07 Dekabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən mehmanxana və digər turizm obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, son dövrlərdə əcnəbilərin muxtar respublikaya axını ilə bağlı xüsusi canlanma müşahidə olunur. Yay turizm mövsümü ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı daha da artdığı üçün Dövlət Miqrasiya Xidmətinin üzərinə, bu mənada, çox iş düşür. Naxçıvan Muxtar Respublikasına gələn əcnəbilərin rahatlığını, təhlükəsizliyini daim diqqətdə saxlayan xidmət onların maariflənməsinə, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına da tələbkarlıqla yanaşır.
Xidmətin əməkdaşı Elnur Zellabdinov mövzu ilə əlaqədar çıxış edərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışıb, prosedur qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, əcnəbilərin muxtar respublika ərazisində üz tutduğu yerlərdən biri də mehmanxanalardır. Bu baxımdan mehmanxanalar əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etməlidir.

Qeyd edilib ki, Azərbaycan Respublikasına gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması ölkədə, eyni zamanda muxtar respublika ərazisində ictimai asayişin, təhlükəsizliyin, əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Xidmətin əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama müddətində hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olma və yaşama qaydalarının pozulmasına görə inzibati məsuliyyətləri barədə danışıb.
Xidmətin digər əməkdaşı Qiyas Paşayev isə bildirib ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Onların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. O, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı elektron müraciət qaydalarının əhəmiyyətindən də danışıb, bu qaydaları slayd vasitəsilə əyani şəkildə nümayiş etdirib.
Sonra muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxana nümayəndələrindən Vüqar Qafarov keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq Dövlət Miqrasiya Xidmətinə minnətdarlığını bildirib.
Qarşılıqlı diskussiya şəraitində keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda mehmanxana və digər turizm obyektlərinin nümayəndələrinə Dövlət Miqrasiya Xidmətinin hazırladığı bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət
Miqrasiya Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR