09 Dekabr 2019, Bazar ertəsi

Ömrün 365-lərini  60 dəfə  yaşayan, bu 60-ların içərisinə neçə-neçə  baharlardan təravət, yaylardan hərarət, payızlardan çiskin, qışlardansa bəyazlıq qataraq onu duyğulu, həssas jurnalist ömrünə çevirən Muxtar Məmmədovdan  sizə danışmaq istəyirəm. Müəllimdir Muxtar müəllim‑Azərbaycan dili və ədəbiyyat müəllimi. Uzun illər müəllim işləyib. Lakin  istər müəllim, istər həkim, istər mühəndis  ol, o qəlbə ki, ədəbiyyat hakim kəsilir,  ürək səni vadar edir ələ qələm almağa... Muxtar müəllim kimi. 18 il öncədən də  imzaları ilə tanınan  bu ədəbiyyat vurğunu  düz 18 ildir ki,  muxtar respublikanın  aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində çalışır, yazır-yaradır. Oçerk, məqalə, müsahibə, reportaj, esseləri ilə  lap çoxdan oxucularının qəlbində sözdən bir yuva qurub, bu yuvaya onların   sevgisini, məmnuniyyətini sığdırmaqdadır.

Muxtar müəllimi uzaqdan tanıyırdım, lakin iki ildir ki, lap yaxından tanıyıram-“Şərq qapısı” qəzetində çalışmağa başlayandan. Hər gün səhər işə gələndə onun otağının qarşısından keçərkən ayaq saxlayıb salamlaşmağı özümə borc bilmişəm. Axı o qapının ağzından biganə ötmək olmazdı. Çünki o otaqda mətbuatımızın qocamanı, qəzetimizin  ağsaqqalı əyləşirdi. Bu iki ildə o qapının önündən keçərkən hər dəfə  Muxtar müəllimin mütaliə etdiyini, qəzet oxuduğunu görmüşəm. Öz qəzetimizlə yanaşı, ölkə qəzetlərini. Sonralar  bildim ki, Muxtar müəllim hər dəfə işə gələndə  köşklərdən özü üçün qəzet alır. İndiki dövrdə çox maraqlıdır, deyilmi? Daha doğrusu, müasir dövrümüzdə belə insanlara çox az-az rast gələrik, desəm, daha doğru olar. Günlərin birində isə Muxtar müəllimin otağında olarkən masasının üstündəki qəzetlərdə yazıların bəzi cümlələrinin altından xətt çəkildiyini də gördüm. Deməli, Muxtar müəllim onu düşündürən, özü üçün maraqlı olanları işarəliyir. Bir neçə dəfə ondan aldığım kitablarda da bu işarələri görmüşəm. Bax, söylədiyim bu kiçik nüans elə bilirəm Muxtar müəllimin necə bir ziyalı olduğundan söhbət açır.

 Qələm  ömür yonqarıdır. Sən düşündükcə o yazır, yazdıqca da yonulur. Yonulduqca  da  ömrü  yonur. Ona görə deyirlər ki, jurnalistlik  ağır peşədir. Ömrünü mətbuata verənlər güclü insanlardır. Güclü  olduqları qədər, həm də  həssas, duyğulu insanlardır.  Elə Muxtar müəllim kimi... Ömrünün yarıdan çoxunu  qələmə sarılan bu insan  çox güclüdür, hər yükdən ağır söz yükünün altına çiyinlərini verdiyi üçün. Çox həssasdır, duyğuludur, ətraf aləmdəki olanları gözəl müşahidə edib yazılarında sətirləyəndir. Muxtar respublikamızı qarış-qarış gəzib abad, gözəl şəhər, kənd və rayonlarımızın sosial-iqtisadi, mədəni həyatını yazılarına köçürəndir. Milli dəyərlərimizin, adət-ənənələrimizin çox yaxşı  bilicisi olduğu üçün onları bu gündən sabaha daşıyandır.

Sizə kimdən danışım?  Naxçıvanı dünyası sayan, yurduna böyük sevgiylə bağlı olan,  muxtar respublikamızda neçə-neçə jurnalistin əlindən tutub yazmağı öyrədən, bu gün yetirmələrinin hər birini yüksək vəzifələrdə görməsi, güclü qələm sahibi olmaları  ilə öyünən, bir məktəb olan “Şərq qapısı” qəzetinin baş müəllimi Muxtar Məmmədovdan danışım.  Redaksiyamızın arxivindəki  son 18 illik qəzet  səhifələrini duyğusu, düşüncəsi, fərqli  yanaşma tərzi, təhlilləri ilə maraqlı, oxunaqlı edən Muxtar müəllimdən danışım. Qəzetimizdə məsul katib vəzifəsini layiqincə icra edən, gözəl və yerində olan redaktələri ilə yazıları bir qədər də rövnəqləndirən Muxtar müəllimdən.   

Bu gün ömrünün 60-cı pilləsində dayanan, əlini uzadıb ağ buludlardan rəng alıb  saçlarına çəkən Muxtar müəllim kollektivimizin dəyərli  ziyalısı, ağsaqqalıdır. Bu gün  əlinə qələm almaq istəyən gəncliyin ona böyük ehtiyacı var.  Buna görə də Muxtar müəllimə bütün kollektivimiz adından uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayıram. 60 yaş nədir ki? Hələ Muxtar müəllim neçə-neçə 365-lərlə ömrünü təravətləndirəcək, bizə ömrünün 70, 80, 100-lərini qeyd etməyi bəxş edəcəkdir. Muxtar müəllim, həmişə bizimlə olmaq diləyilə...

                                                                           Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR