştirakçıları dekabrın 1-də “Şərq qapısı” qəzetinin redaksiyasında, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradılan müasir şəraitlə tanış olub, jurnalist həmkarları ilə fikir mübadiləsi aparıblar. Qonaqlar Batabatda olub, “N” hərbi hissədə əsgərlərlə görüşüb, Duzdağ Fizio­terapiya Mərkəzini, Möminə xatın türbəsini, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər. Beynəlxalq konfransın iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibə veriblər:
Melek Sule Aker – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri: – Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması bizi daha da güclü edəcək. Ölkələrimiz arasında sıx dostluq əlaqələri qurulacaq, həm də Naxçıvanın dünya ilə informasiya mübadiləsi daha da genişlənəcək. Düşünürəm ki, bütün bunlar hər iki tərəf üçün çox yaxşı nəticələr verəcək. Bu, Naxçıvanın xarici ölkələrlə dialoq qurması baxımından çox vacibdir. Biz bu gündən sonra Naxçıvan haqqında məlumatları başqa ölkələrə çatdıracağıq.
Onu da deyim ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısını bu ilin sentyabr ayında Azərbaycanda təşkil etdik. Toplantıda iştirak edən bütün üzvlərimiz Azərbaycanın gözəlliyinə, insanlarının qonaqpərvərliyinə heyran qaldılar. Onların çoxunun jurnalistlər olduğunu nəzərə alaraq demək olar ki, dünyanın yarısında Azərbaycanla bağlı məlumatlar yayılacaq. Bu konfransdan sonra Naxçıvandakı inkişafdan dünya da xəbərdar olacaq. Burada olmağımdan çox məmnunam, göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri: – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvlərinin Naxçıvana səfəri iki məsələ ilə bağlıdır. Birincisi, Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması, ikincisi isə “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi idi. Belə bir aktual mövzunun Naxçıvanda müzakirə olunması bizim üçün çox vacib idi. Çünki Naxçıvan ərazisinin, demək olar ki, 100 faizi internetə əlçatandır, burada internetdən və sosial şəbəkələrdən geniş istifadə olunur. Həm də ona görə vacib idi ki, biz bu sahədə olan problemləri müəyyənləşdirək və Azərbaycana qarşı olan hücumların, cəmiyyətdə baş verən proseslərin yanlış qiymətləndirilməsinin qarşısını necə ala biləcəyimizi müzakirə edək. Bu, bütün dünyada idarəolunmaz prosesdir və həmin məsələlər dünyada media qurumlarının etik normalara əməl etməyə çağırışı ilə tənzimlənir. Azərbaycanda da həmin təcrübə geniş yayılıb.
Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması hər iki tərəf üçün maraqlıdır. Bununla Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının əhatə dairəsi genişlənir. Eyni zamanda naxçıvanlı jurnalistlərin dünyada baş verən prosesləri daha yaxından izləyə bilməsinə geniş şərait yaranacaq. Beləliklə də, Naxçıvan mediası dünya mediasının tərkib hissəsi olaraq daha da inkişaf edəcək.
Onu da deyim ki, Naxçıvandakı media qurumları ilə tanışlıq zamanı kifayət qədər yeniliklərlə qarşılaşdıq. Universitetdə tələbələrlə görüşdə onların aktivliyini gördük. Müvafiq ixtisasların dövlət qurumlarına hamiliyə verilməsinin, tələbələrin bu qurumlarda təcrübə keçmələrinin onların ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynayacağını düşünürəm.
Umud Rəhimoğlu – Azərbaycan Mətbuat Şurasının sədr müavini: – Konfransda imzalanan memorandum media nümayəndələrinin, jurnalistlərin beynəlxalq qurumlara inteqrasiyasında önəmli rol oynayacaq.
Naxçıvanın bugünkü vəziyyəti, istər iqtisadi baxımdan, istərsə də Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarının inkişafı ilə bağlı deyiləcək söz kifayət qədərdir, səfər etdiyimiz yerlərdə bunun əyani şahidi olduq. Düşünürəm ki, qədim diyar son on il ərzində böyük tərəqqi prosesi keçib. Xarici ölkələrdən olan həmkarlarımız da buna heyranlıqlarını ­bildirdilər.
Yeri gəlmişkən deyim ki, Naxçıvanda xidmət edən əsgərlərimiz üçün yaradılan müasir infrastrukturun da şahidi oldum, isti su, normal temperaturda və təmiz şəkildə göz­oxşayan yataqxanalar gördüm və çox qürurlandım. Ümumiyyətlə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının güclü, dəyanətli olması bütünlüklə ölkəmizin qüdrətli olması deməkdir. Təbii ki, bu inkişafın lazımi səviyyədə tanıdılması işində jurnalistlərin üzərinə məsuliyyətli vəzifə düşür. Bu şərəfli missiyanın yerinə yetirilməsində dəyərli həmkarlarıma müvəffəqiyyətlər arzulayıram.
Nick Nvolisa – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü, Nigeriya vətəndaşı: – Naxçıvanla qısa tanışlığım müddətində gördüklərim indiyədək heç yerdə rastıma çıxmayıb. Bütün sahələrdə inkişaf, tərəqqi hökm sürür. Duzdağ Fizioterapiya Mərkəzi inanılmaz möcüzəli bir məkandır. Bu səhiyyə müəssisəsi barədə sosial şəbəkələrdən, internet portallarından oxumuşdum. Ancaq, necə deyərlər, oxumaq ayrı, gözlə görmək ayrı.
Onu da qeyd edim ki, Naxçıvanda medianın inkişafı üçün böyük işlər görülüb, bu sahədə yeniliklər məni heyrətləndirdi. İstərdim ki, öz vətənimdə də bu yeniliklərdən istifadə olunsun. Gənc kadrların işə həvəslə can yandırması, böyük şövqlə bizimlə ünsiyyət qurması məni çox sevindirdi. Qısa müddət ərzində Naxçıvanın bir sıra yerlərində olsam da, buranı tam tanımağım üçün yetərli deyil. Gələcəkdə yenə buraya üz tutmaq niyyətin­dəyəm. Naxçıvanı hər zaman xoş xatirələrlə xatırlayacağam.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR