10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin 2019-cu ilin III toplanış ilkin hazırlıq kursunu bitirmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış edərək bildirib ki, son illərdə həyata keçirilən tədbirlər gənclərin müasir dünyəvi dəyərlərə uyğun, təşəbbüskar, müstəqil və mübariz ruhda tərbiyəsinə, dövlət quruculuğu işlərinə yaxından cəlb edilməsi məsələsinin ön plana çəkilməsinə xidmət edib. Daxili işlər orqanlarının fəaliyyətinə yaradılan şərait və polisin cəmiyyətdə tutduğu mövqe son dövrlər bu orqanda xidmət etmək arzusunda olanların sayını xeyli artırıb.
Qeyd olunub ki, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilən gənc əməkdaşlar qəbul edəcəkləri anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını artırmaq üçün daim öz üzərlərində çalışmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov çıxışında bildirib ki, Orta İxtisas Polis Məktəbində təşkil olunan xüsusi hazırlıq kursları səriştəli polis əməkdaşlarının yetişdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli təşkilati-hazırlıq prosesidir. Gənc polis əməkdaşlarının peşəkarlıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan məktəb muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Orta İxtisas Polis Məktəbi üçün müasir tədris kompleksinin tikilərək istifadəyə verilməsi kursantların, eləcə də sıravi və kiçik rəis heyətindən olan dinləyicilərin yüksək səviyyədə təhsil almaları ilə yanaşı, onlarda dövlətə və dövlətçiliyə sədaqət, vətənpərvərlik ruhunun gücləndirilməsində də mühüm rol oynayır.
Vurğulanıb ki, ilkin hazırlıq kursunu müvəffəqiyyətlə başa vurmuş gənc polis əməkdaşları bütün xidmətləri dövrü anda sadiq qalmalı, ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində vəzifə borclarını ləyaqətlə yerinə yetirməlidirlər.
Sonra andiçmə mərasimi başlayıb, gənc əməkdaşlar təntənəli şəkildə polis andı içiblər.
Tədbirdə polis sıravisi Pərviz Məmmədov çıxış edərək gənc polis əməkdaşları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib.
Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponatlara baxış olub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR