07 Dekabr 2019, Şənbə

Ölkəmizdə əhalinin növbəti siyahıya alınması keçirilir

Məlum olduğu kimi, ölkə Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən bu gündən etibarən oktyabrın 10-dək əhalinin növbəti siyahıya alınması aparılacaqdır. BMT-nin tövsiyələrinə uyğun olaraq 10 ildən bir keçirilməsi nəzərdə tutulan əhalinin siyahıya alınması ölkəmizdə, eləcə də muxtar respublikamızda demoqrafik inkişafın bir sıra mühüm istiqamətlərini öyrənməyə imkan verəcək. Burada məqsəd ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılmasıdır. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə demoqrafik vəziyyət haqqında məlumatların əldə edilməsi çar Rusiyası dövründə – 1897-ci il Birinci Ümumrusiya siyahıya alınmasının keçirilməsi vaxtı mümkün olub. SSRİ dövründə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə keçirilib. Müstəqillik dövründə isə bu proses 1999-cu və 2009-cu illərdə baş tutub. Bəs əhalinin siyahıya alınması hansı sosial-iqtisadi tərəfləri ilə seçilir və ümumiyyətlə, bu prosesə ölkəmizin baxışı necədir?

Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda aparılan islahatlar bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasət, uğurla icra olunan dövlət pro­qramları demoqrafiya və əhali sakinliyinin inkişafına öz müsbət təsirini göstərməkdədir. Vurğulayaq ki, Şərqi Avropa və MDB dövlətləri arasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə ilk dəfə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Bu Konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanır. Eyni zamanda adıçəkilən Konsepsiya ölkə­mizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazır­lanmasına və həyata keçirilməsinə təkan verib.
İnsan inkişafı hər zaman davamlı sosial-iqtisadi tərəqqi ilə şərtlənir. BMT-nin ekspertləri tərəfindən işlənmiş və 1990-cı ildə təqdim olunmuş insan inkişafı konsepsiyası da davamlı inkişafın əsas və yeganə məqsədini – əhalinin rifahını nəzərdə tutur. Eyni zamanda sosial-iqtisadi inkişaf yolunda əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd kimi hesab olunur. Beləliklə, insan inkişafı və sosial-iqtisadi tərəqqi qarşılıqlı əlaqəlidir və bir-birini qarşılıqlı olaraq şərtləndirir. Bu mənada, demoqrafik göstəricilərə dair proqnoz məlumatlarından ­sosial-iqtisadi inkişafla əlaqədar gələcək planların qurulması zamanı istifadə olunur. Əhalinin siyahıya alınması prioritet milli layihələrin inkişafının əsaslandırılması da daxil olmaqla demoqrafik vəziyyətin qiymətləndirilməsi və bütün səviyyələrdə dövlət büdcəsinin müəyyən edilməsində son dərəcə vacib mərhələdir. Məlum məsələdir ki, əhalinin sayı və onun strukturu daim zamana görə dəyişir. Yəni insan doğulur və ya ölür, yaşayış yerini dəyişir, nikaha daxil olur və ya boşanır, məktəbi və ya ali təhsil müəssisəsini bitirir, yeni peşəyə yiyələnir və sair. Bu dəyişikliklər bütünlükdə iqtisadiyyatın və cəmiyyətin inkişafına öz təsirini göstərir. Məhz bu cür demoqrafik hadisələrin qanunauyğunluqlarının dərk edilməsi yalnız etibarlı məlumatlar əsasında mümkündür. Bu baxımdan siyahıyaalma, bütövlükdə, həm ölkə, həm də onun regionları üzrə mühüm əhəmiyyət kəsb edir.
2009-cu ildə muxtar respublikada keçirilmiş siyahıyaalmanın nəticələrinə diqqət etsək, görərik ki, həmin dövrdə əhalinin sayı 398,3 min nəfər olub. Bunun 198,3 min nəfərini və ya 49,8 faizini kişilər, 200 min nəfərini və ya 50,2 faizini isə qadınlar təşkil edib. Əhalinin 115,5 min nəfəri və ya 29 faizi şəhərlərdə, 282,8 min nəfəri və ya 71 faizi kəndlərdə məskunlaşıb. 1 may 2019-cu il tarixə muxtar respublikada əhalinin sayı 457 min nəfərə yaxın olub ki, bu da 2009-cu ilin aprel ayında keçirilmiş siyahıyaalma dövründə qeydə alınmış əhali sayından 58,7 min nəfər çoxdur. Müqayisə üçün deyək ki, ikinci siyahıyaalmada əhalinin sayı birinci siyahıyaalma dövründən 44,2 min nəfər çox olub. Təbii ki, 2009-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olub. Bu baxımdan siyahıyaalmada demo­qrafik vəziyyətin öyrənilməsi ilə əhali haqqında dolğun məlumatlar əldə edilir və həmin məlumatlardan hesablamaların aparılması və proqnozların hazırlanmasında, eləcə də elmi-praktik işlərdə və təsərrüfat fəaliyyətində istifadə olunur.
Burada diqqət edilməli məsələlərdən biri də əhali sakinliyinin inkişafıdır. Əhali sakinliyi, sadə dillə desək, mövcud əhalinin miqrasiya proseslərinə məruz qalmadan yaşadıqları bölgədə sosial-iqtisadi inkişafının təmin olunmasıdır. Bildiyimiz kimi, son illərdə bütün dünya ölkələrində şəhərlərə doğru meyillənmə halı müşahidə olunur. Burada bir çox səbəblər var, ancaq ən əsası mərkəzlərdə iqtisadi həyatın əlçatanlığı daha çox rol oynayır. Naxçıvan Muxtar Respublikasında 2009-cu ildə keçirilmiş siyahıyaalmadan görünür ki, əhalinin 71 faizi kəndlərdə yaşayır. Əhali sakinliyində bu faizin saxlanılması onun göstəricisidir ki, muxtar respublikada kənd yaşayış məntəqələrində rahat yaşayış üçün vaxtında zəruri tədbirlər həyata keçirilib. Yolların abadlaşdırılması, qaz və elektrik enerjisi ilə təminat, yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, kənd və xidmət mərkəzlərinin salınması, müasir rabitə və poçt xidmətlərinin təşkili, əhalinin məşğulluğu üçün müxtəlif layihələrin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması və digər tədbirlər bu sahədə atılmış mühüm addımlardır.
Məlumdur ki, ötən siyahıya­almadan keçən dövr ərzində bu kimi tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyıb, əhalinin sosial rifahı daha da yüksəlib. Bu mənada, yeni keçiriləcək siyahıya­almada daha çox müsbət meyillərin müşahidə olunacağını indidən söyləmək mümkündür. Bu dəfə keçiriləcək siyahıyaalma əhalinin sayı, yerləşməsi, etnik mənsubiyyəti, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, ana dili və sərbəst danışdığı digər dillər üzrə bölgüsü, gəlir mənbələri, iqtisadi fəallığı, məşğulluğu, sağlamlıq imkanlarının məhdudluğu, əhalinin ölkədaxili və ölkələrarası hərəkətinin (miqrasiyanın) səbəbləri, iqtisadiyyatın sahələri və məşğulluq statusuna görə bölgüsü, ev təsərrüfatlarının sayı və tərkibi, mənzil şəraiti və sair haqqında məlumatların əldə edilməsinə şərait yaradacaqdır. Bir sözlə, bu sosial tədbir muxtar respublikanın demoqrafik inkişaf mənzərəsini ortaya qoymaqla yanaşı, yeni hədəflərin müəyyənləşdirilməsinə də öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR