21 Sentyabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir, general-leytenant Şamı Abdullayev qeyd edib ki, ötən dövr ərzində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1136 obyektdə yanğın texniki müayinələr, fərdi yaşayış evlərində reydlər keçirilib, 118 obyektdə maarifləndirici tədbir təşkil edilib. 8 yaşayış binasının 227 mənzilində tüstü bacalarına baxış keçirilib, onlardan 182-nin tüstü bacası təmizlənərək dəm qazından zəhərlənmələrin qarşısı alınıb. 183 yaşayış binasının qaztənzimləyici qurğularında, 115 yaşayış binasının qaz sayğaclarında qaz sızmalarının qarşısı alınıb. Taxıl biçini zamanı kombaynların yanğın təhlükəsizliyi təmin olunub, intensiv biçin aparılan sahələrdə 11 yanğınsöndürmə avtomobilinin və 2 motosik­le­tin gündəlik xidməti təşkil edilib. Aparılan profilaktik tədbirlər nəticəsində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz azalıb.
Bildirilib ki, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində liftlərin və yükqaldırıcı kranların istismarına nəzarət edilib, 46 obyektdə texniki təhlükəsizliyin vəziyyəti yoxlanılıb, 17 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 192 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan, 41 qurğu isə sınaqdan keçirilib.

Mülki müdafiə işinin təşkili ilə bağlı 183 obyektdə 6210 nəfərin iştirakı ilə mааrifləndirici tədbir, 4 obyektdə təlim keçirilib, 103 obyekdə mülki müdаfiə işinin təşkili vəziyyəti yохlаnılıb. Qıvraq qəsəbəsində yeni tikilmiş yaşayış binasının zirzəmisinə rayon əhalisinin sayı qədər fərdi mühafizə vasitələri yığılıb, Naxçıvan şəhərində 27 yaşayış binasının zirzəmisi məişət tullantılarından təmizlənib. 41 tikinti obyektinin ərazisində ­mühəndis-geoloji işlər aparılıb, 46 obyektin tikintisinin işçi və layihə sənədlərinin ekspertizası keçirilib, 38 obyektin layihə sənədlərinə rəy verilib. 71 obyektdə yoxlama nəzarət funksiyaları həyata keçirilib, tikinti materiallarından götürül­müş 64 sayda nümunə sınaqdan keçirilib.
Vurğulanıb ki, 3 оktyаbr 2018-ci il tаriхdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində kеçirilən müşаvirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nахçıvаn şəhərinin və rayonların müəssisə və təşkilatlarında fövqəladə vəziyyət rejiminin tətbiqi yoxlanılıb. Döyüş və pеşə hаzırlığının artırılması məqsədilə struktur qurumlarda təlimlər kеçirilib, Naxçıvan Qarnizonunda keçirilən təlimlərdə xilasedicilərin iştirakı təmin edilib, 3 əməkdaş beynəlxalq təlim kurslarına cəlb olunub. Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 3 xüsusi təyinatlı, 2 minik avtomobili, xilasetmə və yanğınsöndürmə avadanlıqları, müxtəlif çeşidli əşya-əmlaklar alınıb gətirilib.
Məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2019-cu ilin I yarım ili ərzində öz işini təsdiq olunmuş iş planına və 10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Ötən dövr ərzində nazirlik 314 tədbir reallaşdırıb.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. O bildirib ki, 2019-cu ilin I yarım ili ərzində yaradıcı düşünən, sağlam gənclərin yetişdirilməsi və onların ordu sıralarına hazırlanması, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, gənclər arasında “Hədəf” adlı atış təlimi keçirilib, “Vətənpərvərlik nümunəsi” videoçarxı çəkilib, “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının muxtar respublika birincilikləri keçirilib, “Şahin” hərbi idman oyununun final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində tələbələr üçün “Qış məktəbləri” təşkil olunub, yeniyetmələr arasında “İntellektual oyunlar olimpiadası”nın rayon (şəhər) və muxtar respublika birincilikləri keçirilib. Gənclər arasında “Axtar tap” intellektual oyunları, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil edilib.
Qeyd olunub ki, hesabat dövründə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku” təşkil edilib, həmin intellektual oyunun XI Azərbaycan çempionatının muxtar respublika üzrə zona mərhələsi keçirilib və çempionatda Naxçıvanı təmsil edən komandaların iştirakı təmin olunub. Bundan başqa, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” strateji intellekt oyunu üzrə “Universiada” keçirilib, Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilib.
Vurğulanıb ki, bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının yekun iclasları təşkil olunub, Futbol və Kikboksinq federasiyalarının yeni sədrləri təyin edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar muxtar respublikada “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalı, “Heydər Əliyev ­kuboku” uğrunda turnir, Azərbaycan kubokunun final oyunu, beynəlxalq turnirlər, müxtəlif idman növləri üzrə muxtar respublika turnirləri təşkil edilib. Həmçinin Türkiyə və Naxçıvan alpinistlərinin, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş olub. Ötən dövr ərzində Atıcılıq Mərkəzində və İlham Əliyev adına Olimpiya İdman Kompleksində yenidənqurma işləri aparılıb, təlim-məşq toplanışları və seminarlar təşkil olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin I yarım ilində idmançılarımız ölkə birinciliklərində 130, beynəlxalq turnirlərdə 102, dünya çempionatında 2, Avropa çempionatında 1 medal olmaqla, ümumilikdə, 235 medal qazanıblar.
Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında Gənclər və İdman Nazirliyinə verilmiş tapşırığa əsasən mövcud idman infrastrukturundan istifadəyə və onların qorunub saxlanılmasına, gənc­lərlə iş sahəsində fəaliyyətə diqqət artırılmalı, idman federasiyaları ilə əlaqələr gücləndirilməli, yarışlar keçirilməli, idmanın kütləviliyinə nail olunmalıdır.
Kollegiya iclası nazirlik əməkdaşlarının ­çıxışları ilə davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı kollegiya iclası keçirilib. Kollegiyada çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Ötən müddət ərzində Şərur rayon Kərimbəyli və Ordubad rayon Dəstə kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikanın 11 tam orta məktəbi üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Təhsil naziri muxtar respublikada müəllimlərin əməyinin stimullaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda istedadlı şagirdlərə dövlət qayğısı istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əməkhaqqı sentyabrın 1-dən 20 faiz artırılacaqdır. Eyni zamanda “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb.
Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılıb, 793 tələbənin ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçməsinə şərait yaradılıb. Kadr hazırlığının yaxşılaşdırılması məqsədilə ali təhsil müəssisələrinə 200-ə yaxın dərslik və metodik vəsait hədiyyə edilib, “Startap Naxçıvan” çərçivəsində tələbələrlə maarifləndirici söhbətlər aparılıb, dərsliklərin müzakirəsində tələbələrin iştirakı təmin edilib, “Sabahın müəllimi” layihəsinin icrasına başlanılıb.
Şahmat dərsini tədris edən müəllimlərin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən attestasiya imtahanlarında iştirakı təmin edilib.
Nazir bildirib ki, keçirilən muxtar respublika və respublika fənn olimpiadalarında 51 şagird muxtar respublika, 25 şagird isə respublika fənn olimpiadalarının qalibi olub. Tədris ilinin nəticələrinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülüb.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq bildirib ki, 2019-cu ilin birinci yarısında muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb, Şərur və Babək rayonlarında planaalma işləri başa çatdırılıb. Cari ilin ötən dövründə 11 min 428 daşınmaz əmlak obyekti plana alınıb.
Vurğulanıb ki, ötən dövrdə 113 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb, 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ­əmlakın dövlət reyestrindən çıxarış verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamının icrası məqsədilə komitədə Tədris-İnnovasiya Mərkəzi yaradılıb, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilib, startap komandalarının yaradılması, layihələrin hazırlanması ilə bağlı tövsiyələr ­verilib.
Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Əliabad qəsəbəsinin, 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri, Şahbuz rayonunun 8 bələdiyyəsinin yerquruluşu sənədlər qovluğu hazır­lanıb. Babək rayonunun kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə əlaqədar tikinti aparılan ərazilərdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dair monitorinqlər aparılıb. Ötən dövr ərzində 90-a yaxın müxtəlif miqyaslı xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Naxçıvan şəhəri üzrə 27 küçədə ünvan lövhələrinin quraşdırılması başa çatdırılıb, quraşdırılacaq ünvan lövhələrinin və giriş nömrə nişanlarının miqdarı müəyyənləşdirilib.
Qeyd edilib ki, 2019-cu ilin 6 ayı ərzində muxtar respublika üzrə 2814 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR