13 Dekabr 2019, Cümə

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Qoşulmama Hərəkatının Zirvə Görüşü və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycanı ərəb və İslam ölkələri daxil olmaqla Qoşulmama Hərəkatına üzv dövlətlərlə tarixi əlaqələr bağlayır. 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunması üzv dövlətlərin Azərbaycana qarşı etimadının artmasının aydın göstəricisidir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub və bu qurumun əsas məqsəd və prinsiplərinə sadiqliyini bəyan edib.

Məqalədə Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyündən irəli gələn siyasi dividendləri qeyd olunur, Bakının Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin fevral ayında imzaladığı Sərəncamdan, Azərbaycanın qlobal sülh və təhlükəsizlik proseslərində iştirakından, habelə Asiya, Afrika və Latın Amerikası ölkələri daxil olmaqla müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsindən bəhs edilir. Azərbaycanın bu quruma üzv olmasının ölkənin beynəlxalq səviyyədə milli maraqlarının qorunması üçün əlverişli şərait yaratdığı vurğulanır.

Bildirilir ki, Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə öz töhfəsini verib. Qoşulmama Hərəkatı çərçivəsində keçirilmiş bütün toplantıların yekun sənədlərində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında nizamlanmasının vacibliyi birmənalı və aydın şəkildə ifadə edilib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik və balanslaşdırılmış siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeləri, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub.

Məqalədə diqqətə çatdırılır ki, XVIII Zirvə Görüşünə ev sahibliyi Azərbaycan həqiqətlərinin, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasındakı üzvlüyündən irəli gələn üstünlüklərdən istifadə etməklə sədrlik dövründə üzv dövlətlərlə birlikdə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə rolu və nüfuzunun artırılması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və möhkəmlənməsi, habelə Hərəkatın beynəlxalq münasibətlərin müasir dövrdə üzləşdiyi qlobal çağırışların öhdəsindən gəlməsi üçün səylərini əsirgəməyəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR