10 Dekabr 2019, Çərşənbə axşamı

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi akademik İsa Həbibbəylinin 70 illik yubileyi qeyd edilir.

Akademik İ.Həbibbəyli respublikamızın elmi-ədəbi və ictimai-siyasi fikrinin inkişafında böyük xidmətlərə malik görkəmli şəxsiyyətlərimizdən biridir. Tutduğu vəzifədən asılı olmayaraq, daim milli dövlətçilik mövqeyindən çıxış edən akademik İ.Həbibbəyli hər zaman dərin biliyi, peşəkarlığı, yüksək elmi, intellektual səviyyəsi, böyük vətəndaşlıq mövqeyi ilə fərqlənmişdir.

Ümummilli Liderimiz Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin ideyaları akademik İ.Həbibbəylinin elmi-siyasi həyatının daim əsasını təşkil etmişdir. Cəlil Məmmədquluzadə yaradıcılığının böyük tədqiqatçısı akademik İ.Həbibbəyli çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazıların müəllifidir. Əsərləri Azərbaycan dili ilə yanaşı ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar və macar, Litva və s. dillərdə çap olunmuşdur.

Elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilərək, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

Görkəmli alim və ictimai-siyasi xadim akademik İsa Həbibbəyli dövlətçiliyimizin möhkəmləndirilməsində, onun inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində, elm və təhsil sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sanballı xidmətlər göstərmişdir.

Yaradıcılıq fəaliyyəti ilə siyasi baxışların, idarəçilik qabiliyyətinin vəhdətini özündə cəmləşdirən akademik İsa Həbibbəyli əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V Çağırış deputatı seçilmişdir. 2015-ci ildən isə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri seçilmiş və hal-hazırda bu vəzifədə böyük fədakarlıqla çalışmaqdadır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi akademik İ.Həbibbəylinin rəhbərliyi, böyük əzmi və iradəsi sayəsində qısa zaman kəsiyində, uzun illərdən bəri, qəbuluna böyük ehtiyac duyulan elm və təhsil sahəsi üzrə bir neçə mükəmməl qanunlar hazırlanmışdır. Məhz bu qanunlar hələ uzun illər boyu ölkəmizin elm və təhsil sahəsinin inkişafına xidmət edəcəkdir.

Akademik İ.Həbibbəylinin Elm və Təhsil Komitəsinə sədr seçildikdən sonra görəcəyi ilk iş xeyli müddət müzakirə olunan "Elm haqqında" qanun layihəsinin yenidən hazırlanması oldu. Gərgin əməyi, biliyi, bacarığı və qətiyyəti sayəsində akademik İsa Həbibbəyli bu çətin, ancaq məsuliyyətli işin öhdəsindən layiqli şəkildə gələrək, zamanın tələbinə tam cavab verə biləcək, əvvəlki qanun layihəsindən tamamilə fərqli, yeni və təkmil qanun layihəsi ərsəyə gətirdi.

Azərbaycan elminin inkişafına, onun çiçəklənməsinə xidmət edəcək bu Qanun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2016-cı il tarixli Fərmanı ilə qüvvəyə mindi. "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Qanun, həmçinin, ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.

Milli Məclisin V Çağırış fəaliyyəti dövründə, Elm və Təhsil Komitəsinin sədri akademik İ.Həbibbəylinin təşəbbüsü ilə, ilk dəfə olaraq, daha üç yeni qanun: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanunu və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq, qəbul edilmişdir. Bu Qanunlar ölkədə həmin istiqamətlər üzrə yeni islahatların həyata keçirilməsinə və müasir inkişafa öz töhfəsini verməkdədir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2017-ci il tarixli Fərmanı ilə "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Qanun Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

"Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanunu da ölkə başçısı İlham Əliyevin 18 iyun 2018-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir. Qanun Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Fərmanı ilə bu il "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Qanun Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanuna, əsasən, Azərbaycan Respublikasında ümumi təhsil "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq Konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

Beləliklə, bu qısa zaman kəsiyində, bu qədər yeni və mühüm əhəmiyyət kəsb edən qanunların hazırlanması, əlbəttə ki, yüksək intellektual düşüncənin məhsulu olmaqla yanaşı, böyük peşəkarlığın, yüksək təşkilatçılığın, yaradıcılığın və əzmin göstəricisi idi.

Onu da, qeyd etmək lazımdır ki, təhsilin ayrı-ayrı pillə və səviyyələrinin hüquqi əsaslarını müəyyən edən bu kimi mükəmməl qanunlar nə müstəqillik illərində, nə də müstəqillikdən əvvəlki dövrdə mövcud olmamışdır.

Hal-hazırda isə komitə sədri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə "Ali təhsil haqqında" Qanun layihəsinin hazırlanması istiqamətində gərgin işlər görülməkdədir. Bu qanun layihəsi də parlamentdə qəbul olunarsa, müstəqil parlament tarixində çərçivə qanunu kimi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsaslanan təhsillə bağlı bütün sahəvi qanunlar tamamlanmış olacaqdır.

Akademik İ.Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Belçika, Azərbaycan-Çin, Azərbaycan-Estoniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qətər, Azərbaycan-Türkmənistan, Azərbaycan-Yaponiya Parlamentlərarası Əlaqələr üzrə işçi qruplarının üzvü kimi ölkəmizin tanıdılması və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəal iştirak edir.

Səriştəli siyasətçi, bacarıqlı təşkilatçı kimi akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının da sədridir. Onun rəhbərliyi ilə komissiya daxil olmuş müraciətlər əsasında müstəqil dövlətimizin milli maraqlarına və dövlətçilik maraqlarına uyğun olaraq, ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayaraq təqdim edir.

Fəaliyyəti dövründə xalqına və dövlətinə sədaqətlə xidmət edən, yorulmadan, yüksək səylə çalışan, ömrünü elmə və dövlətçiliyə xidmətə həsr edən görkəmli alim, böyük ictimai-siyasi xadim akademik İsa Həbibbəyliyə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycan Dövlətinin elm və təhsil siyasətinin həyata keçirilməsində bundan sonra da uğurlar arzu edirəm!

Coşqun Məmmədov,
Azərbaycan Respublikasının Milli Məclisi,
Elm və Təhsil Komitəsinin eksperti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR