15 Oktyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə geniş məruzə ilə çıxış edən Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Məharətlə tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib, əhalinin rifah halı yaxşılaşdırılıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

Enerjidaşıyıcılarına tələbatın ­payız-qış mövsümündə xüsusilə artımı nəzərə alınaraq muxtar respublika əhalisinin, idarə, təşkilat və sənaye müəssisələrinin enerjidaşıyıcıları ilə təminatının dayanıqlı olması, qış aylarında yarana biləcək hər hansı problemin qarşısının alınması və nəticələrinin operativ aradan qaldırılmasının təmin edilməsi məqsədilə hər il Ali Məclisdə müşavirə keçirilir. Müşavirədə hər il ötən mövsümün nəticələri müzakirə olunur və əlaqədar təşkilatlar qarşısında konkret vəzifələr müəyyənləşdirilir.
Vurğulanıb ki, muxtar respublikada həyata keçirilən bu tədbirlər artıq neçə ildir, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan verir. Lakin buna baxmayaraq, hər il qış aylarında ortaya çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün hazırlıq işlərinin görülməsi və lazımi mal-material ehtiyatının yaradılması icrası zəruri olan vacib tapşırıq kimi qarşıda dayanır.
“2018-2019-cu illərin payız-qış mövsümündə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsinin nəticəsidir ki, ötən dövr ərzində daxili işlər orqanları heç bir çətinliklə üzləşməyib, mövsümü uğurla başa vurub”, – deyən nazir diqqətə çatdırıb ki, qış aylarında sürüşmə nəticəsində heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb, inzibati binalar fasiləsiz istiliklə təmin olunub, qazanxanalarda və mühafizə edilən obyektlərdə çalışan şəxslərlə aparılan hüquqi maarifləndirmə tədbirləri və ciddi nəzarət mexanizmi nəticəsində hər hansı xoşa­gəlməz bir hadisə baş verməyib. Bunlarla yanaşı, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyətinin isti qış geyimləri ilə təmin olunması, əsgər kazarmalarının istilik sistemində texniki tədbirlərin keyfiyyətlə həyata keçirilməsi, eləcə də kifayət qədər ərzaq ehtiyatının yaradılması payız-qış mövsümünün nöqsansız başa vurulması ilə nəticələnib.
Müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində Daxili İşlər Nazirliyinin aid strukturları qarşısında müvafiq tapşırıqlar qoyulub.
Məruzə ətrafında çıxışlar dinlənilib.
Daxili İşlər naziri müşavirəyə yekun vuraraq qarşıya qoyulan vəzifələrin icrası istiqamətində aid strukturlara müvafiq tapşırıqlar ­verib.

*  *  *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.
İclası nazir Tapdıq Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirib ki, dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar yaradılıb. Ümumilikdə, soyuducu anbarların qurulması və məhsul tədarük edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 362 min 840 manat, o cümlədən 2019-cu ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 65 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Diqqətə çatdırılıb ki, ötən dövr ərzində muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 4081,5 tonadək kənd təsərrüfatı məhsulu, o cümlədən 3967,7 ton kartof, 55,6 ton soğan, 52,8 ton alma və 5,5 ton kələm məhsulu tədarük olunub, hazırda bu iş davam etdirilir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2019-cu ilin ötən dövrü ərzində Şərur rayonunda üç soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.
Nazir qeyd edib ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bəhs olunan dövr ərzində bir istixana kompleksi istifadəyə verilib, bununla da istixana komplekslərinin sayı 32-yə çatdırılıb. Bununla yanaşı, hazırda muxtar respublikada tərəvəz məhsulları yetişdirilməsi üçün 2 istixana kompleksində işlər davam etdirilir. Cari ilin ötən dövründə istixana komplekslərində tərəvəz məhsulları yetişdirilərək satışa çıxarılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni Təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Vurğulanıb ki, bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kənd­lərini də əhatə edib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin müasir istilik sistemi ilə təchiz olunması payız-qış mövsümündə onların fasiləsiz fəaliyyətini təmin edib. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla, ümumilikdə, 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sisteminə malik idisə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 95 faiz təşkil edir. 2019-2020-ci tədris ilinin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün onların yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilib.
Bildirilib ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən 212 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcəkdir. Bu da tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.
Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaqdır.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclası nazir Nicat Babayev açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə payız-qış mövsümündə, mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlanılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, habelə bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlərin görülməsi, hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların icrası ilə bağlı nazirlik tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla əlaqədar tədbirlər planı təsdiq olunub və komissiya yaradılıb.
Qeyd olunub ki, əsgərlər üçün yun şərf və yun corab toxunması məqsədilə evlərdə məşğulluğu təmin edilən sağlamlıq imkanları məhdud şəxslərlə müqavilələr bağlanılıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən müəssisələrin qazanxana işçiləri üçün maarifləndirmə tədbirlərinə başlanılıb.
Həmçinin qarşıdakı dövr ərzində müvafiq vakansiyalar üzrə kadrların təmin edilməsi, peşə təhsilinə malik olmayan, məşğulluq xidməti orqanlarında işaxtaran kimi qeydiyyatda olan şəxslərin vakant yerlərə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə kursların təşkili, habelə sosial-məişət xidməti göstərilən sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların qış mövsümünə uyğun olaraq geyim və digər vasitələrlə təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı nazirliyə və tabeliyində olan qurumların inzibati binalarına baxış təşkil olunub. İstilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı yoxlanılıb, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR