13 Noyabr 2019, Çərşənbə

Bu günlərdə jurnalist həmkarlarımdan birinin “Yerli və xarici media nümayəndələri ilə birlikdə Əlincəqalaya gəzinti təşkil oluncaq. Getmək istəyirsənmi?”, - deyə təklif etməsi, doğrusu,lap yerinə düşmüşdü. Gərgin iş rejimindən bir neçə saat olsun uzalaşmaq, həmin tarixi məkanda olarkən  qazanacağım zəngin təəəssüratı, mənəvi zövqü qaçıra bilməzdim. Yaxşı xatirimədir,qalada ilk dəfə tələbəikən-2011-ci ildə olmuşdum və bura heç də yaddaşımda xoş iz buraxmamışdı. Qalanın bərpadan əvvəlki vəziyyətini görənlər yəqin ki, mənə haqq verər. Çünki daha öncə tarixi abidənin zirvəsinə qədər olan o çətin yolu qalxmaq insandan sözün əsl mənasında, peşəkar alpinist olmaq bacarığı tələb edirdi.Mətləbdən uzaqlaşmadan deyim ki, tələbə yoldaşlarımdan biri qalaya qalxan yolda (əgər bunu yol demək mümkün idisə...) sürüşüb yıxılmışdı və səfərimiz narahatçılıq, nigarançılıqla başa çatmışdı.Bundan 3 il sonra – 2014- cü ildə hərbi xidməti yenicə başa vurub Naxçıvan Televiziyasında fəaliyyətə başlamıdım ki,qədim diyarın müasir inkişaf tarixinə qızıl hərflərlə yazılan, Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən ən mühüm sərəncamlardan biri imzalandı.Bu mühüm dövlət sənədində “Əlincəqala” tarixi abidəsinin bərpa olunması nəzərdə tutulurdu və bu addım nəinki Naxçıvan tarixinə, ümumlikdə, ölkə mədəniyyətinə, tarixşünaslıq elminə, dövlətçilik ənənələrinə olan himayə və qayğıdan xəbər verirdi.Qalanın bərpa prosesinə şəxsən şahdilik edənlərdən biri kimi deyə bilərəm ki,bu iş heç də asan başa gəlmirdi.Qala bərpa etməyi, onun tarixi görünüşünü özünə qaytarmağı hər hansı bir binanın, ticarət mərkəzinin  tikintisi ilə müqayisə etmək olmaz. Bunun üçün öncə zəngin memarlıq ənənələri tələb olunur.İndi bu ənənə tarixi Əlincəqalanın hər daşında, divarında, pilləsində, bürcündə yaşayır....

“Qızıl ay”ın son günündə - oktyabrın 31-də həmkarlarımızla müəyyən etdiyimiz nöqtədən toplaşıb yol aldıq Əlincəqalaya. Avtomobilimiz bir göz qırpımında şüşə kimi yolları şütüyüb müasir Naxçıvan kəndlərini bir-bir arxada qoyurdu.Bir neçə ay bundan öncə Əbrəqunusun timsalında “Naxçıvan kəndləri müharibədən çıxıb” kimi cəfəng fikri ortaya atanlara ən yaxşı cavabı vermək üçün qonaqlarımızı məhz bu kəndlə tanış edirik.“Yeşil İqdir” qəzetinin baş redaktoru Cabbar Şıktaş, Azərbaycan Televiziyası Kinoproqramlar və dublyaj redaksiyasının və dublyaj redaksiyasının və “Femida.az” saytının redaktoru Günay Arda kəndin ab-havasını, qaynar həyatını, müasir mənzərəsini ovuc içi boyda olan smartfonların, fotoaparatların yaddaşına köçürüb sosial şəbəkə hesablarında paylaşırlar.Deyirlər faktdan böyük fakt yoxdur, həqiqət onun elçisidir..Fotolara yaxşı baxın, Naxçıvan kəndlərinin reallığını, həqiqətlərini özünüz görün....

İstanbul şəhərində dərc olunan “Serhat Birikim” qəzetinin İctimaiyyətlə əlaqələr və reklam meneceri Aytən Alkaşı, alpinist Məhəmməd Akkuş isə  Saltaq kəndinə çatanda qədim diyarın rəmzinə çevrilən “Haçadağ”ın əzəməti, vüqarı qarşısında heyranlıqlarını gizlədə bilmir və yerə enib bu anı fotolorla ölümsüzləşdirmək qərarına gəlirlər. Kəndin universitet korpusuna bənzəyən məktəb binasına heyranlıqla baxan qonaqlar yekun fikirlərini belə ifadə edib yenidən avtombilə əyləşirlər:“Müstəqilliyinin hələ 30 yaşını qeyd etməmiş bir ölkədə təhsilə bu səviyyədə diqqət göstərilməsi, Naxçıvan şəhərindən 30 kilometr aralıda yerləşən kənddə bu cür məktəbin inşa olunmasının bir adı var :inkişaf”...

Nəhayət ünvandayıq.Son hazırlıqlarımızı yekunlaşdırıb qonaqlarımızla birgə Əlincəqalanın zirvəsinə doğru irəliləyirik. Deyirlər, Naxçıvanın yumruğudur Əlincə...Dünya fatehi Əmir Teymura 14 il müqavimət göstərən,baş əyməyən qalanın müdafiəçiləri tariximizdə bir iz buraxıblar.Buna görə indi bu məkanı muxtar respublikanın əyilməzlik, yenilməzlik simvolu adlandıranlar heç də yanılmırlar. Qalanın zirvəsinə qədər uzanan 1440 pillənin hər biri tarix qoxuyur,sanki, qala müdafiəçilərinin mübarizlik əzmini astaca qulağımıza pıçıldayır. Dövlət bayrağı müstəqilliyimizin rənglərlə, himnimiz musiqiylə ifadəsinə çevrildiyi kimi,Əlincəqala da hər bir azərbaycanlının qürur mənbəyinə çevrilməyə layiqdir.Yolun yarısında daş divardan asılan bir barelyef diqqət çəkir:“Tarixi yaşadanları tarix də yaşadacaq”..Tarix heç nəyi unutmur.Yaxşını yaxşı,işğalçını işğalçı, qurucunu qurucu kimi yaddaşında saxlayır.Bu gün QURUCU RƏHBƏRin himayəsindən, Naxçıvan tarixşünaslığına olan sonsuz qayğısından, himayəsindən  bəhrələnən, həyata yenidən vəsiqə alan, hər il minlərlə turistin axışıb görmək istədiyi tarix-mədəniyyət abidələrindəndir Əlincəqala...

Şair Elxan Yurdoğlu ilə birlikdə hamıdan tez zirvəyə çatırıq.Artıq “sarı planet” “saçlarını toplayıb” qərbə tərəf tələsir.Hər tərəfə qaranlıq çöksə də,Əlincəqalanın zirvəsi üçrəngli Azərbaycan bayrağından güc aldığına görə aydınlıqdır.Bir bayraq da qonaqlarımızla birgə biz açırıq.. Tarixi abidənin zirvəsində tarix olsun deyə həm özümüzün, həm də telefonlarımızın yaddaşına köçürürük.

“Əlincəqala” tarixi abidəsi və muzeyinin direktoru Kamal Xanəgahlı bu məqamda yaxşı bir fakt səsləndirir.Deyir ki,bu ilin doqquz ayı ərzində qalaya 8 mindən çox  yerli və xarici turist gəlib.Bu an düşünürəm ki, qalanın bərpa olunması təkcə tariximizin hifz olunmasına yox , həm də bölgənin turizm potensialına ciddi təkan verib. Yoxsa bu qədər qonağın Əlincəqalada nə işi vardı...Qonaq demişkən,zirvədə “AİR Canada” şirkətinin məsul işçisi Karen Edgenin Naxçıvan Dövlət Televiziyasına müsahibə verərkən səsləndirdiyi fikirlər çox maraqlıdır:“Dünyanın 80-dən çox ölkəsində olmuşam.Sizin kimi tarixinə həssaslıqla yanaşan nadir dövlətlər var.Əlincəqala isə möhtəşəmdir, hətta fantastikadır..”

 Beləliklə,gəzinti başa çatır.Az bir müddət ərzində qazandığım təəssürat sözün həqiqi mənasında yerə göyə sığan deyil...

P:S-Yuxarıda qeyd etdiyim və qalada sürüşüb yıxılan tələbə yoldaşımın çəkdiyim fotoşəkilləri sosial şəbəkələrdə görəndən sonra  ilk cümləsi belə oldu:Bu cür qalanı çıxmağa, zirvəsini fəth etməyə nə var ki?....

Muxtar RZAZADƏ,

“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR