13 Dekabr 2019, Cümə

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2009-cu il 7 fevral tarixdə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam xalqların, ölkələrin bir-birinə daha çox inteqrasiya olunduğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə azərbaycanlıların milli kimlik pasportu olan xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sənətinin geniş və sistemli şəkildə təbliğ olunması, gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki hər bir xalqın varlığı onun sahib olduğu mənəvi dəyərləridir.

Sərəncamda da qeyd olunduğu kimi, xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tədqiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən sərəncamda deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.

Ən geniş yayılmış və ən qədim kütləvi xalq rəqsi olan yallı el şənliklərində, bayramlarda və toylarda ifa edilir. Yallı ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını aydın şəkildə çatdıran, dünənimiz və bu günümüzdən soraq verən milli rəqsimizdir. Tədqiqatçıların fikrincə, yallı rəqsdən xeyli əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranma tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. Aparılan araşdırmalar təsdiq edir ki, ilkin yallı oyunları oda, atəşə pərəstiş dövründə formalaşıb. O, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin başlıca məşğuliyyət sahəsi olan ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə and vermək istəyənlər özlərinin bu münasibətlərini mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yallılarda mərdlik , birlik, çağırış, sevgi və qalibiyyət hissləri xarakterizə olunur. Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı “Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa­-ədalətə və sülhə can atmasını özündə yaşadıb. Yallılarımızın vaxtilə ovçuluq və atəşi qorumaq məqsədilə icra olunan mərasim oyunu növləri olması ilə bağlı təsvir və məlumatlara Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında da rast gəlinir.
Azərbaycanın tanınmış musiqiçisi, rəqslərimizin mahir ifaçı və tədqiqatçısı, Xalq artisti Əminə Dilbazinin fikrincə, yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur. “Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir”. Görkəmli sənətkar, bu mənada, Şərur yallılarını birinci sırada görür. Bu barədə fikir söyləyənlər heç də yanılmayıblar. Çünki Şərur yallılarının tarixi, ruhi-mənəvi qaynaqları, bədii-estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında deyiləsi fikirlərə bu gün də böyük ehtiyac vardır.
Rəqs sənətinin geniş yayıldığı ərazilərdən biri Naxçıvan diyarıdır. Doğma yurdumuzda ən qədim rəqs elementlərimiz bu gün də qorunub yaşadılır. Elə rəqs növlərimiz var ki, o, ancaq bu yurd üçün xarakterikdir. Naxçıvan rəqsləri birbaşa ənənələrə söykənir və müxtəlif elementləri özündə ifadə edir. Ta qədimdən bu günədək Naxçıvan toylarında mütləq yallı gedilir. Bu rəqsdə ifaçıların sayı 10-100 arası olur. Muxtar respublikamızda yallı sənəti daha çox Şərur, Ordubad və Şahbuz bölgələrində inkişaf edib. Vaxtilə bu ərazilərə məxsus yüzə yaxın yallı növündən 40-dan çoxu bu günümüzə gəlib çatıb. “Xələfi”, “Tənzərə”, “Tello”, “Nazilə”, “Çökəli”, “Üç addım”, “Şərani”, “Gülümhey”, “İki ayaq”, “Ürfanı”, “Qazı-qazı”, “Köçəri”, “Dördayaq”, “Arzumanı” yallıları bu gün də sevilərək ifa olunan rəqslərdir. Bu yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yertitrədən ayaq səslərini özündə yaşadır, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağırır.
Yallı təkcə musiqi və rəqs növü deyil. O, eyni zamanda qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığından soraq verir. Məhz bu mənəvi sərvətlərimiz ilə düşmənlərimizə də kimliyimizi, varlığımızı qürurla sübut edə bilirik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yallı sənəti ilə bağlı tədqiqatlar aparması, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunması dediklərimizin bariz nümunəsidir. Belə ki, 2018-ci ildə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi biz gənc­ləri daha da fərəhləndirir. Burada əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq, eyni zamanda bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Qürurverici haldır ki, Şərur, xüsusən də “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, növbəti dəfə bu ölkəyə layiqli cavab verilmişdir.
Naxçıvan yallıları bu qədim diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Naxçıvan əsrlərboyu istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınıb. Məhz buna görə də Naxçıvan yallılarını “Naxçıvanın tacı” adlandıran xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.
Bir sözlə, yallı dünəndən bu günə uzanan bir yoldur. Qədim rəqs – musiqi tariximizin laləli düzəngahlarından, sel udan dərələrindən keçib gələn yol! Xalqın mənəvi inkişaf yolları onun açdığı coğrafi yollardan gəlib keçsə də, mənəvi sərvətlərimiz tarixin sel və gürşadlarına qarşı daha dözümlü olub. Bəli, nəsillərdən-nəsillərə ötürülən bu folklor nümunəmiz bu gün öz əzəməti ilə xalqımızın yenilməzlik, birlik, mərdlik və qəhrəmanlıq kimi keyfiyyətlərini xarakterizə edir. Bu milli özünəməxsusluğu, mənəvi dəyərlərimizi, xalq yaradıcılığımızı, bədii təfəkkürümüzün güzgüsü olan yallıları qoruyub yaşatmalı, gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR