07 Dekabr 2019, Şənbə

Noyabrın 17-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə Nuh Peyğəmbərin türbəsini ziyarət edib.
Burada məlumat verilib ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi qeyd edib, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavin, rus tədqiqatçılarından İ.Şopen, V.M. Sısoyev və K.N.Smirnov, XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar veriblər. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn qonağa məlumat verilib ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala 2010-cu ildə bərpa olunub. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Buradakı eksponatlarla yaxından tanış olan Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş kompleksdəki məhkumların əl işlərinin satışı mağazasında da olub, buradan bir neçə əl işi də alıb.
Qonaq Naxçıvan şəhərində tikilən yeni məscid kompleksində aparılan işlərlə də tanış olub. Məlumat verilib ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə eyni vaxtda 2 min nəfərin ibadət edə biləcəyi məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati bina və mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. Məscidin 40 metrlik iki minarəsində və 12 metrlik 15 günbəzində də son tamamlama işləri görülür.
Sonra qonaq Naxçıvan şəhərindəki görkəmli türk hərbçisi və siyasi xadiminin xatirəsinə inşa olunan Kazım Qarabəkir məscidinə gəlib. Əli Erbaş burada Naxçıvanda yaşayan Türkiyə vətəndaşları və yerli sakinlərlə görüşüb. Diyanət İşləri Başqanı məsciddə xütbə oxuyub, sakinlərlə birlikdə namaz qılıb.

Sonra Əli Erbaş Məhəmməd Peyğəmbərin mövlud gününə həsr olunan “Mövlud həftəsi – 2019” tədbirində iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, bu gün 240-a yaxın din xadiminin fəaliyyət göstərdiyi muxtar respublikada islami dəyərlərə ehtiram, dini dəyərlərimizin qorunub yaşadılması, dindarlar üçün yaradılan şərait yüksək səviyyədədir və bu, cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. 2015-ci ildə “Naxçıvan” Universitetində Xarici dillər fakültəsinin nəzdində İlahiyyat kafedrası fəaliyyətə başlayıb. Bu da dinşünaslıq üzrə kadr hazırlığına böyük töhfə verir.
Türkiyə Respublikasının Diyanət İşləri Başqanı “Məhəmməd Peyğəmbər və ailə” mövzusunda çıxışında dinimizdə ailəyə və ailə dəyərlərinə verilən önəmdən ətraflı danışıb. Tədbirdə ehsan süfrəsi açılıb, dini ayinlər icra olunub, iştirakçılara hədiyyələr təqdim edilib.

Daha sonra qonaq Duzdağ Fizioterapiya Mərkəzinə gəlib. Məlumat verilib ki, bu il yaradılmasının 40 illiyi dövlət səviyyəsində qeyd olunan, müasir səhiyyə infrastrukturuna malik mərkəzə son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri gələrək müalicə alırlar.

* * *

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvanla yaxından tanış olmaq, burada Məhəmməd Peyğəmbərin mövlud gününə həsr olunan “Mövlud həftəsi – 2019” tədbirində iştirak etmək, naxçıvanlı qardaşlarımızla birlikdə Peyğəmbərimizin ailə dəyərlərinə verdiyi önəmi müzakirə etmək mənim üçün çox xoşdur.
Biz Məhəmməd Peyğəmbərin insanlığa qazandırdığı bütün dəyərləri yenidən xatırlamaq və xatırlatmaq istəyirik, çünki o, İslamda hər mövzuda ən yaxşı örnək olaraq xatırladılır”.
Əli Erbaş Naxçıvanı tanımaqdan çox böyük məmnunluq hissi keçirdiyini bildirərək deyib: “Naxçıvan həm coğrafi yerləşməsi, həm də insanlarının qonaqpərvərliyi və xeyirxahlığı baxımından çox xoşuma gəldi. Burada sabitliyin bərqərar olması, müxtəlif sahələrdəki inkişaf prosesi, dini dəyərlərə hər kəsin sevgi və ehtiramla yanaşması məni hədsiz sevindirdi”.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR