15 Oktyabr 2019, Çərşənbə axşamı

Məlumdur ki, bu vaxta qədər Bakı-Naxçıvan-Bakı avtobus mar­şrutundan istifadə edənlər müəyyən çətinliklərlə üzləşirdilər. Sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında, ümumilikdə, 4 dəfə gömrük nəzarətindən keçirilir, əl yükləri dəfələrlə yoxlanılırdı. Sərnişinlər gömrükləri keçərkən baqajlarını özləriylə bərabər daşımalı olurdular. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün yorucu və narahat vəziyyət yaradırdı.
Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti tam sadələşdirilib. Sərnişinlərin rahatlığının və mənzilbaşına daha tez çatmalarının təmin edilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Avtovağzal Kompleksində müasir rentgen-­nəzarət qurğusu quraşdırılıb və gömrük əməkdaşlarının fəaliyyəti təmin olunub. Bundan sonra Naxçıvandan Bakıya gedən avtobuslara gömrük nəzarəti Avtovağzal Kompleksində həyata keçiriləcək.
Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusu dünən səhər saatlarında ilk dəfə olaraq Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.

Avtobusla Bakıya getmək istəyən Ordubad və Culfa rayon sakinlərinin isə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksinə gəlmələrinə ehtiyac yoxdur, onların əl yükləri Culfa Gömrük Postunda gömrük nəzarətinə cəlb olunacaqdır.
Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonasının yaradılması əhali tərəfindən razılıqla qarşılanıb.
Avtobus sürücüləri və vətəndaşlar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafında özünü göstərir. İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar İran ərazisində əlavə gömrük yoxlamasına cəlb edilmir. Beləliklə, avtobusların gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.
Onu da vurğulamaq yerinə düşər ki, Culfa və Biləsuvar gömrük postlarının iş vaxtı 24 saata çatdırılıb, gecə vaxtı da Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə avtobus reyslərinin həyata keçirilməsi təmin olunub. Avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarında edilən dəyişiklik və sadələşdirmə sərnişinlərin rahatlığının təmin olunmasına, gediş-gəlişin artmasına şərait yaradıb.

Rahil TAHİRLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR