19 Sentyabr 2019, Cümə axşamı

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı Naxçıvan Dövlət Universitetində keçirilən yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov çıxış edib.
Bildirilib ki, hesabat dövrü ərzində universitetin Tibb fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi bu sahədə tədrisin səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Qeyd olunub ki, universitet beynəlxalq əlaqələr sahəsində əhəmiyyətli uğurlar qazanıb. Ali təhsil ocağı bir sıra beynəlxalq layihələrin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir.
Bildirilib ki, hazırda universitetin 12 fakültəsində bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5336, magistratura təhsil səviyyəsində isə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 165 doktorant və dissertant təhsil alır.

Hesabat dövrü ərzində universitetdə 2 beynəlxalq, 2 respublika səviyyəli elmi-praktik konfrans keçirilib. Bu müddət ərzində universitetin əməkdaşları tərəfindən 15 mono­qrafiya, 7 dərslik, 29 dərs vəsaiti, 55 metodik vəsait və fənn proqramı, 78-i xaricdə olmaqla, 573 elmi məqalə, 10-u xaricdə olmaqla, 32 tezis nəşr edilib. Bu ilin altı ayı ərzində universitetin 3 əməkdaşı dosentlik, 1 əməkdaşı isə elmlər doktoru diplomu alıb.
Məruzə ətrafında çıxışlar olub.

* * *

“Naxçıvan” Universitetinin Elmi Şurasının genişləndirilmiş iclasını giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib. Bildirib ki, universitetdə təlimin keyfiyyətinin yüksəldilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Ali təhsil ocağının beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, universitet ERASMUS+ layihəsi çərçivəsində ERASMUS +AESOP layihəsinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir.
2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının yekunları barədə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun, 2018-2019-cu tədris ilinin II yarısında pedaqoji təcrübənin yekunu barədə Ümumi tarix kafedrasının müdiri Mehman Şabanovun və 2019-2020-ci tədris ili üçün kafedralarda dərs yükünün təxmini bölgüsü barədə Tədris şöbəsinin müdiri Anar Abuzərlinin çıxışları dinlənilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı universitet qarşısında yeni vəzifələr – innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strukturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və digər bu kimi vəzifələr müəyyənləşdirir, irəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir.
2019-cu ilin I yarım ilinin yekunlarına həsr olunmuş müzakirələrdə universitet əməkdaş­larının çıxışları dinlənilib və müvafiq qərar qəbul edilib.

* * *

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclasında da 2019-cu ilin I yarım ilinin yekunları müzakirə olunub. İclasda institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək cari ilin ilk altı ayı ərzində tədris, elmi-metodik, tərbiyə, yenidənhazırlanma və digər sahələrdə həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verib.
Rektor bildirib ki, hesabat dövründə institutda bütün fəaliyyət istiqamətlərini əhatə edən 72 tədbir keçirilib. Ali təhsil ocağının tarixində ilk dəfə olaraq bu tədris ilindən etibarən xarici tələbələrin qəbuluna başlanılıb. İnstitutun hazırlıq kursunda bakalavriat səviyyəsi üzrə 19 tələbə, II kursunda isə 1 xarici vətəndaş təhsil alır. Xarici tələbələr Türkiyə Cümhuriyyəti, Banqladeş və Nigeriya vətəndaşlarıdır.
Qeyd olunub ki, institutda Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr hazırlığı üçün mövcud tədris planına “Naxçıvan xalçaçılıq məktəbi” adlı seçmə fənn daxil edilib, uyğun fənn proqramı hazırlanaraq çap olunub və 2018-2019-cu tədris ilinin yaz semestrində onun tədrisi uğurla həyata keçirilib. Ali təhsil ocağının elmi dərəcəsi olan əməkdaşları muxtar respublikanın 23 ümumtəhsil məktəbində 189 dərs keçiblər. İnstitut nəzdində “Gələcəyin alimləri” layihəsinə də start verilib, elmi-tədqiqat işləri sahəsində qarşıya qoyulan vəzifələr icra olunub. Hazırda 89 əməkdaş tərəfindən institutun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə Naxçıvan diyarına aid və digər 78 mövzu üzrə tədqiqat işləri aparılır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Müəllimlər İnstitutunun 2019-cu ilə aid planına əsasən I yarım ildə 13 elmi konfrans, o cümlədən 4 respublika və regional səviyyəli konfrans keçirilib. Respublika və regional konfransdan ikisinin materialları ayrıca toplu şəklində nəşr edilib, ikisi isə nəşrə hazırlanır. “Elm aylığı” çərçivəsində 10 müxtəlif tədbir keçirilib. Tələbə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi daim diqqət mərkəzində olub. Ötən il Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələrin kafedralar üzrə yerinə yetirdikləri mövzuların sayı, ümumilikdə, 143 olub. Mayın 4-də cəmiyyətin XIX yekun konfransı keçirilib.
İnstitutda İnnovasiya laboratoriyası (İnno­Lab) qurulub. Eyni zamanda institutun internet saytında da startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” yaradılıb.
Rektor bildirib ki, bütün kollektiv qarşıdakı dövrdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclis Sədrinin ali məktəblər qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində ­səylərini daha da artıracaqdır.
İclasda institut əməkdaşlarının çıxışları olub və müvafiq qərar qəbul edilib.

* * *

Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq geniş məruzə edib.
Qeyd olunub ki, hesabat dövrü ərzində rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib, Babək qəsəbəsində smartkarttipli elektrik sayğaclarının quraşdırılması başa çatdırılıb. Gülşənabad kəndində içməli su xətləri yenilənib, Kültəpə kəndində yeni artezian quyusu qazılıb. Hazırda rayon mərkəzində Baytarlıq İdarəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir. Genişmiqyaslı quruculuq tədbirlərinin davamı kimi haliyədə Kültəpə və Gülşənabad kəndlərində kənd və xidmət mərkəzi, tam orta məktəb binalarının tikintisi və avtomobil yollarının yenidən qurulması, Süni Mayalanma Mərkəzinin tikintisi də davam etdirilir.
“Babək qəsəbəsi və ətraf kəndlərin içməli su, kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Babək qəsəbəsi, Nehrəm və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sistemlərinin çəkilişi və Yarımca kəndində içməli su xətti üçün su anbarının tikintisi aparılır”, – deyən icra başçısı bildirib ki, bu dövrdə əhalinin içməli su təminatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, rayonun qəsəbə və kəndlərində müxtəlifölçülü plastik və metal borularda 815 metr məsafədə içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilib, həmçinin 1411 metr yeni içməli su xətti çəkilib.
Bildirilib ki, aqrar sahənin dinamik inkişaf etdirildiyi Babək rayonunda ailə təsərrüfatlarının yaradılması və fəaliyyətinə də xüsusi fikir verilir. Bəhs olunan dövrdə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkar­lara 32 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb.
Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində rayonda 10 min 610 hektar sahədə payızlıq taxıl əkini aparılıb və taxıl biçini qısa müddətdə başa çatdırılacaqdır. Həmçinin bu dövrdə 2,8 hektar sahədə yeni yaşıllıq zolağı salınıb, 4 hektar sahədə bərpa işləri aparılmaqla, 6,8 hektar sahədə yaşıllaşdırma tədbirləri görülüb.
Rasim Hüseynov ilin ikinci yarısında qarşıda duran vəzifələrin vaxtında yerinə yetirilməsinin zəruriliyindən də danışıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

* * *

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq məruzə edib.
Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18 milyon 385 min 400 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,8 faiz artaraq 17 milyon 418 min 900 manat təşkil edib. Altı ay ərzində Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası, rayon mərkəzində 48 mənzilli yaşayış binası, Yurdçu kəndi ərazisində 59 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkəsi, Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası, hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkı istifadəyə verilib.
Bildirilib ki, 2019-cu ilin ötən dövrü ərzində rayonda 9 milyon 941 min 600 manat həcmində sənaye məhsulu istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 0,9 faiz çoxdur.
Bəhs olunan dövrdə 5 milyon 114 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artım ­deməkdir.
Vurğulanıb ki, birinci yarım il ərzində yaşıllaşdırma tədbirləri də davam etdirilib, 12 hektar sahədə meşəsalma, 4 hektar sahədə meşəbərpa işləri aparılıb, 5 min 240 ədəd ting salınıb.
Kəngərli rayonunda həyata keçirilən məşğulluq tədbirləri haqqında məlumat verən İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonda 122 işaxtaran vətəndaş qeydə alınıb, 124 nəfər işlə təmin olunub. 1 nəfər ictimai işə, 10 nəfər peşə təlimi kurslarına göndərilib. 1 əmək yarmarkası keçirilib, 36 nəfər işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonun idarə, müəssisə və təşkilatlarında, eyni zamanda qəsəbə və kəndlərdə yoxlamalar keçirilib, aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülüb.
Məruzə ətrafında çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yarım­illik yekun iclasını agentliyin direktoru Vüqar Babayev açıb. Bildirib ki, yarım il ərzində agentliyin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb.
Qeyd edilib ki, muxtar respublikaya gətirilmiş 309 kitabdan qadağan edilmiş 73-nün yayılmasının qarşısı alınıb, yararlı olanları isə “Naxçıvan” Universitetinin kitabxanasına verilib və məscidlərə paylanılıb. Bundan başqa, agentlik yarım il ərzində 584 zəvvarın xarici ölkələrdə yerləşən dini ziyarətgahlara gedişinin təşkilinə köməklik göstərib. Eyni zamanda “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasının tələbələrinə dərs müddətində məscidlərdə praktik dərslər keçilib.
Naxçıvan şəhər “Sarvanlar” məscidi, Şahbuz məscidi, Şərur məscidi, Ordubad məscidi və Nehrəm kənd məscidində mədrəsələr təşkil olunub və bu mədrəsələrdə 121 nəfər dini təhsil alıb. Hazırda bu mədrəsələrdə 90 tələbə təhsil alır.
Agentlik Ramazan bayramının qeyd olunması və məscidlərdə bayram namazının ­qılınmasını təşkil edib.
Məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR