18 Noyabr 2019, Bazar ertəsi

“Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən mühüm amildir”. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığının əhəmiyyətini vurğulamaqla bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur.

Güclü ordu müstəqilliyimizin, ərazi bütövlüyümüzün, sülh və əmin-amanlığın əsas təminatçısıdır. Artıq müasir və qüdrətli milli ordusu formalaşmış ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirləri uğurla həyata keçirilir. Görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi­-texniki bazası daha da möhkəmləndirilərək burada hərtərəfli xidmət şəraiti yaradılıb, müasir yaşayış və xidmət kompleksləri istifadəyə verilib. Sərhəd zastavaları yenidən qurulub.

Sərhədlərimizin qorunması şərəfli bir vəzifədir. Bununla bağlı Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir. Hər bir sərhədçi öz xidməti ilə nümunə göstərməli, sərhədlərin mühafizəsinə həmişə hazır olmalıdır”.

Bəli, bu gün sərhədçilərimiz bu ideyaların işığında Vətəninin sərhədini göz bəbəyi kimi qoruyurlar. Çünki Azərbaycan Respublikasının hər bir vətəndaşı öz rahat yaşayışı üçün sərhədçiyə güvənir. Muxtar respublikamıza səfər edən bütün xarici vətəndaşlar da buradakı asayişdən, əmin-amanlıqdan ağızdolusu danışırlar. Bu da aydın məsələdir ki, həmin asayişin, əmin-amanlığın və təhlükəsizliyin qarantı müstəqil Azərbaycanın sərhədçiləridir.
Sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də sadalananları bir daha təsdiq edir.
Yeni inşa edilən ikimərtəbəli qərargah binasında xidməti otaqlar, sinif otağı, əsgər və zabit yataqxanası, yeməkxana və ərzaq anbarı vardır. Yataqxana mebel dəstləri ilə təmin edilib. Burada məişət guşəsi yaradılıb, soyutma və istilik sistemləri qurulub.
Sərhədçi ailələri üçün tikilən 4 mənzilli yeni xidməti yaşayış binasında bütün kommunal-məişət şəraiti mövcuddur. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə təmin olunub. Binanın həyəti də abadlaşdırılıb.
Yaradılan şəraitlə tanış olmaq məqsədilə məsul zabitlə birlikdə həmin zastavaya yola düşürük. Bir neçə il öncə bu zastavaya getdiyimdən yolun həddindən artıq yararsız vəziyyətdə olduğunu bilirdim. Ancaq bu dəfə yolu qət edərkən məsul zabitlə də söhbətimizdən məlum oldu ki, zastavaya qədər olan 10 kilometrlik yol və qaz xətti yenidən çəkilib. Ətrafdakı təbiət mənzərəsini izləyə-­izləyə zastavaya çatdıq. Burada yaradılan şəraiti görəndə bir vətəndaş kimi sinəmiz qürur hissi ilə doldu. Aparılan quruculuq işləri nəticəsində maddi-texniki baza xeyli möhkəmləndirilib, zastava müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb. Zastavada bir-birindən yaraşıqlı xidməti otaqlar, yüksək təchizatlı rabitə otağı yaradılıb.
Zastavada xidmət edən əsgərlərdən Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılan Şahin İsmayılzadə ilə də söhbət etmək imkanımız oldu. Onun dediklərindən:
– Artıq üç aydır ki, bu qədim diyarda Vətənə xidmət edirəm. Burada olduğum üçün çox şadam. Çünki bu diyarı yaxından tanımaq şansı qazandım. Sərhədçi kimi xidmətimə gəldikdə isə onu deyə bilərəm ki, Vətən sərhədləri müqəddəsdir. Onu qorumaq isə şərəfli işdir. Komandirlərimizin qeyd etdiyi kimi, həqiqətən, sərhədçi fiziki cəhətdən tam hazırlıqlı, dünyagörüşlü, insanlarla yaxşı ünsiyyət qura bilmək bacarığına malik olmalı, bu istiqamətdə yetişməlidir. Bir sərhədçi kimi anlayırıq ki, sərhədlərimizi sərhədpozuculardan qorumaq təkcə vəzifəmiz deyil, həm də Vətənimizə olan müqəddəs borcumuzdur. Çünki Vətənimizi, öz yaxınlarımızı, qohumlarımızı və həmvətənlərimizi qorumaq bizə həvalə edilib. Ona görə də işimizə məsuliyyətlə yanaşır, sərhədlərimizin keşiyində daim ayıq-sayıq dayanmağa çalışırıq. Mən fəxr edirəm ki, Azərbaycan sərhədlərinin keşiyində ­dururam.
Daha sonra burada sərhədçi ailələri üçün yeni istifadəyə verilən 2 mərtəbəli 4 mənzilli xidməti yaşayış kompleksində Bayramovlar ailəsinin qonağı oluruq. Ailənin xanımı Dilbər Bayramova deyir ki, artıq 8 ilə yaxındır, Naxçıvanda yaşayırıq. Bu illər ərzində həyat yoldaşım muxtar respublikamızın fərqli bölgələrində xidmət edib. Bir hərbçi ailəsi kimi bizə də daim qayğı göstərilib, sosial-məişət şəraitimiz ­diqqət mərkəzində saxlanılıb.
Dilbər Bayramova onu da bildirdi ki, Naxçıvan mənim üçün çox əzizdir. Bura mənə o qədər doğmalaşıb ki, sanki elə Naxçıvanda böyümüşəm. Bir sərhədçi ailəsi olaraq yoldaşımın bu diyarda xidmət etməsi məni qürurlandırır. Biz bu gün evimizdə rahat yatırıq. Çünki bilirik ki, sərhədlərimiz etibarlı şəkildə qorunur.
Ailə başçısı, kapitan Amid Bayramov söhbətə qoşularaq deyir ki, mən muxtar respublikada xidmət etdiyim müddətdə hərbi qulluqçuların məişət şəraitinin daim diqqət mərkəzində olduğunu görmüşəm. Burada yaradılan yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, zastavalarda yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Mən və mənim kimi burada xidmət edən hərbi qulluqçular öz ailələrinin məişət şəraitindən, tibbi və sosial xidmətlərdən narahat deyillər. Bu da bizim məsuliyyətimizi daha da artırır. Söz veririk ki, göstərilən diqqət və qayğını bundan sonra da nümunəvi xidmətimizlə doğruldacağıq.
Zastavada olduğumuz müddətdə yaradılan şəraitlə tanışlığımızdan və sərhədçilərimizlə söhbətlərimizdən bir daha əmin olduq ki, bu gün sərhədlərimizi çevik, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş sərhədçilərimiz mühafizə edir. Onlara yaradılmış şərait isə ən yüksək səviyyədə və nümunə gücündədir.

 Pərviz HACILI

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR