18 Oktyabr 2019, Cümə

Uşaq ikən ən sevimli məşğuliyyətimizdən biri həyətdə, bağda əkilən tut ağaclarının altına toplaşmaq, çırpılan tutdan dadmaq və küləyin xəfif əsintisi ilə ağac altına sərilən tutları toplamaq idi. Toplayırdıq, çünki bizim əvəzedilməz qış azuqələrimizdən biri məhz tut olurdu. Çox sevirdik qışda bir yerə yığılıb tut qurusu ilə cəviz yeyərək şirin-şirin söhbət etməyi. Hətta deyərdim ki, qışboyu süfrəmizdən tut-çərəz əskik olmaz, evə gələn qonaqlar da xoşluqla nübar edərdilər. Bəlkə, elə bu xüsusiyyətlərinə görə qədim zamanlardan tutu evə xeyir-bərəkət gətirən nemət, tut ağacını isə müqəddəs hesab ediblər. Tut ağacı əsrlərlə yaşamaq, bir neçə nəsli də öz kölgəsi altına toplayıb böyütmək qüdrətinə malik idi. Qədimdə tut ağaсlarına sitayiş edər, ona nəzir gətirər, qarşısında qurban kəsərdilər.

“Tut” sözü qədim türk dilində də yurd, düşərgə, məskən anlamlarını ifadə edirdi. Vaxtilə ibtidai insanlar onun meyvəsilə qidalanır, kölgəsində dinсəlir, möhkəm budaqlarından silah, odunсağından yanaсaq kimi, sonralar isə qopuz, saz düzəltmək üçün istifadə ediblər.

Tut bitkisi həm də müaliсə vasitəsi kimi geniş şəkildə istifadə olunub. Belə ki, böyük təbib İbn Sina tut meyvəsindən hazırlanmış məhsullardan bir çox xəstəliklərin müaliсəsində uğurla istifadə edib.
Tutun meyvələri xüsusi müaliсəvi əhəmiyyətə malik olmaqla, şəkərli maddələrlə, vitaminlərlə, qiymətli turşularla və bir çox mineral elementlərlə zəngindir. Ondan indi də təzə halda və emal olunmuş şəkildə geniş istifadə edilir. Tutdan bəkməz, mürəbbə, şirə, sirkə, şərab, araq, cem, marmelad, xoşab və sair hazır­lanır. Eyni zamanda tut bitkisinin müxtəlif növlərindən bəzək bağçılığında, parkların, xiyabanların, küçələrin və müxtəlif müəssisələrin həyətlərinin, ərazilərinin yaşıllaşdırılmasında uğurla istifadə edilir.
Doğma diyarımız Naxçıvanda tutçuluq ən qədim vaxtlardan çox geniş yayılıb. Ondan yalnız meyvəçilik deyil, ipəkçilik məqsədilə istifadə edilib. Tarixi mənbələrə əsasən Naxçıvanda hələ eramızdan 3-5 min il əvvəl tut bitkisi becərilib. 1960-70-ci illərdə bu bitkidən, xüsusilə baramaçılıqda geniş istifadə olunub, tut yarpaqları barama­qurdunun yemlənməsində əvəzsiz nemət olub. Vaxtilə Naxçıvan baraması, ipəyi qiymətli sərvət olmaqla, dünya bazarlarında geniş şöhrət qazanıb.
Həmsöhbət olduğumuz Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov bildirir ki, dadlı, min bir dərdin dərmanı olan tutun yetişdiyi torpağı müqəddəs, orada yaşayanları isə xoşbəxt hesab etmək olar. Muxtar respublikamızda bu qiymətli bitkinin ağ, qara və qırmızı növləri geniş yayılıb. Onlardan ağ və qara tut, demək olar ki, bütün bölgələrdə yetişir. Tut ağacları, əsasən, qumlu, çınqıllı torpaqlarda, su arxlarının kənarlarında, bol günəşli yerlərdə daha yaxşı inkişaf edir. Qara tut düzəngahlarda və dağ­ətəyi ərazilərdə də bar verə bilir.
Tut növlərindən xartut ən dəyərli və faydalı hesab olunur. Tarixən hesab edilib ki, xartutu yalnız yaşlı, şan-şöhrətli və ləyaqətli həyat sürmüş hörmətli adam əkə bilər. İnanca görə, tut əkən şəxs ona öz ruhunu verir və tut ağacı onu əkən insanın ömrünü ala bilər. Bu səbəbdən də xartutu çox vaxt adi tut ağacına qələm etməklə alırdılar. İndi də ağac həvəskarları ağ tutla qara tutu, eləcə də onlara müxtəlif növdə meyvə və tərəvəz calaq etməklə bir neçə növdə məhsul ala bilirlər. Ağ tut iyun-iyul, qara tut isə iyul-avqust aylarında yetişir. Ağ tutun meyvəsi yetişdikdə özü qoparaq yerə tökülür. Bu səbəbdən onu hər 2-3 gündən bir çırpırlar. Xartutun saplağı isə kifayət qədər möhkəm olur və onu budaqdan qoparmaq lazım gəlir. Həddindən artıq şirin olan bu meyvədə şəkərin miqdarı 22 faizə çatır. Tutun yarpaqlarının da müalicəvi əhəmiyyəti olduqca böyükdür. Onun çayı şəkərli diabetdən əziyyət çəkən, ürək xəstəlikləri olanlar üçün, eləcə də qəbizliyə, soyuqdəyməyə əlac sayılır. Ağ tutun yarpaqlarından alınan tinktura (spirtli maye) ürək-damar xəstəliklərinin müalicəsində müsbət nəticə verir.
Tutdan hazırlanan doşab (bəkməz) isə xüsusilə qiymətlidir. Heç bir şəkər əlavəsi olmayan bu qaynadılmış şirə yalnız ağ tutdan hazırlanır və orqanizmə çox faydalıdır.
Bu yaxınlarda yolumu Ordubad rayonundan saldım. Öyrəndim ki, burada 50-yə yaxın meyvə və bitkidən konsentrat, doşab və mürəbbə hazır­layan Natiqə Əliyeva adlı bir xanım var. Yazacağım yazı üçün ideal müsahibi tapmışdım. Onunla həmsöhbət olmaq üçün yollandım yaşadığı ünvana. Məni gülərüz və qonaqpərvərliklə qarşılayıb evə dəvət etdi. Söhbət zamanı öyrəndim ki, təsərrüfatında yetişdirdiyi meyvələrdən, həmçinin topladığı dərman bitkilərindən doşab və mürəbbələr hazırlayır. Bu dəfə o, məni tut doşabının hazırlanma mərhələsi ilə tanış etdi. Natiqə xala dedi ki, doşab hazırlamaq elə də asan iş deyil. Bu şirə bəzən 9-10 saat ocaq başında nəzarət tələb edir. Onu hazırlamaq üçün yaxşı yetişmiş tut ağacları çırpılır. Toplanmış meyvə ocaqda suyu çıxanadək bişirilir. Bişmiş meyvələr kisələrə yığılaraq ağzı bərk bağlanır. Həmin kisələrin üzərinə ağır daşlar qoyulur ki, suyu sıxılaraq süzülsün. Alınan təmiz şirə zəif alov üzərində lazımi dərəcədə qaynadılır (bu zaman şirənin rəngi qaralır). Qaynadığı zaman, xüsusilə də ocağın altı gur yanarsa, daşmasın deyə dayanmadan qarışdırılır. Onun üzünə yığılan köpüklər də atılmır, bir boşqaba yığılıb istifadə edilir. Doşabın hazır olduğunu onu qaşıqla boşqab üzərinə damızdırmaqla bilmək olar. Doşab sap kimi süzülərək qaba damcılayırsa, deməli, artıq hazırdır. Sonda sıxılıb suyu süzülən tut gün altında qurudularaq toyuq-cücəyə verilir. Qalan şirə isə bir balona yığılır, ağzı örtülməklə bir neçə gün kölgə yerdə saxlanılır.
Doşab təbii şirinləşdirici kimi həm un məhsullarına vurulur, həm də ondan desert kimi istifadə olunur. Xalq təbabətində doşabdan qan­kəsici, soyuqdəymənin qarşısını alan təbii vasitə, qaraciyərin, mədənin, ürək-damar sisteminin müalicəsində, boğaz ağrılarında, onkoloji xəstəliklər zamanı, mədə ağrılarında istifadə edilir, o cümlədən qanazlığından əziyyət çəkən insanlar üçün də əsl dərmandır.
Natiqə Əliyevanın ağ, qara və xartutdan bişirdiyi mürəbbələr qonum­-qonşuda adla deyilir. Müsahibim onu da deyir ki, ağbirçək nənələrimiz tut yarpağını həm də şorabaların üzərinə qoyarlar ki, qoxunu çəksin. Tutun körpə yarpaqlarından dolma, bir çox yerlərdə, hətta kətə də bişirilir.
Natiqə xalagilin divarbir qonşusu bizim şirin söhbətimizə müdaxilə edərək Azərbaycanın milli meyvəsi sayılan tutun yarpağı, budağı, oduncağı da çox qiymətlidir, – deyə əlavə etdi. Onun ağırlığından, çalarlarından və parıltısından mebellərin, məişət və bəzək əşyalarının hazırlanmasında istifadə edilir. Hər şeydən əvvəl, saz, tar, balaban kimi milli musiqi alətlərimizin hazırlanmasında tut ağacından istifadə olunur. Zurna və balaban bütünlükdə, sazın çanağı, tarın qolu, nağaranın isə gövdəsi tut ağacından hazırlanır. Tutun yarpaqları ilə bəslənilən baramadan yüksəkkeyfiyyətli ipək lif alınır və bu da toxuculuq sənayesi üçün qiymətli xammal hesab edilir. Qızım, Ordubadda belə bir deyim var ki, tut yarpağını qoyun yesə süd, arı yesə bal, tırtıl yesə ipək verər.
İlin bu vaxtında tut çırpmaq da bir ayrı mərasimdir. Adətən, tutu günəşin daha az olduğu səhər və axşamçağı çırparlar. Çırpılmış tut evlərin damında, həyətlərdə günəşli yerdə qurutmaq üçün parça üzərinə sərilir. Xarab olmaması üçün şüşə qablara yığılıb saxlanılan quru tutdan hər bir evdə ilboyu istifadə edilir, xüsusən də qışda çay süfrələrimizi bəzəyir. Tut qurusu ən faydalı meyvə qurularından hesab edilir. Tərkibi kalsium B1, B2 və C vitaminləri ilə zəngin olan bu quru meyvə qanı artırır, bağırsaq qurdlarını tökür, ürək-damar sistemi, ağız və boğaz iltihabı, diş əti xəstəlikləri üçün də faydalıdır.
Nənəmlə söhbətlərimizdə həmişə deyərdi ki, bir vaxtlar tut ağacları çörək ağacı olub. Müharibənin çətin illərində tut qurusu və tut meyvəsi insanları aclığın girdabından xilas edib. Quru çörək və doşab bütün günün əsas yeməyi olub.
İndi də muxtar respublika sakinləri tutçuluqla məşğul olur, ondan əldə edilən məhsulu isə bazarda asanlıqla sata bilirlər. Bu yalnız ehtiyac üçün yox, həm də öz ata-babalarından qalan ənənələri davam etdirmək və gələcək nəsillərə ötürmək üçündür.
Mən də düşünürəm ki, mürəbbəsindən bəkməzinə, arağından sirkəsinə məişətimizdə özünə səssiz-sədasız yer tutan, gövdəsiylə saz olub xalq mahnılarında dilə gələn, yarpağıyla çaya həyat verən, dadından doymaq olmayan tut hələ əsrlərlə bundan sonra da bizim üçün qiymətli sərvət olaraq qalacaqdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR