19 Sentyabr 2019, Cümə axşamı

Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzi­batçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətləridir. 2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqinə baxmayaraq, istər vergi daxilolmalarında, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub. Ötən dövr ərzində vergi intizamının daha da gücləndirilməsi, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı öz müsbət nəticələrini verib. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 108,7 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çoxdur. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 36,8 faizi dövlət sektorunun, 63,2 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artıb.
Ölkəmizdə işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanma əsasında aparılır və təyin edilən sosial ödənişlərə uyğun olaraq şəxslər sosial risklərlə qarşılaşdıqda (pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək və sair) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar. 2019-cu ilin birinci yarım ili ərzində məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlərin nəticəsidir ki, bu sahədə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb. Belə ki, qeyd olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 144,8 faiz, işsiz­likdən sığorta üzrə proqnoza isə 139,5 faiz əməl edilib.

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəldilib. Belə ki, nazirliyin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 2019-cu ilin birinci yarım ili ərzində 20 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 2327 fiziki şəxs isə sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 72,7 faizi və ya 1691 sahibkar muxtar respublikanın rayonlarının payına düşür. Bütün bu müsbət göstəricilər özəl sektora göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Vergiödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, nazirlik 2019-cu ilin birinci yarım ilini vergi borcu olmadan başa vurub.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR