10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanında düşüncələr

Naxçıvan şəhərinin müqəddəs bir məkanındayam – Dövlət Bayrağı Meydanında... Milli rəmzlərimizə böyük sevgi və dərin ehtiramın ifadəsi kimi bu meydan istifadəyə veriləndən həmişə insanlarla dolu olur. İlin bütün fəsillərində, qışın qarında, çovğununda qəlbimizə hərarət, yayın istisində bir ürək sərinliyi bəxş edir yurddaşlarımıza. Ölkəmizin digər bölgələrindən, yaxın və uzaq xarici ölkələrdən gələn qonaqlar da bu ünvanı böyük həvəs və maraqla ziyarət edirlər. Meydandan ətrafa, üzüaşağı baxanda qarşımızda qədim Naxçıvanın müasirliklə vəhdətdə olan panoramı açılır. Gözəllik qarşısında qalırsan. Ülvi bir gözəllik səni ovsununa alır. Buraya müqəddəslik qazandıran isə meydanda gecə-gündüz dalğalanan üçrəngli bayrağımızdır.

Bura ağsaqqallar da, gənclər də, uşaqlar da gəlirlər. Çünki bu meydan hər bir naxçıvanlıda qürur yaradan məkandır. Yadıma tanınmış şairimiz Asim Yadigarın bayrağımızla bağlı qələmə aldığı silsilə şeirlərdən biri ­düşür:

Odlar yurdu eşqinlə çiçək açır, gül açır,
Şirindilli körpələr “Bayraq” – deyə dil açır,
Şəfəqin hər ölkəyə, hər qitəyə nur saçır,
Dostlar baxıb sevinir, qara geyinir yağı –
Azərbaycan bayrağı!

Bu gün sənin ad günündür, mənim əziz bayrağım! Göylü, qırmızılı, yaşıllı bayrağım! Göylərə ucalan bayrağım! 70 il səni bizdən alsalar da, Dahi Azərbaycanlı Heydər Əliyev səni özümüzə qaytardı. Sənə yeni həyat verdi. 70 il sənsiz qalmış Azərbaycan səması səni bağrına basdı. 70 ildən sonra sən yenə göylərdəsən. Naxçıvan torpağından səmaya qalxmağın isə hər bir naxçıvanlıya ikiqat sevinc yaşadıb. Azərbaycan durduqca, bu sevinc də yaşanacaq:

Kölgəndən qorxanları
Yandırdı için-için.
Ulu Heydər ucaltdı
Səni yaşatmaq üçün –
Azərbaycan bayrağı!

Müxtəlif dövlətlərin səmalarında da səni tez-tez görürük, fəxr edirik, qürur duyuruq varlığınla! Bizimlə bir olmağınla! Müstəqilliyimizin, azadlığımızın, dinimizin, inkişafımızın, tərəqqimizin rəmzisən, sən!
Həmişə buraya üz tutanda artıq haqq dünyasına qovuşmuş bir el ağsaqqalının söhbətini xatırlayıram. Deyirdi ki, uşaq idim. Evimizdə Novruz bayramına hazırlıq görülürdü. Zirzəmidə gözüm qatlanmış şəkildə taxçaya qoyulmuş bir parçaya sataşdı. Təəccübləndim ki, bunu nə vaxt və kim buraya gətirib qoyub? Axı hər gün bir neçə dəfə girirdim bu zirzəmiyə. Zirzəminin taxçasında az-az işlətdiyimiz məişət əşyaları qoyulardı. Nə isə. Əlimi uzadıb parçanı götürdüm. Göy, qırmızı, yaşıl zolaqları, üstündə aypara və səkkizguşəli ulduz şəkli olan parça idi. Tez yuxarıya – evə çıxdım. Elə qapı ağzında nənəmlə üz-üzə gəldim: – Ay nənə, bu nədir? – deyə soruşdum. Nənəm əlimdəki parçanı görüb bir qədər duruxdu. Bu, bir an çəkdi. Nənəm anamı çağırıb parçaya işarə edərək: – Apar yerinə qoy, – dedi. Üzünü mənə tutaraq: – Böyüyəndə bilərsən o nədir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində ümummilli liderimizin sədrliyi ilə keçirilən sessiyada 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı zala gətiriləndə artıq nənəm həyatda yox idi, dünyasını ­dəyişmişdi.
Sessiyadan bir gün sonra anamın uşaq vaxtı zirzəmidən götürdüyüm o bayrağı ütülədiyini görəndə nənəmin sözlərini xatırladım. Elə bil ki, anam da ürəyimdən keçənləri başa düşürmüş. Elə onda öyrəndim ki, bu bayraq babadan oğula, oğuldan nəvəyə... ötürülə-ötürülə saxlanılıb. Ancaq üzə çıxarmayıblar. Ovaxtkı rejim buna imkan verməyib.
Həmin gün, həmin an sessiya iştirakçılarının, sessiyanı televiziya kanalı ilə izləyənlərin baxışlarını xəyalımda canlandırmağa çalışıram. O baxışlardan “oxuduqlarımı” göz önünə gətirmək istəyirəm. O gün Naxçıvanda bayram sevinci yaşandı, bayraq sevinci yaşandı. Bu sevinci 29 ildir ki, yaşayırıq, həmişə yaşayacağıq.
... Meydanı gəzə-gəzə bu milli rəmzimizlə bağlı son illərdə görülən işləri xatırlayıram. Elə bu meydan və burada yaradılmış muzey, bölgələrimizdə istifadəyə verilən bayraq meydanları bu gün hər bir azərbaycanlının ən çox üz tutduğu ünvandır.
2014-cü ilin 17 noyabrı. O gün qədim Naxçıvan torpağında daha bir təntənə yaşadıq, tariximizə qızıl hərflərlə yazıldı: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən möhtəşəm bir Sərəncam imzalandı. Sərəncama əsasən noyabr ayının 17-si hər il Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dalğalanır bayrağım, köksümə sığmır ürək,
Qəlbim toy libasında, bu toyu çaldıran var.
Öz-özünə qalxmayıb, ucalmayıb o bayraq O bayrağı bayraqtək ucaldan, qaldıran var.
Yuxarıda da dediyim kimi, tez-tez ziyarət etdiyimiz bu məkanda bir ünvan da var: Muxtariyyətdən sonra Naxçıvan səmasında dalğalanan bayraqlarımızın qorunduğu muzey. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm: Artıq neçə ildir ki, muxtar respublikamızda dövlət qulluğuna yeni işə qəbul olunan gənclər bu muzeydə dövlətimizə, dövlətçiliyimizə, bayrağımıza sadiq olacaqlarına and içirlər.
Daha bir qürur ünvanımız: Dünyanı lərzəyə gətirən Teymurləngin qoşunlarının 14 il mühasirədə saxlayaraq ala bilmədikləri Əlincəqala! Səni o möhtəşəmliyə qaldıranların bu torpağa bağlılıqları artıq bütün dünyaya yayılıb – neçə ildir ki, sən məğrur-məğrur Əlincəqalada dalğalanırsan. Yaxın-uzaq ellərdən Naxçıvana gələnlər, buranı ziyarət edənlər təəccüblərini gizlədə bilmirlər. Belə yurd sevgisini, milli rəmzlərə böyük məhəbbəti yüksək dəyərləndirirlər.
Bütün bunlar dövlətçiliyimizin intişar tapdığı qədim Naxçıvan torpağında dövlət rəmz­lərini uca tutmağın təzahürü, dünəni yaşatmaq, sabaha ötürmək amalıdır.
Dalğalan uca səmalarda, bayrağım
mənim, vüqarım mənim!

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR