21 Sentyabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası ­təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələri üçün yeni binaların tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin ən müasir maddi-texniki baza ilə təchiz olunması, bacarıqlı pedaqoqların tədrisə cəlbi bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdəndir. Bütün bunlarla yanaşı, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur. Nəticədə, valideynlərin də qayğıları xeyli azalır.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkaları fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Həm qiymətlərin ucuzlaşmasına, həm də süni qiymət artımına nəzarətin güclənməsinə səbəb olan yarmarkalar övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlərin işini xeyli asanlaşdırır.

Qeyd edilib ki, yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, ayaqqabılar və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Sevindirici haldır ki, muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, həyata keçirilən məqsədyönlü və ardıcıl işlər nəticəsində muxtar respublikada sosial-iqtisadi inkişafla yanaşı, elmi intellektual tərəqqiyə nail olunub, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi həyata keçirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli tədbirlərin reallaşmasına imkan verir. Müəllim, tələbə və şagirdlərə vahid geyim formalarının tətbiqi, həmin malların keyfiyyətinə və təhsil ocaqlarında yerləşən ictimai iaşə obyektlərinə xüsusi diqqət yetirilməsi bu sahəyə göstərilən qayğının daha bir ifadəsidir.
Diqqətə çatdırılıb ki, İqtisadiyyat və Təhsil nazirliklərinin, şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkalarının təşkil olunmasında əsas məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat şəkildə təmin etməkdir.
Vurğulanıb ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsalı üzrə 4 yüngül sənaye müəssisəsi fəaliyyət göstərir. Cari ildə də 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, yarmarka Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində bir, Culfa rayonunda isə 3 ünvanda olmaqla, ümumilikdə, 10 ünvanda təşkil ediləcək və sentyabrın 15-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR