09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən Sədərək rayonunda mərkəzi stadionun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi Naxçıvanda idmana, idmançılara göstərilən qayğının növbəti töhfəsidir.

Stadionun açılış mərasimində çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri bu rayonu da əhatə edib. Sədərəkdə yeni inzibati binalar, idman və digər infrastruktur obyektləri tikilərək istifadəyə verilib. Bütün sahələrdə olduğu kimi, rayonumuzda idmana xüsusi diqqət və qayğı ilə yanaşılır. Ümumiyyətlə, muxtar respublikamızın şəhər və rayonlarında, kəndlərində mütəmadi olaraq yeni idman obyektləri, stadionlar tikilərək gənclərimizin ixtiyarına verilir. Rayon mərkəzi stadionunun yenidən bərpası burada uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Eyni zamanda yenidən təmir olunan stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, muxtar respublikada aparılan uğurlu idman siyasəti, yaradılan müasir infrastruktur burada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. İdmançılar üçün yaradılan şərait onların hər bir yarışda uğur qazanmasına zəmin yaradır. Təbii ki, bunun əsas səbəblərindən biri də şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd­lərdə də idman obyektlərinin tikilib istifadəyə verilməsidir.
Sonda Azad Cabbarov yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Kənd sakinlərindən Arif Qasımov və Samil Hüseynov isə çıxışlarında idmana göstərilən qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatının (Region Liqasının Naxçıvan Muxtar Respublika zonası) növbəti turu çərçivəsində “Sədərək” və “Kəngərli” komandaları meydana çıxıblar. Görüş “sülh”lə başa çatıb – 2:2.
Qeyd edək ki, uzunluğu 110, eni isə 70 metr olan təbii ot örtüklü stadionun ərazisində 120 nəfərlik müasir oturacaqlar quraşdırılıb. Stadionun ərazisində futbolçular üçün soyunub-geyinmə otaqları, hakim və həkim otaqları, hamamlar tikilib. Bununla yanaşı, stadionun ərazisində basketbol meydançası da inşa edilib və idman qurğuları quraşdırılıb, stadionun ətrafında olan ad göstəriciləri yenilənib. Burada muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR