17 Oktyabr 2019, Cümə axşamı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Ölkəmizin AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü və cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi hadisə kimi qiymətləndirib. Bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun artması ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi ölkədir. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetləri sırasına daxil etdiyini, bu sahədə bir çox qanun və qərarlar qəbul edildiyini, ölkəmizin bu sahə ilə bağlı beynəlxalq sənədlərə qoşulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri - yarısı qadındır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin tarixi və qadınların hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolundan danışıb. O, qadınlara seçki hüququ verilməsinin Cümhuriyyətin təsis sənədi olan İstiqlal Bəyannaməsində əksini tapmasına və bu hüququn qanunvericilikdə təsbit olunmasına dair tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri, həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakından və buna dair statistik məlumatlardan söz açıb.

 BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsinə, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsinə XX əsrin əvvəllərindən başlanılıb. Müsəlman dünyasında qızlar üçün birinci məktəbin açılması, “İşıq” jurnalının nəşri, mətbuatda qadın hüquqlarının qeyd edilməsi Azərbaycan cəmiyyətində qadınların aktiv iştirakını təcəssüm etdirib.

Elgün Səfərov müasir dövrdə ölkəmizdə qadınların cəmiyyətdə aparıcı qüvvə hesab edildiyini və onların sayının bələdiyyə sistemində 35 faiz, sahibkarlıqda 30 faiz, Milli Məclisdə 17 faiz təşkil etməsinə dair maraqlı faktlara toxunub.

Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova xatırladıb ki, BMT qadınların cəmiyyətdə rolunun artırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurla həyata keçirilməsi üçün vacib hesab edir. O, gender bərabərliyi ilə bağlı DİM üzrə gənc səfir olduğunu qeyd edərək, qadınların dəstəklənməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. A.İsmayılova gənc xanımların ölkəmizin ictimai həyatında iştirakının artdığını vurğulayıb və bu xüsusda öz nümunəsində bütün yaş qruplarından olan gənclərin iştirakı ilə həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

AZƏRTAC

 

 

 

 

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR