19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Bu gün qürurla deyə bilərik ki, doğma diyarımız Naxçıvanda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin İkinci Dünya müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və Azərbaycan Vətən Müharibəsi əlillərinin rifah halının daha da yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.

Təkcə 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələrinin təşkil edilməsi, 150 şəxsin sanatoriya və müalicə pansionatlarına göndərilməsi, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bir daha göstərir. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır, aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa da müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır.

Qədim və həmişəcavan Naxçıvanın inkişafında özünəməxsus yer tutan sərhəd bölgəmiz Sədərəkdə də bu qəbildən olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Belə ki, iyulun 2-də 1 şəhid ailəsinə, 2 Azərbaycan Vətən Müharibəsində sağlamlıq imkanlarını itirən və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər verilib. Biz də həmin ailələrlə görüşüb onların sevinclərinə şərik olmaq üçün Sədərək rayonuna yollandıq.
Qonağı olduğumuz ilk ev şəhid anasının mənzili idi. Burada Dilbər Hüseynova ilə həmsöhbət oluram. O deyir: – 1990-cı ilin soyuq, şaxtalı qış günlərində mənfur ermənilər Sədərəyə hücum etmişdilər. Topun, tüfəngin səsindən qulaq tutulurdu. Rayonumuzun əhalisi muxtar respublikanın vətənpərvər oğulları ilə son dərəcə ağır anlarda dahi rəhbərin ətrafında yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdı. Düşmənin atdığı qradlar, alazanlar Sədərək torpağına yağış kimi yağsa da, doğma yurdunu, isti ev-eşiyini heç kim tərk etmədi. Biz qadınlar evlərimizdə isti çörək, yemək bişirib səngərdəki balalarımıza göndərirdik. O vaxt ordumuz bu səviyyədə deyildi. Nə müasir silah var idi, nə də isti geyim-keçim. Biz o vaxt səngərdəki balalarımıza arxa-dayaq idik. Döyüşən könüllülər, əsgərlər arxasında xalqın olduğunu bilib daha böyük hünərlə durdu düşmənin qarşısında. Elə mənim balam da həmin döyüşlərdə şəhid oldu. Bircə oğlum var idi, o da Vətən üçün canından keçdi. Düşmən sevinməsin ki, bir övladımı şəhid etdi. Bu gün o bir balanın şəhid olduğu ocaqda gələcəyin üç əsgərini böyüdürəm. Şəhidimin – Orxanın adını daşıyır onlardan biri. Dayısı ilə fəxr edir. Bu millət həmişə igid oğulları ilə var olub və olacaq. Oğlum şəhid olanda qolum-qanadım sınmışdı, kimsəsiz, əlacsız qaldığımı düşünürdüm. Amma gördüm ki, şəhid anası heç vaxt tək qala bilməz, çünki o, bütün Azərbaycan oğullarının anası olur həmin gündən. Ömrümün çoxunu atamdan qalma köhnə, yararsız vəziyyətdə olan evdə keçirmişəm. Bu gün burada yeni mənzil sahibi olmaq mənə gənc yaşda itirdiyim, toyunu-büsatını görmədiyim oğlumu geri qaytara bilməsə də, ürəyimdəki yaraya məlhəm olur. Dövlət qayğısını hiss etmək qəlbimə su səpir. Mənə, mənim kimi analara bu cür qayğı göstərən Ali Məclis Sədrinə minnətdaram.
Vətənimizin ən qərb nöqtəsi, Azərbaycanın Avropaya açılan qapısı və Naxçıvanın qeyrət qalası olan Sədərəyin hər qarışının müasir mənzərəsi, sözün əsl mənasında, insanın ürəyində fərəh doğurur. Rayonun Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində, işğalçı ölkə ilə sərhəddən cəmi bir neçə yüz metrlik məsafədəki abadlıq buranın hər bir sakininə qürur verir, – deyən qonağı olduğumuz digər evin xanımı Mahirə Adnayeva onu da bildirir ki, bu gün muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şərait­lərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Dövlət qayğısından bəhrələnən ailələrdən biri də bizik. Həyat yoldaşım Sədərək döyüşlərində sağlamlıq imkanlarını itirib. İkinci qrup əlildir. İllərdir, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq, 2013-cü ildə minik avtomobili ilə təmin edildik. Üç övladımız var, ailə qurduğumuz gündən kirayədə qalırdıq. Bu gün isə yeni mənzilin sevincini yaşayırıq. Hər bir sakinə böyük qayğı ilə yanaşan Ali Məclis Sədri cənab Vasif Talıbova ailəm adından minnətdarlığımı bildirirəm.
Ev sahibi Ramazan Adnayev söhbətimizə qoşulur: – Bir az əvvəl həyat yoldaşımın da vurğuladığı kimi, muxtar respublikamızda fiziki imkanları məhdud insanların müalicə və reabilitasiyasına diqqət göstərməklə yanaşı, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülür. Müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqları dövlət hesabına ödənilir. Bütün bunlar dövlətimizin bizə göstərdiyi qayğı və diqqətdən xəbər verir. Bu da qazilərin böyük sevincinə səbəb olur, insanlarda ruh yüksəkliyi yaradır. Hər an Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini yerinə yetirməyə, onun tapşırığı ilə Vətənimizin bütövlüyü və torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazırıq.
Azərbaycan Vətən Müharibəsi veteranı Rəhim Salmanovun da ailəsinin sevinci sonsuzdur. Onların da evinin ilk qonağı biz oluruq. Ev sahibi Rəhim Salmanov deyir ki, 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə ayağını itirib: – Həmin günlər heç vaxt yadımdan çıxmaz. Torpağımızda müharibə getdiyi bir vaxtda ağır yaralanıb xəstəxanada yatmaq məcburiyyətində olmaq çox çətin idi. Fikrim hər an döyüş yoldaşlarımın yanında olurdu. Tez sağalıb yenidən cəbhəyə qayıtmaq istəsəm də, artıq bir ayağımı itirmişdim. Həmin çətin günlərimdə mənim və mənim kimi insanların ən böyük köməyi dövlətimiz, onun qayğıkeş, vətənsevər rəhbəri ulu öndər Heydər Əliyev oldu. Dahi rəhbər cəbhədə yaralananları da tez-tez ziyarət edir, bizimlə yaxından maraqlanırdı. Onun gəlişi mənəvi ruh verirdi bizə. Bu gün biz qürur duyuruq və sevinirik ki, dahi rəhbərin siyasəti uğurla davam etdirilir. Aylarla döyüşdüyüm və sağlamlığımdan keçdiyim Vətən torpağında bu cür qayğı ilə əhatə olunmağım onu göstərir ki, qüdrətli Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Vətən yolunda canından, sağlamlığından keçən heç bir vətəndaş dövlətimizin diqqətindən kənarda qalmır, onlar və ailələri daim qayğı ilə əhatə olunurlar. Dövlətimizin diqqət və qayğısı sayəsində gözəl, hər cür şəraitə malik mənzillə təmin edilməyim ailəmin, əzizlərimin sevincinə səbəb olmaqla bərabər, dövlətimizə minnətdarlıq hissimizi də artırır. Müsahibim onu da vurğulayır ki, o, 1998-ci ildə minik avtomobili ilə də təmin edilib.
...Sədərək haqqında çox deyilib, çox yazılıb. Lakin Naxçıvan şəhərindən cəmi 80 kilometr məsafədə olan bu rayon haqqında düşünərkən yaxın keçmişdə onun qəhrəmanlıqla müdafiə edilməsi həmişə yada düşür. Yada düşür ki, torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz Sədərəyin müdafiəsi zamanı endirilib. Və bu gün qüdrətli Azərbaycan Ordusunun zəhmindən vahiməyə düşmüş işğalçı Ermənistan 1990-cı illərdə burada aldığı cavabı hələ də unutmayıb. Bu gün Sədərəkdə həyat öz axarı ilə davam etməkdədir. Elə bu səbəbdəndir ki, yeni mənzil sahibləri də öz isti ocaqlarında gecələri rahat yatır, baxmayaraq ki, bu evlər düşmən gülləsinin bir addımlığında yerləşir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459297
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2253
1580
2253
123338
4459297

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter