10 Dekabr 2019, Çərşənbə axşamı

Bələdiyyə seçkiləri - 2019 

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!
Azərbaycan Respublikasında bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin qeydə alınması və namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinə müvafiq olaraq aşağıdakı qaydada tənzimlənir.

Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün seçki sənədlərinin
təqdim edilməsi

Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün namizəd və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 1800-dək dairə seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. Seçici imzalarının toplanması haqqında yekun protokolunun 2 nüsxəsi;
3. Namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. Namizədin seçkilər təyin edildiyi gündən əvvəlki birillik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə ­məlumat;
5. Gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
6. Namizədə məxsus əmlak barədə tərtib edilmiş məlumat;
7. Seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlarda göstərilməklə, namizədin ilkin maliyyə ­hesabatı.
Müvafiq dairə seçki komissiyası imza vərəqələrini və onlara əlavə edilməli olan sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 1800-dək qəbul edir. Həmin müddətdən sonra təqdim olunan imza vərəqələri və onlara əlavə edilməli olunan sənədlər qanunla müəyyən edilmiş müddətdə verilmiş müvafiq sənədlərin doğurduğu hüquqi nəticəni yaratmır. Dairə seçki komissiyası bu halı öz qərarı ilə ­rəsmiləşdirməlidir.
Dairə seçki komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələrinin sayının seçici imzaları toplanmasının yekunu haqqında protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul edilmiş seçki sənədlərinin, eləcə də imza vərəqələrinin və imza vərəqələrindəki imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Arayış dairə seçki komissiyasının sədri və üzvlərindən biri, həmçinin sənədləri təqdim edən şəxs tərəfindən imzalanıb, dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir.
Arayışın bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.

Bələdiyyə üzvlüyünə namizədin
qeydə alınması

– Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
– Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.

İmtina üçün aşağıdakılar əsas ola bilər:

– Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər;

Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları eydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər.

– Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün təqdim olunmalı sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;
– Namizədlərin, təqdim etdikləri məlumatların düzgün olmaması;
– Namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;
– Namizədin, siyasi partiyanın, seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);
– Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq-mühafizə orqanlarına göndərir;
Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, Seçki Məcəlləsinin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış
namizədin vəkil edilmiş şəxsləri

Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və ­verilmə tarixi göstərilməlidir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası
tərəfindən qeydə alınır.

Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.

Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə
məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilərlər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.
Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə Seçki Məcəlləsinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, Seçki Məcəlləsinin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin statusunun itirilməsi ilə başa çatır.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR