08 Dekabr 2019, Bazar

Bu gün qədim oğuz-türk yurdu, bəşəriyyətin beşiyi Naxçıvan hamının gəlib görmək istədiyi məkanlar sırasında ilk yerlərdə dayanır. Təmiz havası, qədim, tarixi abidələri, istirahət yerləri, digər turizm ehtiyatları, milli qonaqpərvərlik nümunəsi olması Naxçıvana gəlmək üçün əsas səbəblərdir. Bu dəfə də qədim diyarımız müxtəlif media nümayəndələrinə ev sahibliyi etdi. Qonaqlarla Naxçıvanın mübarizlik, qəhrəmanlıq, yenilməzlik simvolu olan Əlincəqalada görüşüb həmsöhbət olduq. 

Cabbar Şıktaş – “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi: – İlk dəfə Naxçıvana 1991-ci ildə gəlmişəm. Həmin illərdə “Yeni İğdır” qəzetinin müxbiri, “Milliyyət” qəzetinin İqdır və Naxçıvan üzrə bölgə müxbiri işləyirdim. 1990-1993-cü illərdə Naxçıvanın strateji nöqtədə yerləşən Sədərək kəndi düşmən hücumuna məruz qalmışdı. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə mən də bu döyüşlərin şahidi oldum, savaşın hər mərhələsini izlədim, çoxlu şəhidlər verdik. Burada iştirak edən qəhrəmanların simasında vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın əsl nümunəsini gördüm. Həmin dövrdə ulu öndərin Sədərəyə gəlməsi, sakinlərin yanında olması, təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu... Bunları deməkdə əsas məqsədim odur ki, mən Naxçıvanın dünənini yaxşı bilirəm. Bu gün bu diyar sülhün, təhlükəsizliyin əsas beşiyidir. Çox modern bir şəhər var qarşımızda. 2008-ci ildə qələmə aldığım bir yazıda da bəhs etmişdim Naxçıvandan. İndi isə burada, sanki Dubayın alternativini görürük. Naxçıvana səfər etdikdə Ali Məclisin Sədri cənab Vasif Talıbova olan hörmətim və sevgim hər dəfə daha da artır. Ötən illər ərzində hörmətli Sədrin əzmi, fədakarlığı və vətənpərvərliyi sayəsində Naxçıvan bu gün Avropa şəhərləri ilə müqayisə edilir.
Gəzintimiz ərəfəsində muxtar respublikanın ucqar kəndlərinə də getdik. Bu yerlərin yolları da asfaltlanıb. Kəndlərə göstərilən diqqət inanılmazdır. Məktəblər bütün kəndlərin ən gözəl binalarıdır. Gələcəyimizin qarantı olan uşaqlarımızın yaxşı, savadlı yetişmələri üçün təhsilə böyük əhəmiyyət verilir.
Digər tərəfdən, Naxçıvan son dərəcə mükəmməl təbiətə və görünüşə sahibdir. Bunun bir səbəbi bu diyarın təbiətinin qorunması, digər bir səbəbi isə çox səliqəli və təmiz saxlanılmasıdır. Bu mədəniyyət burada yaşayan insanların sayəsində kənd­lərdə də qorunub saxlanılıb. Elə Naxçıvanı gözəl edən də birlik və bərabərlikdir. Dünya bu məsələdə sizdən nümunə götürməlidir.
Onu da deyim ki, Naxçıvanda tarixi yerlər çoxdur. Bir dəfə gəzməklə bütün bunları görmək mümkün deyil. Biz bir gün əvvəl Əshabi-Kəhf ziyarətgahında da olmuşuq. Bura ilk dəfə 1990-cı illərdə gəlmişdim. Bu gün fərqli bir mənzərə ilə qarşılaşdım, təəccübləndim. Əvvəlki görünüşdən əsər-əlamət yoxdur. Əminəm ki, buranı ziyarət edən hər bir turist çox gözəl təəssüratlarla qayıdacaq. Naxçıvan haqqında günlərlə danışsaq, sözlərimiz, fikirlərimiz bitib-tükənməz.
Türk dünyasının tanınmış şairi Hüseyn Cavidin məqbərəsinə də getdik. Bu türbənin açılışında mən də iştirak etmişəm. Vaxtilə ümummilli lider Heydər Əliyev o zaman üçün çox böyük bir iş gördü. İndi də Ali Məclisin Sədri cənab Vasif Talıbov onun ənənələrini layiqincə davam etdirir. Bu onu göstərir ki, tarixi yaşadanları tarix də həmişə yaşadır və yaşadacaq.
Onu da qeyd edim ki, mən Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdim. İqdırı yaxından tanıyan və qayğı göstərən Ali Məclisin Sədri mərasimdən sonra fəaliyyətimizlə yaxından maraqlandı. Bizə göstərilən bu diqqətə görə minnətdarlığımı bildirirəm.
Aytən Alkaşı – “Siyasal Birikim” qəzetinin ictimaiyyətlə əlaqələr və reklam meneceri, “Balkan Birikim” qəzetinin reklam müdiri: – Naxçıvana ilk dəfədir, gəlirəm. Çox gözəl və müasir şəhərdir. Hər şeydən əvvəl, təmizdir. Şəhərdəki və gəzdiyimiz yerlərdəki səliqə-sahman məni o qədər maraqlandırdı ki, öz-özümə düşündüm: “Bu yerlərin belə təmiz saxlanılmasının sirri nədir?” Yerli sakinlərlə tanışlıqdan sonra aydın oldu ki, bunun səbəbi çox sadə imiş. Hər kəs yaşadığı mənzilin ətrafının təmizliyini diqqətdə saxlayır. Heç kim yerə zibil atmır. Bir sözlə, insanlar qayda-­qanunlara riayət edir, öz şəhər və kəndlərini sevirlər.
İnsanların rahatlığı, mehribanlığı sayəsində özümü doğma evimdəki kimi hiss etdim. Şəhərdə, demək olar ki, sıxlıq yoxdur. Naxçıvanın mətbəxi də zəngindir. Bir çox yeməklər bizim yeməklərə yaxındır, lakin çox ləzzətlidir.
Səyahətim boyunca bir çox yerləri gəzdim. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeydə olduq. Bu muzey görkəmli lideri dünya şöhrətli bir siyasi xadim kimi də öyrənməyə imkan verir. Tarixi ənənələri qorumaq vacibdir. Naxçıvanda bu ənənə yaşadılır. Möminə xatın türbəsində oldum. İlk diplomat qadınlardan birinin şərəfinə ucaldılan bu abidə, qadına verilən dəyər diqqətimi cəlb etdi. Abidə üzərindəki ornamentlər, şəbəkə sənətinin izləri Türkiyədəki bir çox abidə ilə oxşarlıq təşkil edir. Məhz Memar Əcəmi məktəbindən öyrənən bir sıra türk ­memarları, xüsusilə də İstanbulda memarlıq ənənələrini inkişaf etdirdilər.
Naxçıvandakı muzeylər, abidələr çox ­gözəldir. Görünür ki, buradakı tarixi abidələrə, mədəniyyət nümunələrinə diqqət göstərilir, onlar yenidən qurulub bərpa edilir. Onu da gördüm ki, bu yaradılanlara insanlar da sahib çıxır.
Naxçıvanın digər bir möcüzəsi Duzdağa getdik. İçəriyə daxil olduğum andan məni cəzb edən bu yer bir çox xəstəliklərin şəfa mənbəyidir. Doğmalarımla birlikdə yenidən bura gələcəyəm. Həmçinin geri döndüyümüzdə qəzetimizdə Naxçıvan haqqında geniş bir məqalə yazacaq, hər kəsi bu diyarı bir daha yaxından tanımağa səsləyəcəyəm.
Günay Arda – Femida.az xəbər saytının redaktoru, Azərbaycan Televiziyasının ­kinoproqramlar və dub­lyaj redaksiyasının redaktoru: – Naxçıvan ənənələrinə sadiq qalan, əsl Azərbaycançılığın nəfəsinin duyulduğu bir diyardır. Tariximizi, ənənələrimizi belə qoruyub saxlamaq hər yerdə mümkün deyil. Naxçıvanın yerləşdiyi strateji nöqtəni nəzərə alanda təhlükəsizliyi qorumaq hər kəsin bacaracağı iş deyil. Mən deyərdim, Naxçıvan dahi Nizami Gəncəvinin əsərlərində tanış olduğumuz utopik cəmiyyətin müasir və real inikasıdır. Naxçıvanda bir çox yeri gəzmişik. Cəmşid Naxçıvanski Muzeyində olduq. Elə zənn etdim ki, Naxçıvanskinin özü oradadır. Onun ruhunu o qədər qoruyub saxlaya biliblər ki, muzey təsiri bağışlamır, sanki Naxçıvanski zamanındasan, onunla üzbəüz dayanmısan.
Naxçıvana bir neçə dəfə gəlmişəm. Ancaq bu gəzintim xüsusilə seçildi. Bu yerlərdə hər sahədə infrastruktur o qədər inkişaf edib ki, nümunə model kimi başqa bölgələrimizə də onu tətbiq etmək lazımdır. Əshabi­-Kəhfə, Batabata getdik, Arpaçayı gördüm, şəhərin mərkəzini gəzdik, indi isə məğlub­edilməz Əlincədəyik.
Naxçıvan turizm üçün geniş imkanlara sahibdir. Turizm perspektivini nəzərə alsaq, mən deyərdim, Naxçıvan Azərbaycanın gözüdür. Qədim tarixi ilə dünyada tanınan Gəmiqaya abidəsi, Nuh türbəsi, Əshabi-Kəhf və digər bu kimi mədəni nümunələr bir dəyərdir. Naxçıvanda bu dəyərlər qorunub saxlanılır, yaşadılır. Biz jurnalistlər də bütün bunları layiqincə təbliğ etməli, Naxçıvanı, sözün əsl mənasında, mədəniyyətin, qədim tarixin beşiyi olan bu məkanı bütün dünyaya nümunə kimi göstərməliyik. Bir gün Naxçıvan haqqında sənədli film çəkəsi olsam, bu filmi Hüseyn Cavidin türbəsindən başlayıb Əlincədə bitirərdim.  

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR