19 Noyabr 2019, Çərşənbə axşamı

Oktyabr ayı Babək rayonunun tarixində xüsusi yer tutur. Ona görə ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində 1978-ci il oktyabr ayının 23-də bu rayon təşkil olunub və ötən il həmin tarixi hadisənin 40 illiyi geniş abadlıq-quruculuq işləri ilə qeyd edilib. 2019-cu ilin oktyabr ayı da Gülşənabad kəndinin abadlaşdırılması, həmin yaşayış məntəqəsində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yadda qaldı. Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan və 600-dən çox sakinin yaşadığı Gülşənabad bu gün, sözün həqiqi mənasında, gülüstana çevrilib, müasir kəndlər sırasına daxil olub.

Gülşənabadda qurulub-yaradılanlar barədə efirə təqdim olunan videomaterial Cəhriçay üzərində yerləşən və yenidənqurmadan sonra istifadəyə verilən körpü ilə bağlı kadrlarla başlanmışdı. Bu görüntü məni qeyri-ixtiyari olaraq cari ilin mart ayına aparmışdı. Körpünün adını əbəs yerə çəkmirəm. Çünki həmin vaxt kənddəki quruculuq işlərinin aparılması ilə bağlı material hazırlamaq üçün Gülşənabada gedəndə inşaatçılar məsləhət gördülər ki, körpünün təmirinə başlanılıb və hələlik alternativ yoldan istifadə etmək lazımdır. Sovet dönəmində salınan körpü istismar müddətini başa vurduğundan olduqca təhlükəli vəziyyətdə idi. İndi bu körpünün üzərində dayanıb gülşənabadlı 70 yaşlı Məhərrəm Zeynalovla söhbətləşirəm. El ağsaqqalının dediklərindən: – Gənclik illərimiz ovaxtkı idarə, müəssisələrin qabağında dayanıb xahiş-minnət etməklə keçdi. İstəyimiz bu idi ki, kaş günlərin bir günü kəndimizdəki körpünü, məktəbi, mədəniyyət evini təmir etdirməli olan təşkilatların rəhbərləri bir balaca imkan tapıb gələlər kəndə, götür-qoy edələr və bizə bir gün ağlayalar. Amma arzularımız həyata keçmirdi ki, keçmirdi. Hərdən öz-özümə düşünürdüm ki, bu neçə ildə gəlməyiblərsə, heç bundan sonra da gələn deyillər... Əslində, zənnim məni yanıltmamışdı. 70 il hökmranlıq edən bir imperiya dövründə Naxçıvanın hansısa balaca bir kəndində tikinti aparmaq, şərait qurmaq heç də yuxarı dairələrin marağında deyildi. Bunu ancaq müstəqil və vətəndaşına qayğı ilə yanaşan bir dövlət edə bilərdi. Sovet hakimiyyətinin Gülşənabadda tikmədiyi körpünü, məktəbi müstəqil dövlətimiz bir neçə aya tikdi. İndi kəndimizdə nə yoxdur ki?! Nəvələri müasir məktəbdə oxuyan bir baba, yaradılanlardan istifadə edən kənd sakini kimi Ali Məclisin Sədrinə dərin minnətdarlığımı ­bildirirəm.

Kənd məktəbi pedaqoji kollektivin, şagirdlərin, həm də valideynlərin uzun illər ən çətin sosial problemlərindən biri olub. Məktəbin şəraiti dursun bir yana, ibtidai təhsil ocağı olduğu üçün dördüncü sinifdən sonra şagirdlər qonşu Cəhri kəndindəki məktəblərə üz tuturdular. Yayın istisi, qışın soyuğunda bu həm valideynlər, həm də uşaqlar üçün əlavə problem demək idi. Cari tədris ilinə qədər ibtidai məktəb kimi fəaliyyət göstərən təhsil ocağı Ali Məclis Sədrinin tapşırığı ilə ümumi orta məktəbə çevrilib. Bu isə məktəbin həm müəllim, həm də şagird sayının artmasına səbəb olub. Direktor Vüsal Tağıyev deyir ki, əvvəllər məktəb binası (əgər buna bina demək mümkün idisə...) 4 otaqlı köhnə tikilidən ibarət idi. Payız-qış aylarındakı yağışlı havalarda isə ən məşəqqətli günlərimizi yaşayırdıq. İndi məktəbimizdə işə yeni qəbul olunan müəllimlər, yaxşı ki o çətin günləri görməyiblər.
Kənd sakinləri ilə keçirilən görüş­də Ali Məclisin Sədri çox mühüm bir məqama toxunaraq dedi ki, kənd getdikcə böyüyür, təsərrüfatların sayı artır. Belə olduğu təqdirdə gələcəkdə Gülşənabad ayrıca inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, təhsil ocağı isə tam orta məktəbə çevrilə bilər. Düşünürəm ki, kənddə aparılan abadlıq-quruculuq işlərindən sonra Gülşən­abad daha da böyüyəcək, məktəbin şagird kontingenti də artacaq.

Məktəbin yanında kənd və xidmət mərkəzləri sıralanıb. Bu an redaksiyamızın arxivində saxladığımız və Gülşənabad kəndindəki məktəbin, feldşer-mama məntəqəsinin, mədəniyyət evinin və digər dövlət qurumlarının yerləşdiyi köhnə tikililərin fotolarını xatırlayıram. Fərqi izah etməyə söz tapa bilmirəm və qərara gəlirəm ki, həmin kadrları oxucularımıza da təqdim edim. Qoy qiyməti onlar versin. Görsünlər ki, kiçik Gülşənabad necə böyük bir inkişaf yolu keçib. Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Firəddin Əliyevin fikirlərini bu məqamda çatdırmaq yerinə düşər: Gülşənabad ötən ay Naxçıvanın abad kəndləri siyahısına adını yazdırdı. Muxtar respublika rəhbərinin iştirakı ilə kənddə bir gündə 3 yeni sosial obyekt və kənd yolu istifadəyə verildi. Sizi inandırım, Gülşənabadın bugünkü siması xəyalımızda canlandırdığımız görkəmindən qat-qat gözəldir. Hər yerdə, hər məhəllədə abadlıq, səliqə-sahman yaradılıb. Kəndə 1900 metr uzunluğunda yeni içməli su xətti çəkməklə, evlərin su təminatını yaxşılaşdırmaqla, körpünü yenidən inşa etməklə sosial problemlərimizin kökünə “balta vuruldu”. Qurub-yaradanlar, var olun!

Kəndin təsərrüfat həyatı ilə də ətraflı maraqlanıram. Həmsöhbətim deyir: – Bilirsiniz, Gülşənabad camaatı zəhmətkeşdir, torpağa bağlıdır. Son illər burada arıçılıq, heyvandarlıq və ailə təsərrüfatları xeyli inkişaf etdirilib. Məsələn, bu yaxınlarda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına həmkəndlimiz Məmməd Məmmədov müxtəlif turşular, müalicəvi otlar, qurudulmuş meyvələr, irili-xırdalı 700-ə yaxın qoyun-quzu saxlayan Qaçay kişi isə Naxçıvan qovurması, ev şəraitin­də hazırlanmış müxtəlif çeşiddə süd məhsulları çıxarmışdı. Vidadi müəllim bu il yeni meyvə bağı salıb, arı ailələrinin sayını artırıb. Bu gün gülşənabadlılar kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yetərincə bəhrələnirlər.
Deyirlər, şəhərin böyüyündə, kəndin kiçiyində yaşa. Fikrimcə, bu deyimin Naxçıvanla heç bir əlaqəsi yoxdur. Çünki bu gün qədim diyarın istər dağında, istər aranında, istərsə də böyük, balaca kənd və şəhərində yaşamaq eyni dərəcədə gözəldir. Onların hər birində insanın firavan yaşaması üçün istənilən şərait var. Elə Gülşənabaddakı kimi...

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR