12 Noyabr 2019, Çərşənbə axşamı

Bələdiyyə seçkiləri - 2019

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!

– Azərbaycan Respublikasında bələdiyyə seçkilərində siyasi partiya və siyasi partiyaların blokları tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin irəli sürülməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü, 212-ci və 214-cü maddələri ilə tənzimlənir.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı səsvermə yolu ilə kollegial qaydada qəbul edir.

– Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd və ya namizədlər bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
– Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:
a) iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
b) siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;
c) namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
ç) qərarın qəbul edilməsi tarixi.
Siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- Siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
- Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
- Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;
- Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bildirişin surəti dairə seçki komissiyası tərəfindən təsdiq edilərək müvafiq səlahiyyətli nümayəndəyə verilir.
– Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir.

Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.

- Səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı;
- Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı.
Siyasi partiyaların səlahiyyətli orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə xitam verdiyi halda, bu barədə qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına təqdim edilməlidir. Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyanın səlahiyyətli nümayəndəsinə verilir.
Siyasi partiyalar bloku tərəfindən namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- Siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd və ya namizədləri irəli sürmək barədə ­qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
- Siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultaylarının, konfranslarının) siyasi partiyaların bloku adından namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
- Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahıları;
- Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
- Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bildirişin surəti dairə seçki komissiyası tərəfindən təsdiq edilərək müvafiq səlahiyyətli nümayəndəyə verilir.
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir.
Siyasi partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahıları;
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq məktubları.
Mərkəzi Seçki Komissiyasında qeydə alındıqları zaman, habelə qeydə alındıqdan sonra səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilibsə, siyasi partiyalar bloku da müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Bələdiyyə üzvlüyünə namizədlər gəlirlərinin miqdarı, məbləği və mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlak haqqında məlumat verirlər

Bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları:
- Namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi dairə seçki komissiyası tərəfindən namizədə və ya səlahiyyətli nümayəndəyə bələdiyyə üzvlüyünə namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
- İmza vərəqələri namizədə və ya səlahiyyətli nümayəndəyə verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə möhürlənməlidir.
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə uyğun olaraq namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilməsi barədə 2 nüsxədən ibarət akt tərtib edilməlidir. Tərtib olunmuş akt dairə seçki komissiyasının sədri, namizəd və ya səlahiyyətli nümayəndə tərəfindən imzalandıqdan sonra komissiyanın möhürü ilə təsdiqlənir.
- İmza vərəqələrini qəbul etməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin, həmçinin dairə seçki komissiyası sədrinin soyadı, adı, atasının adı, verilən imza vərəqələrinin növü və sayı göstərilməlidir.
- Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi dairə seçki komissiyasında qalır, digər nüsxəsi isə imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyə təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR