07 Dekabr 2019, Şənbə

(Əvvəli qəzetimizin 8 oktyabr tarixli sayında)


30 sentyabr 2019-cu il. Artıq iki gündür ki, İstanbuldayam. Ancaq axtardığım insanlarla heç bir əlaqə yarada bilmirəm. Baş vermiş zəlzələ ucbatından hələ də mobil şəbəkələr fəaliyyətlərini bərpa edə bilməyib. Yaxşı ki əvvəlcədən götürdüyüm bir yaşayış binasının ünvanı var. Naxçıvanda olarkən öyrənmişdim ki, vaxtilə Mustafa xanın böyük oğlu Nəsrullah xan (Nasrullah Giray) ailəsi ilə burada yaşayıb. Həmin bina İstanbulun Kadıköy bölgəsində “Karakolhane caddesi” deyilən məşhur bir küçədə yerləşir. Oranı tapmaq üçün çətinlik çəkmirəm, binanın o məşhur adını (bir azdan deyəcəyəm) yoldan keçənlərin birindən soruşduqda, əli ilə yaxınlıqdakı pasajı mənə nişan verir. Yaşayış binasının birinci mərtəbəsi mağaza və xidmət sahələri olduğundan girişdəki dərzi yerinə üz tuturam. Yaşlı bir kişidir burada çalışan, hər halda 70-ə yaxın olar, – deyə düşünürəm. İçəri keçib salamlaşdıqdan sonra, buyurun, sizi eşidirəm, – deyir. Axtardığım insanları soruşuram. Diqqətlə məni süzüb suala sualla cavab verir: Naxçıvandan gəlmisiniz? Hə, – deyirəm. Bəs kimsiniz? Qohumlarındanam. Birdən-birə jurnalist olduğumu deyib işləri korlamaq istəmirəm. Bəlkə, danışmağa razı olmayacaq? Ancaq, deyəsən, yanılmışam. İki-üç kəlmədən sonra hiss edirəm ki, Nurəddin Polad adlı bu ixtiyar dərzi çox suyuşirin və söhbətkeş adamdır. Nasri bəyi (onu belə adlandırır) 1972-ci ildən tanıyıram, – deyə söhbətə başlayır. Yəni burada işləməyə başlayandan. Ailəsi, uşaqları ilə çox yaxın olmuşam. Ata-babaları o zaman Naxçıvanda sovetlərə qarşı ciddi mübarizə aparıblar. Sonra silahdaşları ilə bura – Türkiyəyə gəlməyə məcbur olublar. Atasını, babasını görməsəm də, oğlanları ilə, dediyim kimi, çox yaxın olmuşam. Həm də onlar bura gələndə ətraflarında yaxın silahdaşları da olub. Mən həmin insanlardan yalnız birini gördüm. Ad-soyadı Yaqub Əhmədov idi. O zamanlar Nasri bəyin yanına vaxt tapdıqca gəlib-gedərdi. Çünki Elazığda yaşayırdı. Nədənsə, qismət onu ora aparıb çıxarmışdı. Hətta orada bir otel də tikdirmişdi. Adı “Azər” oteli idi. 1992-ci ildə mən Elazığda olanda həmin otel fəaliyyət göstərirdi, ancaq indisindən xəbərim yoxdur. Sonra eşitdim ki, Yaqub da rəhmətə gedib. Bura – Türkiyəyə gələndə Nasri bəygilin bir fotoşəkli vardı, mənə göstərmişdi atası, babası ilə birgə. Bax həmin fotoda Yaqub da var idi gənc yaşlarında. Ancaq indi üstündən çox illər keçib, səhv etmirəmsə, övladları indi də Elazığda yaşayır.

Nurəddin dayının haqqında bəhs etdiyi fotoşəkil bir gün sonra məndə olacaqdı, yəni Fərəcullah və Mustafa xanların indiyədək saxlanılmış yeganə fotoşəkli. Onunla növbəti görüşümüzdə fotonu göstərsəm də, gənc Yaqubu orada tapa bilməyəcəkdi, daha doğrusu, tanıyıb göstərə bilməyəcəkdi. Ancaq Giray ailəsi ilə bağlı bizə xoş xatirələrini danışacaqdı, xüsusilə Nəsrullah xan Girayla bağlı. Amma biz indi, yenidən 90 il əvvələ qayıtmağa məcburuq, ona görə ki, Fərəcullah və Mustafa xanların, onların övladlarının Türkiyə həyatı məhz o illərdən başlayır...
Zəruri qeyd: 1920-1930-cu illər Naxçıvan tarixinin ən ağrılı illəri olub. Sovet hakimiyyətinin bu torpaqlarda qurulması bolşeviklər üçün heç də asan başa gəlməyib. Məsələn, həmin dövrdə, xüsusilə 1920-ci ilin əvvəllərində erməni özbaşınalıqlarına qarşı böyük güclərin laqeyd münasibəti, XI qırmızı ordunun yerli sakinlər ilə sərt rəftarı, məcburi kollektivləşmə əhalinin hədsiz hiddətinə səbəb olmuşdu. Bunun nəticəsidir ki, 1921-ci ildə ilk dəfə cəhrililər qiyam qaldırmışdılar, həm də bu qiyamın başında türk zabitləri dururdu. Həmin dövrdə qısa müddətə də olsa, üsyan edənlər Cəhridə sovet hakimiyyətini devirə bilmişdilər. Tezliklə bu qiyam Qaraçuq, Türkeş kəndlərində, Ordubad və Şərurda da baş vermişdi. Əhalinin üzərinə böyük vergilərin qoyulması, mülkiyyəti olanların torpaq, əmlak, heyvan və digər varidatlarının əllərindən alınaraq kollektivlərə verilməsi vəziyyəti daha dözülməz hala gətirib çıxarmışdı. Təkcə bunu demək kifayətdir ki, 1930-cu ilin əvvəllərində Şahbuzda cəmlənmiş 500-ə qədər silahlı kəndliyə qarşı hökumət nizami ordu hissələri yeritmişdi (Mənbədən seçmələr: Hüseynbəyli N.M, Behbudlu Q.N. “Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması” NDU-nun “Elmi əsərlər”i, Naxçıvan, 2012-ci il, №2).
…Beləliklə, bir tərəfdən, bölgənin erməni hücumlarına məruz qalması, zorla sovetləşdirmə, xan və bəy nəslindən olanlara qarşı əhali arasında nifaq salınması, digər tərəfdən, sovetlərə qarşı belə güclü müqavimət Naxçıvanın hər yerində, o cümlədən indiki Kəngərli rayonunun ərazisində, həmçinin böyük yaşayış məntəqələrindən olan Qarabağlarda da özünü göstərirdi. Halbuki Qarabağlarda yaşayan və bizə məlum olan Fərəcullah və oğlu Mustafa xanların, sovetlərin apardığı yalan siyasətin əksinə olaraq əhali arasında böyük nüfuzu vardı. Hətta ötən yazıda da bəhs etdiyimiz kimi, Mustafa xan indiyədək mövcud olan öz mülkünün bir hissəsini məktəb kimi sovetlərin ixtiyarına da vermişdi. Lakin əhaliyə qarşı gündən-günə artan haqsızlıqlar onları da silaha sarılmağa məcbur etmiş, həm bolşeviklərə, həm də onların əlində oyuncağa çevrilmiş erməni daşnaklarına qarşı mərdliklə mübarizə aparmışlar. Artıq gündən-günə daha böyük vüsət alan bu tarixi proseslər sonda Kəngərli nəslinin bu qəhrəman nümayəndələrini də Naxçıvandan getməyə məcbur etmiş və onlar geri qayıtmaq ümidi ilə müvəqqəti olaraq Şahtaxtıdan İrana keçmişlər. Mustafa xanın nəvəsi Nizami Nadirovun dediklərindən:
– Babamgilin 1929-cu ildə müvəqqəti olaraq İran tərəfinə keçməsinə bir səbəb də Mustafa xanın xalası Zivər xanımın Şahtaxtı yaxınlığındakı Pörnəkdə yaşaması idi. Onlar burada bir müddət qalırlar və Naxçıvana geri dönməyə fürsət tapmırlar. Qısa müddətdə sovet sərhədlərinin çəkilməsi isə babamgilin vətənə qayıtma arzularının üstündən qalın xətt çəkir. Beləliklə, Mustafa xanın iki azyaşlı qızı – Həmidə və Lətifə Qarabağlarda qalır, özləri isə Türkiyəyə getməyə məcbur olurlar. Bu haqda əvvəlki yazılarda bəhs etdiyimizdən mövzuya təkrar toxunmuruq. Sadəcə, bunu əlavə etmək istəyirik ki, Lətifə xanım Cəlilkənddə, Həmidə xanım isə əvvəl qeyd etdiyimiz kimi Gəncədə deyil, Bakı şəhərində yaşayıb dünyasını dəyişir.
… İstanbulda bu nəslin davamçıları ilə bağlı görüşdüyüm insanlardan biri də əvvəlcədən adını çəkdiyim Mustafa xanın nəvəsi Leyla Giray idi. 69 yaşlı Leyla xanım Mustafa xanın böyük oğlu Nəsrullah xanın qızıdır. Deyir ki, atamgil 1929-cu ildə Naxçıvandan çıxanda bir müddət İranda qalmalı olurlar. Həmin dövrdə onların yanında bir türk zabiti də var imiş – Hüsnü Odabaşıoğlu. Rütbəsi general olan Hüsnü Odabaşıoğlu Qurtuluş Savaşının iştirakçısı olub, hətta İzmirin qurtuluşunda xüsusi xidmətlərinə görə təltif də olunub. Məhz həmin dövrdə Odabaşıoğlu Qars, İqdır, deyəsən, həm də Naxçıvan tərəfdə xidmət edirmiş, topçu imiş. O, babamgilin hansı şərtlər altında Naxçıvanı tərk etdiyini yaxşı bilirmiş, hətta birgə mübarizə apardıqlarını da deyə bilərəm. Atatürk, İnönü ilə yaxın silahdaş olan Odabaşıoğlu məhz həmin dövrdə Atatürkə məruzə edir ki, bəs Naxçıvandakı xan nəslindən olanlar öz yaxın adamları ilə birgə bolşeviklərlə sonadək mübarizə apardılar, bizə də çox köməkləri dəydi. Ancaq hazırda vəziyyət tamamilə dəyişib, sovetlərin onları hər an tapıb məhv etmələri ehtimalı var. Sizdən bir çıxış yolu tapmanızı xahiş edirəm. O zaman Atatürk də onların hamısının Türkiyəyə gətirilməsini istəyir və bu işi yenə də Odabaşıoğluna tapşırır. Beləliklə, atam, əmim, babam, babamın atası Fərəcullah xan və yanındakı silahdaşları general Hüsnü Odabaşı­oğlunun – biz ona “Paşa Dədə” deyərdik, – rəhbərliyi altında Türkiyəyə köçməli olurlar.

Söhbətinə davam edən Leyla xanım deyir ki, atam Türkiyəyə gəldikdən sonra hərbiyyə məktəbində oxuyur, zabit olur, Türk Silahlı Qüvvələrində xidmət edir. General Hüsnü Odabaşıoğlu Mustafa xanı, atası Fərəcullah xanı yaxşı tanıyır, bilir ki, onlar Naxçıvanın əsilzadə xan nəslindəndirlər. Bu nəslin nümayəndələri oxumuş, təhsil görmüş insanlar olub. Buna görə də Mustafa xanın böyük oğlu – Nəsrullah xanın onun qızını istəməsinə etiraz etmir və qızı, yəni anam Vedia xanımı ona ərə verir. Atamgilin toyu 1944-cü ildə olur. Abbas­qulu əmim də hərbiyyə məktəbində təhsil alır. O, tankçı olur, atam isə ordunun təchizat ­sahəsində xidmət edir. Hər ikisi mayor rütbəsində ordudan tərxis edilir. Əslində, atamın rütbəcə yüksəlmək imkanları da olur, ancaq bizim İstanbulda təhsil almağımız səbəbi ilə başqa yerə xidmətə getmir. Ailədə üç uşaq olmuşuq, – Leyla xanım söhbətinə davam edir: – Məndən böyük qardaşlarım Gökhan, Özhan və mən. Nədənsə, onlar atam kimi hərb sənətini seçmədilər, ayrı-ayrı sahələrdə çalışdılar. Kiçik qardaşım Özhan 2009-cu ildə bir avtobus qəzasında dünyasını dəyişdi. Bundan 15 gün sonra isə anam Vedia xanım bu üzüntüdən vəfat etdi. 2016-cı ilin dekabr ayında isə böyük qardaşım Gökhan vəfat etdi… (ortalığa sükut çökür).
Bəs “Giray” soyadını necə oldu ki, qəbul etdiniz? – deyə soruşuram.
– Tam olaraq bilmirəm, atam götürmüşdü bu soyadı, bəlkə də krımlı Giray xandan təsirlənmişdi və yaxud… doğrusunu bilmirəm… Ancaq Abbasqulu əmim Quluxan soyadını qəbul etmişdi.
Bu dəfə sualı həmsöhbətim mənə ünvanlayır:

– Siz mənə atamın, əmimin 19-20 yaşlara qədər Qarabağlar kəndində yaşadığı evin şəklini göstərdiniz. Xatırlayıram ki, atamın dediyinə görə, babalarımızın bir evi də olub, hökumət adamlarının qarşılandığı yer. O ev indi qalırmı?
Biranlıq duruxuram, ancaq tez də yadıma düşür. Bəli, qalır, – deyirəm. O ev Naxçıvan xanlarının sarayı olub, indi muzey kimi fəaliyyət göstərir və qiymətli tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Buna hədsiz dərəcədə sevinən Leyla xanıma söz verirəm ki, Naxçıvana qayıtdıqdan sonra Xan Sarayı Muzeyinin foto­şəkillərini ona göndərəcəyəm. Yeri gəlmişkən, Naxçıvanla bağlı ona bir xeyli məlumatlar da verirəm. Burada tarixə, mədəniyyətə verilən dəyərdən söhbət açıram və müsahibimi Naxçıvana dəvət edirəm. O isə çalışıb buna vaxt tapacağını deyir.
Günün sonu yaxınlaşdığından həmsöhbətimlə sağollaşıb oradan ayrılıram. Ertəsi gün günorta Naxçıvana qayıtmalı olduğum üçün bu görkəmli bir nəslin dünyasını dəyişmiş nümayəndələrinin – Fərəcullah xanın, Mustafa xanın və digərlərinin məzarlarını ziyarət edə, ən azından fotoşəkillərini yaddaşa köçürə bilmədiyim üçün çox təəssüflənirəm… Ürəyimdə – qalsın növbəti səfərə, – deyirəm. Səhər tezdən isə “Karakolhane caddesi”ndə yerləşən binanın birinci mərtəbəsində Nurəddin əmi ilə ayaqüstü 10-15 dəqiqəlik söhbət etməyə vaxt tapıram. Mənə yenə də Nəsrullah xanın xeyirxahlığından, səmimiyyətindən, buradakı dost-tanışa mehriban münasibətindən, ən əsası isə doğulduğu Naxçıvan torpağına sevgisindən ağızdolusu danışır. Onunla xudahafizləşib çölə çıxıram və başımı yuxarı qaldırıb birinci mərtəbəsi ticarət və xidmət obyektləri, digər mərtəbələri isə kirayəlik ev kimi nəzərdə tutulmuş beşmərtəbəli binanın girişindəki yazılı lövhəyə bir daha baxıram… Nəsrullah xanın 1957-ci ildən bu günədək istanbullulara tanıtdığı məşhur “Naxçıvan pasajı”na…

 Səbuhi HƏSƏNOV
Naxçıvan-İstanbul-Naxçıvan

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR