18 Noyabr 2019, Bazar ertəsi

Fotolar yaşananları gözlər önünə sərməklə dünənlə bu günün müqayisəsini aparmaq üçün bizə geniş imkanlar yaradır. Bu mənada, fotoqrafiya sənətini tarixin güzgüsü də adlandırmaq olar. Bacarıqlı fotoqrafın illər öncə çəkdiyi şəkil bu gün keçmişə işıq salmaqla tarixi öyrənməyə, adət-ənənələri, milli-mənəvi dəyərləri yaşatmağa xidmət edir. Məhz bu nöqteyi-nəzərdən fotoqrafiya olduqca əhəmiyyətli sahə kimi diqqəti çəkir. Bu sənətin tarixi böyük olmasa da, foto işi günümüzdə çox populyarlıq qazanıb.

Fotoqrafiyanın tarixinə qısaca nəzər salaraq qeyd edək ki, dünyada ilk foto­qrafiya ixtiraçısı fransız rəssamı Jozef Nyeps olub. Bu işi həmkarı Lui Jak Dager davam etdirib. Mənbələrdə foto­qrafiyanın yaranma tarixi 1839-cu il yanvarın 7-si göstərilir. Həmin gün Lui Dager dayanıqlı insan fotorəsmini çəkməyi bacarıb. O, 1839-cu ildə Parisdə Fransa Elmlər Akademiyası üzvlərinin iştirakı ilə keçirilən yığıncaqda fotoqrafik əkslərin möhkəmləndirilməsi üsulunu tapdığını elan edib. Müasir fotodan fərqli olaraq ilk foto neqativ deyil, pozitiv idi. Onu isə yalnız düz günəş şüaları altında görmək olurdu. Həmçinin foto pozitivdən köçürmə (surətçıxarma) mümkün deyildi. İlk rəngli fotoşəkil isə 1861-ci ildə nümayiş olunub. İllər keçdikcə bütün sahələrdə gedən inkişaf və tərəqqi fotoqrafiya sənətinin də təkmilləşməsinə imkan verib.

Doğma Naxçıvanımızda fotoqrafiya sənətinin yaranma tarixi ötən əsrin 20-ci illərinin ortalarına təsadüf edir. Ötən dövr ərzində bu sənət böyük inkişaf yolu keçib, qədim diyarda bir sıra tanınmış fotoqraflar yaşayıb-yaradıblar. Onlardan biri də ömrünün 50 ilini bu sənətə həsr edən Əhməd Seyidovla çalışdığı fotostudiyada görüşdük, həmsöhbət olduq. Əhməd ­Seyidov dedi:
– Fotoqrafiya sənətinə uşaqlıq illərindən böyük maraq göstərmişəm, bu işlə məşğul olanlara həsəd aparmışam. 22 yaşımda bu sənətin dalınca getdim. O zamanlar foto işi ilə məşğul olmaq çox çətin və məsuliyyətli idi. Texnologiyalar bəsit olduğundan bu iş insandan böyük zəhmət, əsl sənətkar­lıq tələb edirdi. Bəzən bir şəklin effektli alınması üçün saatlarla vaxt sərf etməli olurdum. Lazım gələn materiallar da çətin tapılırdı. İllər ötdü, yeni texnologiyalar ixtira olundu, foto işi də müasirləşdi. Ancaq unutmayaq ki, şəklin effektli, göz­oxşayan olması üçün, sadəcə, müasir foto­aparat kifayət etmir, əsl fotoqraf çəkdiyi fotolara hiss və emosiyalarını qatmalı, ətrafda gördüklərini dolğun şəkildə foto­obyektivin yaddaşına köçürməyi bacarmalıdır. Bu isə, təbii ki, hər kəsə nəsib olmayan istedaddır. Peşəkar foto­qraf olmaq istəyən daim öz üzərində işləməlidir. Uzun müddət foto işi ilə məşğul olmağıma baxmayaraq, hər gün yeni bir incəlik öyrənirəm. Doğma Naxçıvanımızın hər guşəsini qarış-qarış gəzirəm. Qədim torpaq hər fəsildə bir başqa gözəlliyə qərq olur. Bu ecazkar­lıq biz fotoqraflara böyük əhval-­ruhiyyə bəxş edir, çəkilən şəklin daha baxımlı, könülaçan olmasına şərait yaradır. Təcrübəmdən deyim ki, şəklin effektli alınmasında studiyada işıqlandırma, açıq havada isə gün işığı mühüm rol oynayır. Əgər insan fotosu çəkirsənsə, mütləq arxa fona da fikir verməlisən. Bu mənada, yaşıllıq ərazilərdə, tarixi məkanlarda çəkilən şəkillər daha effektli, daha cəlbedici alınır.
Əhməd Seyidovun sözlərinə görə, əvvəllər ailəliklə xatirə şəkli çəkdirmək üçün fotoqraflara tez-tez üz tutardılar. Lakin müasir dövrdə smartfon telefonların meydana gəlməsi ilə bu istək xeyli azalıb. İndi həvəskar fotoqraflar peşəkar fotoaparat olmadan belə, şəkil çəkə bilirlər. Lakin bu da danılmaz həqiqətdir ki, professional fotoqraf işi ilk baxışdan seçilir. Müasir dövrün üstün cəhətlərindən biri internet və sosial şəbəkələrə geniş çıxış imkanlarının olmasıdır. Əgər əvvəllər doğma yurdumuzla bağlı çəkilən fotolar rəfləri bəzəyirdisə, indi gənclər bu şəkilləri bütün dünyaya asanlıqla nümayiş etdirə bilirlər.
Təqdirəlayiq haldır ki, bu gün foto­qrafiya sənətinin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük önəm verilir. Gənc fotoqraflar nəslinin yetişməsi, istedadlı fotoqrafların üzə çıxarılması üçün mütəmadi olaraq sərgilər, fotomüsabiqələr təşkil olunur. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu, Rəssamlar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənclərin bu sənətə marağını artırmaq üçün məqsədyönlü işlər görür­lər. “Naxçıvanı tanıyaq”, “Naxçıvanı tanıdaq”, “Naxçıvanın turizm potensialı”, “Ətraf mühit və biz”, “Ailə dəyərlərimiz film və fotolarda” mövzularında, eləcə də əlamətdar günlərlə bağlı təşkil olunan fotomüsabiqə və sərgilər doğma diyarımızın tanıdılması baxımından müstəsna əhəmiyyətə ­malikdir. Naxçıvanlı fotoqrafların ­ölkəmizin digər bölgələrində təşkil olunan sərgilərdə də iştirakları təmin olunur ki, bu da fotoqrafiya sənəti ilə məşğul olan gənclərə böyük stimul verir.
Cari ildə də gənc fotoqrafların fəal­lığını təmin etmək məqsədilə bir neçə fotomüsabiqə və sərgi keçirilib. “Naxçıvan ölkəmizin Gənclər Paytaxtıdır” adlı fotomüsabiqənin təşkil edilməsində məqsəd qədim diyarın mədəniyyətinin, tarixi abidələrinin, turizm imkanlarının, təbiət mənzərələrinin, müasir inkişafının, adət-ənənələrinin təbliğində gənc­lərin fəallığını təmin etməkdən ibarət olub.
Cari ilin may ayının 22-də Bakı şəhərindəki “Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı ­fotosərgisi keçirilib. Sərgidə muxtar respublikamızın dünənini, bu gününü əks etdirən fotolar paytaxt sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib. Həmin sərgi Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı ilə bağlı keçirilən açılış tədbirində də nümayiş etdirilib. Sərgi İslam ölkələrinin nümayəndələri tərəfindən yüksək ­dəyərləndirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində çalışan rəssam- fotoqrafın səmərəli fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Burada çəkilən fotoların kataloq­laşdırılması, afişaların hazırlanması işləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində fotoqraf kursları da təşkil olunur. Bu da hər hansı idarə və təşkilatda çalışan gənc foto­qrafın bu sənətin sirlərinə daha dərindən yiyələnməsinə böyük imkanlar açır.
Bu gün doğma diyarımızın tarixi keçmişi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz çəkilən fotolarda yaşayır. Bütün bunlar isə, təbii ki, dövlətimizin bu sənətin inkişafına göstərdiyi qayğı nəticəsində mümkün olur.

 Nail ƏSGƏROV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR