23 İyul 2019, Çərşənbə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Şəhidlik şərəf, qeyrət, ucalıq və qəhrəmanlıq zirvəsidir. Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir”.
Tarixən Azərbaycan xalqı Vətən müqəddəsliyini hər şeydən üstün tutmuş, igid oğullarımız yeri gəldikdə döyüşmüş, mübarizə aparmış, canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmişlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin ətrafında yumruq kimi birləşən naxçıvanlılar da bu qədim diyarı məhz belə qorudular. Sədərəkdə, Şadada, Buzqovda düşmənə tutarlı cavab verdilər, onları öz yerlərində oturtdular. Şəhidlər verdik. Amma torpağımızı vermədik, Vətənimizi, mənliyimizi qoruduq, saxladıq.
Xalqımızın qəhrəmanlıq tarixindən yoğurulub gələn bir böyük dəyəri də vardır ki, bu da Vətən uğrunda canından keçənlərə, sağlamlıqlarını itirənlərə verilən qiymətdir. Şəhid ailəsinə, Vətən yolunda sağlamlığını itirənlərə göstərilən qayğının mənəvi yükü ölçüyə gəlməz. Bu ancaq vətəndaşını düşünən, onun qayğısına qalan, insan amilinin hər şeydən üstün tutulduğu, xalqla dövlətin birliyi, vəhdəti olduğu ölkədə mümkündür. Yəni AZƏRBAYCANDA.
İyulun 2-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ­rəhbərliyinin 50 illiyi ərəfəsində dahi şəxsiyyətin adını daşıyan ilk yaşayış məntəqəsində – Sədərək rayonunun Heydərabad qəsəbəsində inşa olunmuş ilk yüksək mərtəbəli yaşayış binasının açılışı oldu. Binanın ilk sakinləri də şəhid ailəsi və Vətən qarşısında sağlamlıqlarını itirmiş şəxslərdi. Bu ilklərdən yola çıxaraq əminliklə demək olar ki, müstəqil və qüdrətli Azərbaycanın hər bir bölgəsi, hər bir sakini dövlətin diqqət və qayğısı əhatəsindədir.

Ulu öndərimiz ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmış, 1969-cu ilin 14 iyul tarixi inkişaf və tərəqqi salnaməsinə çevrilmiş, iqtisadi inkişaf və milli-mənəvi dəyərlərə qayıdış xalqımızın müstəqil yaşaması üçün mühüm potensial formalaşdırmışdır. Bu siyasi xətdən uzaqlaşmağın gətirdiyi 20 Yanvar, Xocalı faciələri, torpaqlarımızın işğal olunması xalqda bir daha əminlik yaratdı ki, Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni olduğu kimi, həm də bu günü və gələcəyidir. Elə bu səbəbdən də Milli Qurtuluşdan başlanan yol müstəqilliyimizi möhkəmləndirdi, iqtisadi inkişaf və sosial islahatların əhatə dairəsi xeyli genişləndi.
Bu gün Azərbaycanda xalq dövlətin, dövlət də xalqın dayağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların hədəfi də dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın rahat və firavan yaşayışıdır. Bu, şəhərdə də, ucqar dağ kəndində də, düşmənlə bir addımlıqdakı sərhəd yaşayış məntəqələrində də belədir. Sədərəkdə istifadəyə verilən yeni yaşayış binası, təqdim olunan mənzillər bunu bir daha təsdiq etdi.
Bu gün şəhidlərimizin ruhu rahatdır.
Birincisi, ona görə rahatdır ki, qüdrətli ordumuz var. Vətənimiz etibarlı müdafiə olunur. Vaxtilə ulu öndərin Naxçıvandan başlatdığı milli ordu quruculuğu strategiyasının bəhrəsi bugünkü qüdrətli və güclü Azərbaycan ordusudur. Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər, Əlahiddə Ümumqoşun Ordunun yaranması, müasir hərbi infrastrukturun formalaşdırılması, silah və texnika təminatı qədim diyarda müdafiə təhlükəsizliyini tam təmin edib. Sədərəkdən tutmuş Soyuq döyüş bölgəsinə, Batabata, Ləkətağa, Göygölə, Keçəldağa, Günnütə, Qızılqayaya qədər bütün zirvələrdə etibarlı müdafiə təminatı yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun bir il bundan əvvəl həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı yüksək peşəkarlığın və döyüş qabiliyyətinin nəticəsi kimi tarixə yazıldı. Ötən ay keçirilən Azərbaycan-Türkiyə birgə döyüş atışlı hərbi təlimindən çıxan nəticə isə blokada şəraitində olmasına baxmayaraq, Naxçıvandakı ordu, birləşmə və hissələrin nəinki müdafiəyə, hətta istənilən hücum əməliyyatını yüksək səviyyədə icra etməyə hazır olduğunu göstərdi.
İkincisi, şəhidlərin ruhu ona görə rahatdır ki, bu gün ölkəmizdə sabitlik, inkişaf və tərəqqi var. Vaxtilə bu dəyərlər üçün canlarını qurban verən şəhidlərin övladları sabitlikdə, təhlükəsiz şəraitdə, əmin-amanlıqda yaşayırlar. Dağılan yaşayış məntəqələrinin yerində abad kəndlər, qəsəbələr, şəhərlər salınıb. Elə SƏDƏRƏK kimi.
Üçüncüsü, şəhidlərin ruhu həm də ona görə rahatdır ki, onların ailələri dövlətin himayəsindədir. Şəhid ailələrinə birdəfəlik ödənişlərin, müharibə iştirakçılarına təqaüdlərin verilməsi, onların mənzillərlə təmin olunması mühüm sosial tədbir olmaqla yanaşı, bir o qədər də mənəvi yükü olan hadisədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun iyulun 2-də şəhid Orxan İbrahimovun anasına vaxtilə övladının şəhidlik zirvəsinə yüksəldiyi torpaqda – sərhəd bölgəsi Sədərəkdə mənzil təqdim etməsi, şəhid ailəsini mənzillə sevindirməsi isə RƏHBƏR ­UCALIĞI, XALQ və VƏTƏN SEVGİSİNİN daha bir ifadəsidir.

Ülvi Hüseynli
jurnalist

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4293985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1005
5501
6506
125343
4293985

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter