15 Noyabr 2019, Cümə

Misir Respublikasının m.gomhuria­online.com saytında ərəb dilində “Azərbaycanın əsrarəngiz gölü ilin dörd fəslini eyni zamanda qarşılayır” başlıqlı məqalə yerləşdirilib. Məqalənin müəllifi Bolqarıstanda yaşayan amerikalı Elison Qrindir.

Ötən il Naxçıvana səfər edən Qrin burada qarşısına çıxan gözəlliklərlə bağlı foto və yazılarını müxtəlif internet resurslarında paylaşır. Misir saytında verilən məqalədə isə qeyd edilir ki, Naxçıvan Azərbaycanın digər yerləri ilə müqayisədə tamamilə başqa coğrafiya və landşafta malikdir. Öz dağları və gölləri ilə məşhurdur. Buradakı Batabat gölü ayrı bir mənzərədir. Dağların zirvəsindəki qar yazın son günlərinə qədər qalır. Bu buzlaqları əridən isti günəş şüaları və qarın yaxınlığında bitən, gölü əhatə edən çiçəklər adamı valeh edir. Dağlardakı qar qış, gölün ətrafındakı əlvan çiçəklər isə yaz mənzərəsi yaradır. Yəni burada, eyni zamanda 4 fəsli görmək möcüzəsini yaşayırsan. Bu göl isə dağlardan əriyən buzlaqların suyu ilə qidalanır. Amerikalı turist qeyd edir ki, gölün havası çox dəyişkəndir. Çünki o dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir.
Səyyah yazır: “Naxçıvan şəhərindən gölə qədər olan məsafədə landşaft o qədər zəngindir ki, tez-tez dəyişən mənzərələrə baxanda bir saatlıq yolu necə getdiyinin fərqinə vara bilmirsən”. Məqalə bu sözlərlə bitir: “Bu gölün sahilində gəzib gözəllikdən zövq almaq və onun şəklini çəkmək istəyənlər özləri ilə bərabər kamera da götürməyi yaddan çıxarmasınlar”. Müəllif özü də bir neçə maraqlı foto paylaşıb.

Anar Tağıyev

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR