21 Sentyabr 2019, Şənbə

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Görkəmli dövlət xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin hərb zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapdağından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək oldu, döyüşlərdə iştirak edərək şəhidlər verdi.
Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucu­larının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qarşılıqlı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır... Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”.
Ölkələrimiz və xalqlarımız arasındakı möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qoyulmuşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır.
Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə ordu quruculuğu, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Görülən işlərin davamı kimi, bu il avqustun 15-dən etibarən Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarına əsasən Türkiyə üzərindən yeni hava dəhlizinin açılması da mühüm əhəmiyyətə malikdir.
Bu il iyun ayında Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Milli Müdafiə naziri ilə ­görüşmüş, qarşılıqlı maraqdoğuran məsələlər barədə müzakirələr aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir: “Bu gün Azərbaycan-­Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir”.
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkə­lərimiz daha böyük zəfərlər qazanacaqlar.

"Şərq qapısı"

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR