17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Sərhəd bölgəsi Sədərək rayonu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılıb. Bununla bağlı görkəmli dövlət başçısı Heydər Əliyev 2002-ci il avqust ayının 14-də Sədərək rayonunun sakinləri ilə görüşündə deyib: “Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”.

Ulu öndərin quruculuq siyasətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamına əsasən bu istiqamətdə böyükhəcmli layihələr reallaşdırılıb, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub. Yeri gəlmişkən onu da vurğulayaq ki, ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib, ikimərtəbəli 16 fərdi yaşayış binası da həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “...Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydər­abad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”.
Bu, doğrudan da, belədir. Naxçıvanın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd yaşayış məntəqələri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilmə­məsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq – uğrunda ölən varsa, Vətəndir!”, – deyib səngərlərə atılaraq “Təki, Vətən sağ olsun!” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı. Yüzlərlə igidimiz isə şəhidlik zirvəsinə ucaldı.
Onların ruhu qarşısında baş əyən naxçıvanlılar bu gün muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitlik, əmin-amanlıq, yenidənqurma prosesləri fonunda həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, bu tədbirlərdə fəallıq göstərirlər. Bunun ifadəsidir ki, doğma muxtar diyarımız, onun bütün bölgələri müasirlik donundadır. Ulu öndərimizin adını daşıyan qəsəbənin bu sırada öz yeri var. İki mindən artıq sakinin yaşadığı, ərazisi 8,4 kvadratkilometr olan qəsəbədə son illərdə də davam etdirilən qurucu­luq işləri rayon mərkəzini xeyli gözəlləşdirib, düşmənə göz­dağına çevirib. Burada qəsəbə tam orta məktəbi, 3 məktəbdənkənar müəssisə, həkim ambu­latoriyası, uşaq bağçası, şahmat məktəbi, seysmoloji stansiya, Tarix Diyar­şünaslıq Muzeyi, 23 dövlət müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə isə qəsəbə ərazisində 110 ictimai yaşayış və inzibati bina öz müasir görkəmi ilə buraya gələnlərdə yüksək təəssürat yaradır. Binaların hər biri gülkarlıqlarla əhatə olunub. ­Gülkarlıqlara daimi su xətləri çəkilib. Müasir işıqlandırma sisteminin qurulması qəsəbəni, sözün həqiqi mənasında, işıqlı bir yurd yerinə çevirib. Bu, gecə vaxtlarında qəsəbənin daha gözəl, daha cazibədar görünməsinə imkan verib. Obrazlı şəkildə desək, bu işığın şölələri hər bir qəsəbə sakininin yolunu işıqlandırmaqdadır.
İsti yay günlərinin birində yenə də qəsəbədə qaynar həyat gördüm. Bu da səbəbsiz deyildi. Bir neçə gün əvvəl qəsəbədə 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlı olan, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət 48 mənzilli binanın istifadəyə verilməsi qəsəbə sakinlərində böyük sevinc hissləri yaradıb. Məlumat üçün bildirək ki, fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal-məişət şəraiti təmin olunub, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb, binanın həyətində abadlıq işləri aparılıb, istirahət guşəsi yaradılıb, müasir işıqlandırma və suvarma sistemi qurulub. Binanın iyulun 2-də – görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində istifadəyə verilməsi ulu öndərə böyük ehtiramın daha bir nümunəsi olub. Həmin gün yeni binada 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim edilib.
Yeni binanın zirzəmisində Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılıb, xidmət mərkəzi istifadəyə verilib. Mərkəzin direktor səlahiyyətlərini icra edən Yusif Zeynalov onlara belə iş şəraitinin yaradılmasından razılıqla danışdı, kollektiv adından minnətdarlığını bildirdi.
Sərhəd bölgəsində daha bir yeni qurucu­luq ünvanı isə rayon mərkəzində Su Monitorinq Laboratoriyasıdır. Laboratoriyanın müdiri Yalçın Əliyev deyir ki, binada analiz və nümunələrin hazırlanması otaqları istifadəyə verilib. Yeraltı və yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada suyun radio­aktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşu və qələvilərin miqdarını, suda həll olmuş oksi­geni təyin etmək mümkündür. Həmçinin laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılıb. Yaradılan şərait muxtar respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verib.
Laboratoriya kollektivinə qayğının ifadəsidir ki, yeni qurum avtomobillə təchiz olunub.
Sərhəd bölgəsindəki bu yeniliklər düşmənə gözdağı olan rayonda quruculuğun yeni səhifələridir. Təbii ki, bütün bunlar Sədərəyin düşmənin bir addımlığında qorxmadan, çəkinmədən dayanan, təsərrüfat işlərində çalışan sakinləri tərəfindən yüksək qiymətləndirilir. Elə həmsöhbət olduğumuz insanlar da rayonda həyata keçirilən belə quruculuq tədbirləri haqqında razılıqla danışdılar. Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov dedi ki, bölgə sakinləri qəsəbədə həyata keçirilən layihələri insan amilinə göstərilən böyük qayğı kimi dəyərləndirirlər. Ötən dövrdə rayon mərkəzi Heydərabadda böyük dövlət qayğısının ifadəsi kimi həyata keçirilən kompleks quruculuq tədbirləri bu sərhəd yaşayış məntəqəsinə müasirlik gətirib. Bu gün rayonda elə bir idarə, müəssisə və təşkilat yoxdur ki, fəaliyyətini müasir tələblərə cavab verən yeni binada davam etdirməsin.
Rayon ziyalısı Kəmalə İbrahimova da yaşadığı yurd yerinə göstərilən qayğıdan həvəslə danışır. Deyir ki, Heydərabada göstərilən hərtərəfli dövlət qayğısı təkcə naxçıvanlıları deyil, hər bir azərbaycanlını ürəkdən sevindirir. Çünki Vətən sərhəddən başlayır. Heydər­abad da bu sərhədin bir hissəsidir. Bu gün bu keçilməz sərhəd bölgəmizin qovuşduğu işıqlı həyat tərzi ulu öndər Heydər Əliyev ideyalarının reallaşdırılması hesabına mümkün olub... Bu işığın ziyası sərhəd bölgəsinin mərkəzi Heydərabad qəsəbəsində də heç vaxt sönməyəcək, daim yanacaq, qəsəbə sakinlərinin yollarını işıqlandıracaq. Buna əminlik yaradan son illərdə qəsəbədə həyata keçirilən genişhəcmli quruculuq tədbirləridir.
Müəllim Həsən Rzayev deyir ki, görü­lən bütün işlər sərhədçi ömrü yaşayan sakinlərə böyük dövlət qayğısının ifadəsidir. Belə qayğının davamlı xarakter alması Heydər­abada qaynar həyat bəxş edib. Bu gün hər bir qəsəbə sakini heç nədən çəkinmədən qurur, yaradır. Çünki arxasında güclü dövlətin və ordunun dayandığını bilir. Bunları mənfur qonşular da görür. Naxçıvanın belə inkişafı isə düşmənə ən böyük zərbə və cavabdır.
Heydərabad qəsəbəsindəki yeni qurucu­luq ünvanları ilə bağlı yazı hazırlayarkən hələ 2003-cü ildə qəzetimizin yaradıcı heyətinin sərhəd bölgəsinin sakinləri ilə görüşünü xatırladım. Heydərabad qəsəbəsində – rayon İcra Hakimiyyətinin binasında təşkil edilən tədbirdə bu sərhəd bölgəsinə göstərilən dövlət qayğısından geniş söhbət açıldı. Bu qayğıdan rayon mərkəzinə də xeyli pay düşdüyü vurğulandı. O görüşdən illər keçir. Bu dövrdə rayonun siması tama­milə yenilənib. Elə il olmayıb ki, burada quruculuq tədbirləri görülməsin. Bu tədbirlər davam etdikcə sədərəklilərin doğma torpağa sevgisi daha da artır, qurub-yaratmaq əzmi günbəgün yüksəlir.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4454878
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11497
19453
66401
118919
4454878

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter