08 Dekabr 2019, Bazar

Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 28-31 oktyabr tarixlərdə keçirilən 37-ci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Avropa Şurasına 47 üzv dövlətin 324 seçkili nümayəndəsinin iştirak etdiyi sessiyada “Daxili yer dəyişmiş şəxslərin (məcburi köçkünlərin) himayə edilməsində yerli və regional hakimiyyətlərin rolu”, “Vergilərin ədalətli bölüşdürülməsi”, “Yerli seçkili nümayəndələrin iş şəraiti”, “Şəhərlər və kiber təhlükəsizlik”, “Avropanın gələcəyində regional meyarlar və perspektivlər”, “Sərhədsiz mədəniyyət: Avropa mədəni marşrutları”, “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri (Gündəlik 2030): regionların rolu”, “Yerlərdə dillərin istifadəsinin vəziyyəti” və digər məsələlər müzakirəyə çıxarılmışdır. Həmçinin Konqresin sessiyasında bir sıra ölkələrdə keçirilmiş seçkilərdə Konqresin seçki müşahidə missiyalarının hesabatları, yerli və regional demo­k­ratiyanın vəziyyətinə dair bəzi üzv dövlətlərdə monitorinq hesabatlarının müzakirəsi olmuşdur.
Monitorinq Komitəsinin iclasında “Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti haqqında” keçirilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edərək son illər aparılan işlərdən danışmış, iştirakçıları maraqlandıran məsələlərə və suallara aydınlıq gətirmişdir. 2020-ci ildə Azərbaycanda yerli və regional demo­k­ratiyanın vəziyyətinin monitorinqi çərçivəsində cari fəaliyyətin davam etdirilməsi qərara alınmışdır. “Daxili yer dəyişmiş şəxslərin (məcburi köçkünlərin) himayə edilməsində yerli və regional hakimiyyətlərin rolu” adlı sənədə dair müzakirələrdə isə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən sənədə dair əlavə və düzəlişlər təqdim olunmuşdur. Həmçinin ölkəmizdə məcburi köçkünlərin vəziyyəti, onlara qayğı və problemlərinin həlli ilə bağlı görülən işlər barədə nümayəndə heyətinin rəhbəri Anar İbrahimov və üzv Samirə Hüseynova çıxış etmişlər. Sənədin qətnamə və tövsiyə hissəsinin müzakirəsi zamanı bildirilmişdir ki, sənəddə yer alan bəzi ifadələr, o cümlədən “məcburi köçkünlərin uzunmüddətli inteqrasiyası” faktiki olaraq onların vəziyyətinə dair status-kvonun saxlanmasına, Azərbaycanın timsalında Dağlıq Qarabağı və ətraf əraziləri işğal altında saxlayan Ermənistanın məsələnin həllini dondurmasına xidmət edir. Azərbaycan nümayəndə heyəti sənədə “müvəqqəti inteqrasiya” və bir sıra digər əlavələr təklif etmişdir. Müzakirələrin nəticəsi kimi bu tip müddəaların sənəddən çıxarılmasına dair məruzəçilərin təqdim etdiyi kompromis variant qəbul olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva “Ombudsman institutunun himayəsində prinsiplər (Venesiya prinsipləri)” sənədinin müzakirəsi zamanı çıxış edərək yerli və regional səviyyədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin faydasından, eləcə də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 2005-ci ildən etibarən təsis edilmiş Ombudsman institutunun fəaliyyətindən danışmış, insan hüquqlarının qorunması üçün lazımi qanun­ve­ricilik bazasının yaradıldığını qeyd etmişdir.
Azərbaycan nümayəndə heyəti “Türkiyədə yerli və regional demokratiyanın vəziyyəti” barədə məsələnin müzakirəsində fəal iştirak etmiş, həm sənədə dair əlavələrin təqdimatında, həm də müzakirələrin gedişində qardaş ölkənin maraqlarının müdafiəsində mövqe nümayiş etdirmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov bir sıra dövlətlərin və onların təmsilçilərinin yerli seçkiləri bəhanə gətirərək Türkiyəyə qarşı nümayiş etdirdikləri ədalətsiz mövqeyin qəbuledilməzliyini diqqətə çatdıraraq əlavə etmişdir ki, Avropa Şurası Konqresi məhkəmə yox, sadəcə, qitədə yerli və regional hakimiyyətlərin əməkdaşlıq platformasıdır. 2019-cu ildə Türkiyədə keçirilmiş yerli seçkilərin demokratiya sınağı olduğunu bildirən Anar İbrahimov qardaş ölkənin bu imtahandan uğurla çıxdığını, seçkilərin isə Türkiyənin uğurlarını istəməyən qüvvələr üçün demokratiya dərsi olduğunu bildirmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR