15 Noyabr 2019, Cümə

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib. Forumda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.

Forumun rəsmi hissəsində Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandıraraq bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.

Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərdiyi qeyd edilib. 

Biznes forum çərçivəsində Türk dünyasının iş adamlarının  ikitərəfli görüşləri də keçirilib. Görüşdə iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, bu il 10 yaşını qeyd edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində təsis edilib. Ötən dövrdə muxtar respublikada sahibkarlığın inkişafı üçün mühüm işlər görülüb, yüzlərlə yeni istehsal və xidmət sahələri yaradılıb. Sahibkarlığn inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Vurğulanıb ki, sahibkarlığın inkişafı nəticəsində Naxçıvan Muxtar Respublikasının Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, Gürcüstan və digər ölkələrlə ticarət əlaqələri mövcuddur. İqtisadiyyatın dinamik inkişafı bu əlaqələrin daha da genişlənməsinə şərait yaradıb, təkcə 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada 325 milyon 495 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 285 milyon 764 min 900 ABŞ dolları təşkil edib, 246 milyon 34 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Görüşdə muxtar respublikada yaradılmış əlverişli investisiya mühiti, qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında ətraflı müzakirələr aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən bəhs olunub.

 Tədbirdə digər ölkələrin nümayəndələri də Türk Şurasının dirçəldilməsi ilə bağlı öz fikirlərini bölüşublər.

Qeyd edək ki, forumda müxtəlif türkdilli ölkələrdən tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə fəaliyyət göstərən 400-dən artıq sahibkar iştirak edib.

Səbuhi HƏSƏNOV

“Şərq qapısı” qəzeti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR