20 Noyabr 2019, Çərşənbə

Qars müqaviləsi 1921-ci ilin sentyabr və oktyabrında Qarsda keçirilmiş konfransdakı danışıqların nəticəsi olaraq Cənubi Qafqaz respublikaları və Sovet Rusiyasının iştirakı ilə Türkiyə hökuməti arasında həmin il oktyabrın 13-də imzalanmışdır. Bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsidir. Müqaviləyə görə, Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapdı. 

Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-cı illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də, əhalini ram edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi. 1920-ci il noyabrın 29-da Ermənistanda bol­şevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı.

Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski burada yerləşən türk nümayəndələri ilə münasibətləri normallaşdıraraq onlarla birgə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başladı. Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. B.Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu B.Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verildi. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun protektoratını üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.
Moskva danışıqlarında Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtax­tinskinin də əməyi və xidməti olub. Rusiya Moskva konfransında Azərbaycanın iştirakını təkid etsə də, Moskvada olan Behbud ağa Şahtaxtinski bunun əleyhinə olub. Rusiya-Türkiyə danışıqları ərəfəsində Rusiyanın məqsədi Azərbaycan və Ermənistanı danışıqlara cəlb etmək və onları Türkiyəyə qarşı qoymaq idi. Lakin Rusiyanın istəyi baş tutmadı. Türkiyə Ermənistanın bu danışıqlarda iştirakına razı deyildi, Azərbaycanla isə heç bir problemin olmadığını bildirirdi. Azərbaycan isə bu danışıqlarda iştirak etmək istəmirdi.
Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.
Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə istəyirdi ki, üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalasın. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi, Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi. Türkiyənin bu formatda danışıqlara getməsinin başqa səbəbləri də var idi. İlk növbədə, Türkiyə Moskva müqaviləsini imzalamaqla özü üçün çox mühüm bir neçə məsələni həll etmişdi.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırıldı. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı B.Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Lakin Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bildi.
Qars konfransı 1921-ci il sen­tyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Qars danışıqları çox gərgin və prinsipial keçdi, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etdilər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif etdi. RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi. Qeyd etməliyik ki, RSFSR bu istiqamətdə Azərbaycan SSR ilə hələ 1920-ci il sentyabrın 30-da “hərbi və maliyyə-iqtisadi ittifaq” haqqında müqavilə bağlamışdı.
Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsi, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.
Müqavilənin 5-ci maddəsi bila­vasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində (qurtarır)”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilmişdir. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilmişdir. Müstəqillik dövründə isə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Bu Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunmuşdur.
“Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir ­sənəddir”, – deyən ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasını daim diqqətdə saxlamışdır.
1991-ci il yanvar ayının 11-də ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Mos­kva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması ilə yanaşı, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdır.
Yaranmasının 95 illiyi qeyd olunan Naxçıvan Muxtar Respublikası bu gün hərtərəfli inkişaf mərhələsinə yüksəlmişdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokadada yaşasa da, ulu öndərin siyasi xəttinə sədaqət Naxçıvan Muxtar Respublikasında ərzaq, enerji və müdafiə təhlükəsizliyini tam təmin edib. Qədim diyarın dövlətçilik tarixi, mədəniyyəti, abidələri hərtərəfli öyrənilir, tədqiq olunur, gələcək nəsillərə çatdırılır. Bu gün qədim Azərbaycan torpağı Naxçıvan Nuhun vətəni, bəşəriyyətin beşiyi, 5-7 minillik şəhərsalma tarixi, elm və təhsil məkanı, ən əsası isə müasir inkişafı ilə dünyanın mühüm turizm mərkəzinə çevrilmişdir.

Ermənistanın Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına ziddir. Həm Moskva, həm də Qars müqavilələri Naxçıvanın toxunulmazlıq hüququnun əsasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Moskva və Qars müqavilələrində muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş, bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilmişdir”.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR