10 Dekabr 2019, Çərşənbə axşamı

Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas noyabrın 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazır­lanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə maraqlanan qonağa bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.
Diplomat “Gəmiqaya Mebel Fabriki” MMC-də də olub. Müəssisədə məlumat verilib ki, burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.
Səfərin ikinci günündə diplomat Naxçıvan Dövlət Universitetində olub, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Litva-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.
Səfir Duzdağ Fizioterapiya Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey və “Naxçıvan­qala” Tarix-Memarlıq Muzey kompleksləri, Naxçıvan Dövlət Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi ilə də tanış olub.
Noyabrın 15-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Eqidius Navikas “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışaraq deyib: – Mən Litvanın Azərbaycandakı səfiri kimi fəaliyyətimə sentyabr ayında başlamışam və bu, Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Naxçıvana gəlişimin məqsədi qarşılıqlı maraqdoğuran məsələləri müzakirə etmək və gələcək əlaqələrimizin perspektivliyini öyrənməkdir.
Səfir qeyd edib ki, qısa səfərim çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirdim, qabaqcıl sənaye müəssisələri ilə tanış oldum, iki-tərəfli əlaqələrimizin inkişafı üçün geniş imkanların mövcud olduğunu gördüm. Görüşlərdə, əsasən, iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri barədə müzakirələr apardıq. Düşünürəm ki, Litva ilə muxtar respublika arasında iqtisadi, mədəni, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı hər iki tərəf üçün faydalı olacaqdır.
Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşünün də maraqlı keçdiyini deyən səfir bildirib ki, gələcəkdə muxtar respublika ilə təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin, eyni zamanda müəyyən istiqamətlər üzrə əlaqələrin inkişafı mümkündür.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR