08 Dekabr 2019, Bazar

Noyabrın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında vurğulayıb ki, cari il iyun ayının 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Dövlət Baş Sığorta Agentliyinə muxtar respublikada sığorta işini təkmilləşdirməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsini genişləndirməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması tapşırığı verilib. Qeyd olunub ki, buna görə də qüvvədə olan mövcud qanunlara əsasən hər bir vətəndaş və sahibkar sığorta işinə ciddi yanaşmalıdır. Belə ki, hər bir şəxs vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, müəssisə əmlakına avtomobillərə dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaranır.

Bildirilib ki, müasir dövrdə muxtar respublikada sosial-iqtisadi və mədəni sahədə yüksələn inkişaf dinamikası sığortaya olan tələbi daha da artırıb. Sığortaya olan marağın artmasında vətəndaşların qarşılaşdığı gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərə görə aldığı sığorta ödənişlərinin əhəmiyyəti böyükdür. Qeyd olunub ki, muxtar respublikamızda əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir.

Baş direktor diqqətə çatdırıb ki, baş vermiş sığorta hadisələrinin vurduğu maddi zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir. Bunun üçün də sığorta sahəsində geniş izahat-maarifləndirmə işlərinin aparılmasının zəruri olduğu vurğulanıb. Ötən dövrdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işləri təhlil edən baş direktor qeyd edib ki, sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində cari ilin 10 ayında, ümumilikdə, 16 min 920 sığorta müqaviləsi bağlanılıb. Bildirilib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətin icbari qaydada sığortalamalıdır. Həmçinin ev əmlakı sığortası, fərdi qəza sığortası və digər könüllü sığorta növlərinin də əhəmiyyəti qeyd olunaraq bu sahədə işlərin genişləndirilməsi zərurəti vurğulanıb.

Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərlə bərabər, müxtəlif sığorta növləri üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslərin mövcud olduğu bildirilib. Qeyd olunub ki, ölkəmizdəki mövcud qanunlara əsasən icbari qaydada sığortalanan hər bir sığorta obyekti sığortaya cəlb olunmalıdır. Baş direktor bildirib ki, qarşıya qoyulmuş vəzifə bu sahədə maksimum nəticə əldə olunması, əhali arasında sığorta mədəniyyətinin daha da yüksəldilməsi və bu sahədə kütləviliyin təmin olunması üçün səylərin daha da artırılmasıdır.

Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Rəşadət Əliyev, Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi rəisinin müavini, daxili xidmət mayoru Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti üzrə məlumat veriblər.

Sonda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirə yekun vuraraq şəhərdə sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib. 

Əli CABBAROV

 

 

 

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR