07 Dekabr 2019, Şənbə

Mən kitab oxumağın – bizim vərdiş etdiyimiz bu adi, lakin öz mahiyyəti etibarı ilə, bütün dövrlərin və xalqların dahi zəkaları ilə insanın mənəvi cəhətdən qovuşması kimi əsrarəngiz prosesin, bu mütaliə prosesinin, bəzən qəfildən həyatın mənasını və bu həyatda adamın mövqeyini insan üçün necə işıqlandırdığı barədə çox şey söyləyə bilərdim. Mən, demək olar, az qala ecazkar cazibədarlığa malik bir çox misilsiz gözəl əhvalatlar bilirəm.
Kitablar mənə başqa bir həyat haqqında, mənim bildiyimdən daha bəşəri həyat haqqında pıçıldayırdı. Onlar mənə həyatda mövqeyimi göstərirdi. Kitablar mənim ağlımı və qəlbimi qanadlandıraraq üfunətli bataqlıq üzərinə yüksəlməyə kömək etdi, kitablar olmasaydı, sarsaqlıq və bayağı mühit içərisində batıb boğulardım. Kitablar dünyanın hüdudlarını mənim qarşımda getdikcə daha artıq genişləndirərək yaxşılığa doğru can atan insanın necə böyük və gözəl olduğunu, dünyada nə çox yaxşı iş gördüyünü və bunun ona necə misilsiz ağlasığmaz iztirablar hesabına başa gəldiyini göstərirdi.
Beləliklə də, mənim qəlbimdə insana, kim olur-olsun, hər bir adama qarşı qayğıkeş münasibət duyğusu baş qaldırırdı, onun əməyinə hörmət, onun narahat ruhuna məhəbbət duyğusu toplanırdı. Yaşamaq asan, fərəhli olurdu. Həyat böyük məna kəsb edirdi.
Kitablar məndə həyatın bütün şər əməllərinə şəxsi məsuliyyət hissi tərbiyə edərək bəşər zəkasının yaradıcı qüvvəsi qarşısında müqəddəs pərəstişkarlıq duyğusu yaratdı.

Mənim etiqadımın doğruluğuna dərindən inanaraq hamıya deyirəm: “Kitabı sevin, o, sizin həyatınızı yüngülləşdirər, fikirlərin, duyğuların, hadisələrin əlvan və coşqun dolaşıqlığını başa düşməyə, dərk etməyə dostcasına kömək edər, o, sizi insana və özünüzə hörmət etməyə öyrədər, kitab ağılı və qəlbi dünyaya, insana sevgi duyğusu ilə qanadlandırır.
Qoy o, sizin etiqadınıza müğayir olsun, lakin kitab vicdanla, insanlara məhəbbətlə, onlara xeyirxahlıq arzusu ilə yazılıbsa, onda bu, gözəl kitabdır.
Hər cür bilik faydalıdır, zəkanın sarpmasını, duyğunun səhvini bilmək də faydalıdır.
Bilik mənbəyi olan kitabı sevin, ancaq bilik bizi mənəviyyatca qüvvətli, namuslu, zəkalı adamlar, insanı səmimi surətdə sevməyi, onun əməyinə hörmət etməyi və onun fasiləsiz davam edən böyük əməyinin gözəl bəhrələrinə ürəkdən məftun olmağı bacaran adamlar edə bilər.
İnsanın əli ilə edilmiş və edilən hər şeydə, hər bir əşyada onun qəlbi var; bu təmiz və nəcib qəlb hər şeydən çox elmdə, incəsənətdədir, bu cür qəlbin duyğuları hər şeydən parlaq və aydın şəkildə kitablarda ifadə olunur.

Maksim Qorki
“Pedaqoji fikir tarixindən” kitabından

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR