17 Oktyabr 2019, Cümə axşamı

Doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada mühüm tədbirlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Kənddə məskunlaşan ailələr taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.

Bu il ilk dəfə pambıq becərən kənd sakini Oqtay Həziyev söhbətində məhsuldarlığın yüksək olduğunu deyib: "Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. Münbit torpaqlarımız var. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 6 hektarda pambıq becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsulumuz da yaxşıdır. Artıq kombaynla birinci yığım başa çatıb. Hər hektardan 41 sentner məhsul götürmüşük. Məhsuldarlıq göstəricisi yığımın sonunadək daha da yüksələcək”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşayış mümkün deyildi. Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bu qələbə nəticəsində cocuq mərcanlılılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.

AZƏRTAC

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR