15 Noyabr 2019, Cümə

Şəxsiyyəti, yüksək elmi potensialı, ziyalılığı, yalnız ictimai-təşkilatçılıq fəaliyyəti ilə deyil, həm də gözəl ünsiyyəti, səmimiyyəti, xeyirxah əməlləri ilə seçilən, Azərbaycanda humanitar və ictimai elm sahələrinin inkişafında misilsiz xidmətləri olan, ədəbiyyatşünaslıq və ədəbiyyat tarixinin ağırlıqlarını çiyinlərində uğurla irəli aparan görkəmli alim, elm və təhsil təşkilatçısı akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur.

         Respublikamızda İsa Həbibbəyli ünvanı hər şeyi deyir. Təkcə respublikamızda?! Respublikamızdan kənarda, dünyanın onlarla ölkəsini bu ünvanla səyahət etmək olar, insanlarla ünsiyyətə girmək olar, qarşıya çıxan problemləri həll etmək olar...

         Akademik İsa Həbibbəylinin 70 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Tədbirlər Planı təsdiq etmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qərar qəbul etmişdir. Qərarda deyilir: “Akademik İsa Həbibbəyli Azərbaycan elmi-ədəbi və ictimai fikirinin inkişafında müstəsna xidmətlər göstərmiş, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına sanballı töhfələr vermiş görkəmli alimlərdəndir. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (hazırda Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəb illərində Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, Bakıda, Naxçıvanda və Tbilisidə tələbə elmi konfranslarında maraqlı məruzələrlə çıxış etmiş, dövri mətbuatda ilk elmi məqalələri və şeirləri çap olunmuşdur”.

         1971-1975-ci illər İsa müəllimin tərcümeyi-halına üç ünvan yazılmışdır: anadan olduğu Danzik (Danyeri) kənd məktəbində müəllim, hərbi xidmət və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı.

         İsa müəllim ali təhsil illərində Naxçıvanda keçirilən Elm günlərində akademik Məmməd Cəfər Cəfərovla tanış olmuş və bu hadisədən sonra elm yolunu seçmək qərarına gəlmişdir.

         İsa müəllimin həyatı, pedaqoji və elmi fəaliyyətinin üstün cəhətləri, xarakter əlamətləri əsas götürülərək onu dörd istiqamətdə qruplaşdırırlar: pedaqoji, elmi, elmi-təşkilati və ictimai-ideoloji. Bu fəaliyyət istiqamətlərinin hər birində İsa Həbibbəyli böyükdür, zirvədədir, yaxşı mənada qibtə ediləcək səviyyəyə malikdir, hər bir sahədə akademikdir. Bütün bunlar gəlişi gözəl sözlər deyil, əsil mənada belədir.

         İsa müəllim Əkbər müəllimin ailəsində böyüyüb, müəllimlik keyfiyyətlərini atasından öyrənib, həyatda da bunu inkişaf etdirib. Təsadüfi deyildir ki, o, orta məktəb müəllimliyindən ali məktəb müəllimliyinə doğru şərəfli yol qət edib. O, 1975-ci ildən 2013-cü ilə qədər Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (Naxçıvan Dövlət Universitetində) müəllimlikdən rektorluğa qədər şərəfli bir yol keçmişdir, yəni 38 il ali pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji İnstitut Naxçıvan Dövlət Universitetinə çevriləndə İsa Həbibbəyli elmi işlər üzrə prorektor, 1996-cı ildən isə rektor vəzifəsində işləyib.

         Yuxarıda İsa Həbibbəylinin həyatında dörd fəaliyyət istiqamətindən bəhs etdik. Bu istiqamətlər rektorluq dövründə vəhdətdə olub, İsa müəllim pedaqoq, elm adamı, təşkilati və ictimai fəaliyyəti ən uğurla və yüksək səviyyədə yerinə yetirib.

         İsa Həbibbəyli bütün fəaliyyətində dövlətimizin elm və təhsil siyasətini uğurla həyata keçirən, onu idarə edən, bu sahələrin mükəmməl bilicisi kimi tanınıb. Onun rektorluğa başladığı illər ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətinin ilk illərinə təsadüf edir. Elə bir dövrə ki, ölkəmiz naşı və səriştəsiz idarəçilərdən yenicə qurtulmuşdu. Problemlər  və çətinliklər aradan qaldırılmağa başlanılmışdı. Naxçıvanda yeni rəhbərlik bütün sahələrlə yanaşı, elmin və təhsilin inkişafına xüsusi əhəmiyyət verirdi. İsa Həbibbəyli belə bir dövrdə rektorluğa başladı. On yeddi ilə yaxın Naxçıvan Dövlət Universitetinə rəhbərlik etdi. Universitet üçün yeni tədris korpusları tikildi, mövcud olanlar əsaslı olaraq yenidən quruldu, maddi-texniki bazası zənginləşdirildi, yeni-yeni strukturlar yaradıldı, ərazisi abadlaşdırıldı, beynəlxalq əlaqələri genişləndirildi, elmi və pedaqoji kadrlar artırıldı, universitetin elmi əsərləri, qəzeti, Müdafiə Şurası, televiziyası, xəstəxanası, elektron kitabxanası yaradıldı, tədris intizamı möhkəmləndirildi... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gündəlik diqqət və qayğısı, rektor İsa Həbibəylinin geniş elmi-təşkilati fəaliyyəti sayəsində Naxçıvan Dövlət Universitetinin göstəriciləri və şöhrəti artdı, Azərbaycan ali təhsil müəssisələri arasında ilk yerlərə çıxdı.

İsa Həbibbəyli həyatının bütün mərhələlərində elmi və bədii yaradıcılıqla məşğul olub, elmi fədaisinə çevrilib. O, 1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik, 1996-cı ildə isə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1997-ci ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbi, 2003-cü ildə isə həqiqi üzvü seçilib.

İsa Həbibbəylinin romantik lirika probleminə müraciət etməsi bir qədər maraq doğurur. Çünki həmin vaxt ustadı hesab etdiyi Məmməd Cəfər Cəfərovun “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyası artıq çap olunmuşdu. Bundan sonra romantik lirika mövzusuna müraciət olunması tədqiqatçının böyük elmi potensiala, elmi cəsarətə malik olduğunu təsdiqləyir. Bunu onun elmi rəhbəri akademik Məmməd Cəfər Cəfərov da etiraf edirdi.

Ölkəmizdə akademik İsa Həbibbəylini daha çox Cəlil Məmmədquluzadənin mükəmməl tədqiqatçısı kimi tanıyırlar. Bu təsadüfi deyildir. O, Cəlil Məmmədquluzadənin həyatı, nəsil şəcərəsi, övladları, şəxsiyyəti və yaradıcılığı ilə təqribən 40 ildir ki, məşğuldur və çoxsaylı monoqrafiyaları, kitabları, tərtib etdiyi əsərləri, Mirzə Cəlilin naməlum əsərləri, məktubları akademikin araşdırmaları nəticəsində ortaya çıxıb. Ümumiyyətlə, “Azərbaycan ədəbiyyatşünaslığı böyük Mirzə Cəlil və onun tanınmış məslək dostları ilə bağlı ən mühüm tarixi faktların, nadir arxiv materiallarının, əlyazmalarının üzə çıxarılmasında məhz İsa Həbibbəyliyə borcludur”.

İsa Həbibbəylinin elmi fəaliyyət dairəsi çox genişdir, çoxprofillidir, çoxyönlüdür. Professor B.Əhmədlinin fikrincə o, hər şeydən əvvəl bir ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, nəzəriyyəçi, tənqidçi, teatrşünas və mədəniyyətşünasdır. Etiraf etməliyik ki, İsa Həbibbəylinin yaradıcılığında ədəbiyyatşünaslıq və ədəbiyyat tarixçiliyi üstün mövqedə olsa da, qeyd olunan sahələrdə də mükəmməl əsərlər yaza bilib. Bunlar da onun elmi yaradıcılığında son hədd deyildir. Akademik İsa Həbibbəylinin tədqiqatlarında yüzlərlə ədibin, alimin, yazıçının, şairin, rəssamın... yaradıcılığı öyrənilir, peşəkarcasına araşdırılır. O, əsas fəaliyyət sahələri ilə yanaşı, sənətşünas, tarixçi, folklorşünas... səviyyəsində də söz demək, təhlillər aparmaq, qiymətləndirmək imkanlarına, qabiliyyətinə malik istedadlı tədqiqatçıdır. “Molla Nəsrəddin” jurnalının karikatura rəssamları, xalq rəssamı Tahir Salahovun, akademik heykəltəraş Ömər Eldarovun və digər sənət adamlarının yaradıcılığını, əsərlərini elə yüksək səviyyədə təhlil edib ki, bir sıra sənətşünaslar ədəbiyyatşünas alimin bu keyfiyyətlərini minnətdarlıqla etiraf edirlər.

İsa Həbibbəylinin tariximizlə bağlı elmi məqalələri orijinallığı, yeniliyi, elmi dərinliyi, mühakimələrinin inandırıcı olması ilə seçilir və tarixçilər tərəfindən maraqla, rəğbətlə qarşılanır. Onun “Gəmiqaya dünyası: Nuh peyğəmbər, Naxçıvan və Gəmiqaya”,  “Nuhun qəbri haradadır?”, “İrəvan şəhəri: olduğu kimi”, “Naxçıvan şəhərinin yaşı: beş min il”, “Nuhçıxan – Naxçıvan”, “Naxçıvan Duzdağı: tarix və müasirlik”, “Naxçıvanın muxtariyyət statusu Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti kimi”, “Behbud ağa Şahtaxtinskinin Leninə məktubları”, “Behbud ağa Şahtaxtinskinin siyasi-diplomatik fəaliyyəti” və başqalarını qeyd etmək olar. Çoxcildlik Naxçıvan tarixində İsa Həbibbəylinin təqdim etdiyi materiallar onun tarix məsələləri ilə də nə qədər ciddi məşğul olduğunu göstərir. Təsadüfi deyildir ki, professor Yusif Seyidov İsa Həbibbəylini ədəbiyyatşünaslar içərisində tarixə ən çox müraciət edən tədqiqatçı hesab edir.

İsa Həbibbəylinin elmi və elmi-təşkilati fəaliyyətinin son yeddi ili Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. O, AMEA-nın vitse-prezidenti və Ədəbiyyat İnstitutunun direktoru kimi geniş elmi və elmi-təşkilati fəaliyyət göstərir. Vitse-prezident kimi İsa Həbibbəyli 17 elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əlaqələndirən, onların elmi fəaliyyətinə istiqamət verən, Ədəbiyyat İnstitutunun strukturunda ciddi dəyişikliklər və canlanma yaradan, islahatlar həyata keçirən novator və təşəbbüskar elm fədaisi olduğunu təsdiq edib.

Bu qədər geniş və əhatəli işlərin qarşısında o yenə də uğurlu elmi fəaliyyətindən geri qalmır, öz sanballı əsərləri ilə humanitar və ictimai elm nümayəndələrinə nümunə olur, onları həvəsləndirir. Belə bir faktı qabartmaq yerinə düşər ki, təkcə 2016-cı ildə İsa müəllimin 3 kitabı (Əsərlərinin 10-cu cildi, Nizami adına Ədəbiyyat İnstitutu (Azərbaycan, rus və ingilis dillərində), Eynəli bəy Sultanov. Publisistika), Azərbaycan dilində 66, xarici dillərdə 15 məqaləsi işıq üzü görmüşdür. Üstəlik 35 kitab və monoqrafiyaya elmi redaktorluq edib, bir neçəsinə ön söz yazıb, 18 beynəlxalq konfransda iştirak edib, rəhbərliyi ilə 3 nəfər fəlsəfə, elmi məsləhətçiliyi ilə 2 nəfər elmlər doktoru dissertasiyası müdafiə ediblər. İnsan inana bilmir ki, bir günümüz İsa müəllim üçün neçə saatdır? Bu qədər işin öhdəsindən o necə gələ bilir? Bütün işlərə məsuliyyətli münasibəti, hədsiz işgüzarlığı, fövqəladə dərəcədə təşkilatçılığı, bitib-tükənməyən həvəsi və yüksək intellekti belə nəticələri reallaşdırır.

Bu illərdə akademik “Nuhçıxandan Naxçıvana” (2015), “Yollar şeirdən başlanmışdı” (Əsərləri, X cild, 2016), “Ədəbi şəxsiyyət və zaman” (Əsərləri, II cild, 2017), müəllifliyi və rəhbərliyi ilə hazırlanmış iki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” (2016), yenə də müəllifliyi və ümumi redaktəsi ilə çapa hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” (I cild, 2018), “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019) adlı kitab və monoqrafiyaları elmi fəaliyyətin hansı səviyyədə olduğunu, ədəbiyyatşünaslığa, filoloji elmə istiqamət verən görkəmli alim olduğunu təsdiq edir. İsa Həbibbəyli yaradıcılığı, elmi və təşkilati fəaliyyəti ilə nadir istedada, ən məhsuldar, fədakar elm fədaisi və universal şəxsiyyətə, geniş dünyagörüşə və hərtərəfli biliyə malik olduğunu ortaya qoyur. Onun elmi əsərlərinin – monoqrafiya, kitab, elmi məqalələrinin sayı 1500-dən artıqdır. Əgər bir əsərinin həcmi min səhifədən artıqdırsa, bu nə deməkdir? Bütün bunlar qeyri-adi işgüzarlığa, əməksevərliyə, yüksək istedada və intellektə işarədir, şəxsiyyətin elmi fəaliyyətinin əyani təsdiqidir. Həm də İsa müəllimin hər bir əsəri – məqalədən tutmuş monoqrafiyaya qədər elmi yeniliklərlə zəngindir, ciddi ümumiləşdirmələrə, əsaslı təhlillərə əsaslanır və buna görə də böyük diqqət çəkir.

İsa Həbibbəyli novator, təşəbbüskar, yenilikçi və yüksək təşkilatçılıq qabiliyyətinə malik, elmi və təşkilati fəaliyyətində bunlara üstünlük verən elm və təhsil təşkilatçısı kimi tanınmışdır. Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə biz bunun şahidi və iştirakçısı olmuşuq. Mütəmadi olaraq İsa müəllimin təşəbbüsləri, yenilikləri ilə qarşılaşmışıq. Universitet xəstəxanası, konservatoriya, televiziya mərkəzi, universitet bayrağı, müdafiə şurası, teatr studiyası və onlarla bu kimi strukturlar İsa müəllimin təşəbbüskarlığı ilə ortaya çıxıb və reallaşdırılıb. Akademik Milli Elmlər Akademiyasında işlədiyi illərdə də belə təşəbbüslər, yeniliklər irəli sürmüşdü. “AMEA-nın Nizamnaməsi”nin hazırlanması və qəbul edilməsi, Akademiya haqqında filmin çəkilməsi, Akademiya marşının hazırlanması (filmin ssenarisi və marşın sözləri akademikə məxsusdur), yeni strukturların yaradılması, Ədəbiyyat İnstitutunda islahatların həyata keçirilməsi, “Fizika və lirika” mövzusunda tədbirlərin keçirilməsi və s.

İsa Həbibbəylinin elmi yaradıcılığında Azərbaycan dövlətinə və dövlətçiliyinə  sədaqət, “Azərbaycançılıq” milli düşüncəsinə məhəbbət böyük yer tutur. S.Xavərinin qeyd etdiyi kimi, Azərbaycançılıq ümummilli məfkurəsini canında-qanında daşıyan İsa Həbibbəylinin yaradıcılığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqi və təbliği mühüm istiqamətlərdən birini təşkil edir. Onun “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” (2013), “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” (kollektiv, 2 cilddə) kitabları bu dahi və qüdrətli dövlət adamının obrazını bütün əzəməti ilə gözlərimiz önündə canlandırır.

Azərbaycanımıza böyük sevgi hissi ilə yanaşan İsa Həbibbəyli, həm də onun hər bir bölgəsinin tarixi, ədəbi mühiti, inkişafı, tarixi və görkəmli şəxsiyyətləri ilə fəxr edir, qürur duyur. Etiraf etməliyik ki, doğulub boya-başa çatdığı, ömrünün təqribən 60 ildən çoxunu bu diyarda – Naxçıvanda keçirən İsa Həbibbəylinin dünyasında bu müqəddəs məkanın öz yeri, öz mövqeyi vardır. İlk yaradıcılıq əsəri olan “Arpaçayı daşa bilməz” adlı mənsur poemasında Naxçıvan sevgisi, Naxçıvan “səsi” İsa Həbibbəylini bu torpağa, bu diyara mənən bağlayıb. Naxçıvan mövzusu onun yaradıcılığında qırmızı xətt ilə keçir. İsa müəllimin qədim Naxçıvan diyarının tarixinə, ədəbi-mədəni mühitinə, Naxçıvanı cənnət məkana çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ictimai-siyasi fəaliyyətinin Naxçıvanla bağlı səhifələrinə həsr etdiyi əsərlərində, publisistik yazılarında sabit, əqidəli, “ağac bar gətirdikcə başını aşağı salar” prinsipinə sadiqliyini dönə-dönə sübut etməklə, özünün də böyüklüyünə, ən yüksək insani keyfiyyətlərinə məxsus olduğunu göstərir.

         Akademik respublikamızda və ondan da kənarda tanınan görkəmli ictimai xadimdir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1998-2005), Azərbaycan Respublikası Milli Məclisinin (III-V çağırış) deputatı, Elm və təhsil komitəsinin sədridir. O, komitə sədri olandan sonra “Təhsil haqqında” Qanuna bir sıra əhəmiyyətli dəyişikliklər edilib, “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlar qəbul olunub. Bu Qanunların qəbulu İsa Həbibbəylinin təşəbbüskarlığının göstəricisi olmaqla, həm də onun xüsusi xidmətlərinin və fəaliyyətinin nəticəsidir.

         İsa Həbibbəylinin əməyi və zəhməti dövlətimiz, elmi qurumlar və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Görkəmli alim Azərbaycan Respublikasının “Əməkdar xadimi” fəxri adına (1999), “Şöhrət” (2007) və “Şərəf” (2009) ordeninə layiq görülüb. Akademik İsa Həbibbəylinin fəal, səmərəli və məhsuldar elmi-pedaqoji fəaliyyəti müxtəlif vaxtlarda müxtəlif təşkilatlar və qurumlar tərəfindən yüksək qiymətləndirilib. O, MEA-nın, Nyu-York EA-nın, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun müxbir üzvü seçilib, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin alimi”, Ankara Universitetinin “Fəxri doktoru” adına, “Məmməd Araz” mükafatına və digər mükafatlara layiq görülüb.

         Akademik İsa Həbibbəyli mənalı ömrünün müdriklik zirvəsini, ən kamil və məhsuldar dövrünü yaşayır. Görkəmli alimi, layiqli vətəndaşı, nüfuzlu ictimai-xadimi, xeyirxah əməllər sahibi olan böyük dostumu 70 yaşı münasibətilə təbrik edir, ona bu şərəfli və nəsillərə nümunə olacaq yolda uğurlar diləyirəm. 

                                                                                     İsmayıl HACIYEV

                                                                           AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR