10 Dekabr 2019, Çərşənbə axşamı

Muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilmiş 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bütün bunların nəticəsində ötən müddət ərzində muxtar respublikada belə təsərrüfatların sayı artmaqdadır.
Ailə təsərrüfatlarının inkişafında dövlət dəstəyinin mühüm rolu vardır. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən 2019-cu ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 ailə təsərrüfatına, ümumilikdə, 156 min 800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Fəaliyyətlərinin genişləndirilməsi məqsədilə həmin ailə təsərrüfatlarında aparılan maarifləndirmə tədbirləri zamanı Sahibkar­lığın İnkişafı Fondunun vəsaitlərindən istifadə qaydaları və prioritet layihələr haqqında geniş məlumatlar verilib. Bundan əlavə, 2 layihə üzrə yabanı növ dərman bitkilərinin tədarükü, qablaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatlarına 14 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Həmçinin arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində bir layihə üzrə arıçılıq təsərrüfatının genişləndirilməsi, damazlıq arı təsərrüfatının və balın emalı sahələrinin yaradılmasına fond tərəfindən 15 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Muxtar respublikamızda ailə təsərrüfatları geniş profildə fəaliyyət sahəsinə malikdir. Ötən dövrdə onların işinin daha da genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-­tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə-tərəvəz məhsullarının qurudularaq paketlənməsi, yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması, müalicəvi əhəmiyyətli bitkilərin cövhərinin istehsalı və qablaşdırılması, südçülüklə məşğul olan ailə təsərrüfatlarında süd məhsullarının istehsalı, arıçılıq təsərrüfatlarında bal və digər məhsulların istehsalı, qablaşdırılması, meyvə arağı və şərab istehsalı sahələri üzrə 101 ailə təsərrüfatında monitorinqlər aparılıb. Fəaliyyəti qənaətbəxş hesab edilən təsərrüfatlara dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində işlər görülüb. Bundan əlavə, ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilib, 91 ailə təsərrüfatı 6 min ədəddən çox müxtəlifölçülü taralarla təmin edilib.
Ailə təsərrüfatları məhsullarının çeşid və keyfiyyətinin artmasında istehsal olunan məhsulların tanıdılması mühüm rol oynayır. Bu məqsədlə ötən dövrdə Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda 37 ailə təsərrüfatının 17 növdə 112 çeşiddə məhsulunun nümayişi təmin olunub. Ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması məqsədilə 2019-cu ilin birinci yarım ili ərzində məhsullardan 265 halda orta nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikro­bioloji laboratoriya təhlilləri aparılıb.
Göründüyü kimi, iqtisadiyyatın bu vacib sahəsinin inkişafı üçün həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR