14 Dekabr 2019, Şənbə

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 ili tamam olur. Dahi şəxsiyyətin ölkəmizə birinci ­rəhbərliyi dövründə mühüm işlər görülmüş, 1969-cu ilin 14 iyulu Azərbaycanın inkişaf və tərəqqi tarixinə çevrilmişdir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən ulu öndər ölkəmizə ikinci rəhbərliyi dövründə isə Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmış, xalqımız Milli Qurtuluşa nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılmışdır.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. “Ailə təsərrüfatları ili” olan 2019-cu ilin birinci yarısında da muxtar respublikada daxili imkanlardan səmərəli istifadə olunmuş, iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, iş yerləri açılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi qeyd edilmiş, dövlət proqramlarının uğurlu icrası, mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatı şaxələndirmiş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur.

Hörmətli sessiya iştirakçıları!
Muxtar respublikanın davamlı və tarazlı inkişafı sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini zəruri edir. 2019-cu ilin ikinci yarısında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır. Maliyyə Nazirliyi büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirməli, etibarlı maliyyə ­nəzarəti sistemi formalaşdırılmalıdır. Dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməli, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən bütün tədiyə növləri üzrə vergi və rüsumlar vaxtında ödənilməlidir.
Muxtar respublikada nağdsız ödənişlərin əhatə dairəsinin və həcminin artırılması məqsədilə Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birgə keçirilən tədbirlərin davamlılığına nail olmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları bank və digər kredit təşkilatları tərəfindən təmin edilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına diqqət artırılmalıdır.
Müasir dövrdə ailə təsərrüfatları özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa mühüm töhfə verir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri yerli icra orqanları ilə birlikdə ailə təsərrüfatlarının inkişafı ilə bağlı yeni təkliflər hazırlamalı, qabaqcıl ailə təsərrüfatlarının təcrübələri yayılmalı, ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməli, kreditlər verilməlidir.
Xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi inkişafın əsas hədəfidir. Xüsusilə idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyi muxtar respublikada xarici ticarət dövriyyəsinin artan dinamikasını davam etdirməli, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılmalı, yeni investisiyaların cəlbi və təşviqi istiqamətində tədbirlər görülməlidir. İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün biznes mühiti daha da yaxşılaşdırılmalı, sahibkarlıq subyektlərinə hərtərəfli köməklik göstərilməli, istehsalın həcmi artırılmalı, daxili bazar qorunmalı, istehlak qiymətlərinə nəzarət olunmalı və süni qiymət artımına yol ­verilməməlidir.
İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birlikdə ailə təsərrüfatlarında istehsal edilən məhsulların növ və çeşidlərinin artırılması istiqamətində işləri davam etdirməli, yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunmalı, rəqabət­qabiliyyətli məhsul istehsal edilməlidir.
Aqrar sektorda həyata keçirilən ardıcıl islahatların nəticəsidir ki, bu ilin məhsulu üçün muxtar respublikada 62 min hektardan artıq sahədə əkin aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri aidiyyəti orqanlarla birlikdə taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər etməli, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının qəbulu və satışını, şəhər və rayon mərkəzlərində yarmarkaların keçirilməsini davam etdirməli, mütərəqqi əkin metodlarından istifadə və məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməli, torpaq mülkiyyətçiləri yüksək reproduksiyalı toxumlarla təmin olunmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti gücləndirməli, torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa ­çatdırılmalıdır.
Dövlət Baş Sığorta Agentliyi muxtar respublikada sığorta işini təkmilləşdirməli, könüllü sığortanın tətbiqini və səyyar xidmətin əhatə dairəsini genişləndirməli, insanlar maarifləndirilməli, sığorta bazarında aqrar sektorun xüsusi çəkisi artırılmalıdır.
Mütərəqqi suvarma sistemlərinin tikilib istifadəyə verilməsi, anbarlarda kifayət qədər su ehtiyatının yaradılması əkin sahələrinin su təminatını yaxşılaşdırmışdır. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünün mütəşəkkil keçirilməsinə nail olmalı, suvarma suyunun bölgüsünə və ondan qənaətlə istifadəyə nəzarət olunmalı, torpaqların şoranlaşmasının və eroziyasının qarşısı alınmalı, qapalı suvarma şəbəkələrinin qurulması davam etdirilməlidir.
Dövlət Statistika Komitəsi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələri gücləndirməli, muxtar respublikanın sosial­-iqtisadi inkişafı ilə bağlı hazırlanan aylıq və rüblük hesabatların təhlilli, obyektiv və müqayisəli işlənməsinə nail olmalı, ­həmin məlumatlar mətbuatda dərc edilərək ­ictimailəşdirilməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti yay günlərində yaşıllıqların və meşə fondlarının mühafizəsinə diqqəti artırmalı, ekoloji tarazlığın qorunması ilə bağlı yoxlama-reydlər, monitorinqlər və maarifləndirici görüşlər davam etdirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Naxçıvan Yaşıllaşdırma Xidməti ilə birlikdə yerli şəraitə uyğun ağac və bitki sortlarının yetişdirilməsində yeni yaradılmış “İqlim otağı”nın və tingçilik təsərrüfatlarının imkanlarından geniş istifadə etməli, sifarişlər qəbul olunmalı və tələbat yerli istehsal hesabına ödənilməlidir.
Dövlət Baytarlıq Xidməti heyvandarlıqda epizootik vəziyyəti nəzarətdə saxlamalı, peyvəndləmə tədbirləri vaxtında aparılmalı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını və süni mayalandırma tədbirlərini diqqətdə saxlamalı, kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ilə təmin edilməlidir.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tələbata uyğun müasir texnika və texnoloji avadanlıqların, suvarma sistemlərinin və arıçılıq ləvazimatlarının, eləcə də gübrələrin alınıb gətirilməsini və lizinq yolu ilə satışını davam etdirməlidir.
Muxtar respublikada tikinti və abadlaşdırma işlərinin həcmi ilbəil artır, aparılan quruculuq işlərində yerli materiallardan istifadəyə üstünlük verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ikinci yarısında da ayrılmış vəsaitdən səmərəli və düzgün istifadə etməli, həyata keçirilən tikinti işlərinin keyfiyyətini, büdcə vəsaiti hesabına tikinti məhsullarının alışı zamanı qiymətlərin orta bazar qiymətlərinə uyğunluğunu nəzarətdə saxlamalı, bu istiqamətdə aidiyyəti təşkilatlarla qarşılıqlı əlaqədə işləməlidir.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşayış məntəqələrinin qazlaşdırılması enerji təhlükəsizliyini təmin etmiş, dayanıqlı elektrik enerjisi və təbii qaz verilişinə nail olunmuşdur. Dövlət Energetika Xidməti və “Naxçıvanqaz” İstehsalat Birliyi elektrik enerjisi və təbii qazın keyfiyyətlə ötürülməsini diqqətdə saxlamalı, bu zaman enerji itkisinə yol verilməməli, istismar olunan avadanlıqlara mövsümə uyğun texniki qulluq göstərilməlidir.
Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi və nəqliyyat xidmətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilir, magistral və kənd yolları yenidən qurulur, sərnişindaşımanın keyfiyyəti artırılır. Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisində keyfiyyətə xüsusi diqqət yetirməli, Dövlət Nəqliyyat Xidməti tərəfindən ictimai nəqliyyatda xidmətin səviyyəsi yüksəldilməli, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır.
Rabitə və Yeni Texnologiyalar Nazirliyi yeni texnologiyaların tətbiqini diqqətdə saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməli, maddi-texniki baza gücləndirilməli, ixtisaslı kadr hazırlığı davam etdirilməlidir.
Muxtar respublikanın inkişafında təhsil quruculuğu əsas yer tutur. Təhsil Nazirliyi yaradılan şəraitdən istifadə edərək tədrisin keyfiyyətini yüksəltməli, bu zaman yeni texnologiyalardan səmərəli istifadə edilməli, müəllim hazırlığı ilə bağlı innovativ təklif və layihələr dəstəklənməli, ali məktəblərin professor-müəllim heyəti ilə birgə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmalı, gənclərin təhsili ilə yanaşı, onların peşə sahələrinə yönləndirilməsinə də diqqət ­artırılmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmi nailiyyətlərin iqtisadiyyatda tətbiqinə nail olmalı, elmi tədqiqatlar davam etdirilməli və beynəlxalq əməkdaşlıq genişləndirilməlidir.
Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ixtisaslı kadrların hazırlanmasına, gənclərin innovativ startap layihələrinə, elmi-tədqiqat işlərinə cəlb edilməsinə diqqəti artırmalı, təcrübi dərslər hami təşkilatlarda keçirilməlidir.
Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunmasına və səhiyyə maarifinə diqqəti artırmalı, həkim hazırlığı və tibbi təhsilin səviyyəsi yüksəldilməlidir. Səhiyyə müəssisələrində quraşdırılan müasir tibbi avadanlıqlardan səmərəli istifadə olunmalı, həkim və tibb işçiləri mütəmadi kurslara göndərilməlidir.
Mədəniyyət Nazirliyi muzeylərin, mədəniyyət abidələrinin, mədəni irsin qorunmasına və təbliğinə yönəlmiş tədbirləri davam etdirməli, tabeliyində olan müəssisələrinin fəaliyyətini günün tələbləri səviyyəsində qurmalıdır.
Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman infrastrukturundan istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fəaliyyətə diqqəti artırmalı, idman federasiyaları ilə əlaqələri gücləndirməli, yarışlar keçirilməli, idmanın kütləviliyinə nail olunmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sahəsində tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmalıdır.
Müasir dövrdə turizm hər bir ölkənin inkişafında əsas sahə kimi götürülür. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Ona görə də Turizm Departamenti muxtar respublikaya turistlərin cəlbi ilə bağlı təbliğat və informasiya-­məlumatlandırma işlərini davam etdirməli, internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanla bağlı materiallar yerləşdirilməli, ölkə və xarici turizm firmaları ilə əlaqələr gücləndirilməlidir.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyalar vaxtında ödənilməli, pensiya təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalı, əmək fəaliyyətinə yeni başlayan işçilər fərdi uçot sistemində qeydiyyata alınmalı və sosial sığorta şəhadətnamələri ilə təmin olunmalı, elektron xidmətlərin əhatə dairəsi genişləndirilməlidir.
Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına hesablanmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şərur və Kəngərli rayonlarında icbari tibbi sığortanın tətbiqini təmin etməli, mərkəzləşmiş məlumat bazası və elektron idarəetmə sistemi təkmilləşdirilməlidir.
Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən islahatlar bütün yaşayış məntəqələrini əhatə etmiş, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılmışdır. Şəhər və rayon icra hakimiyyəti orqanları bu imkanlardan səmərəli istifadə etməli, vətəndaşlarla iş gücləndirilməli, müraciətlərə baxılmalı və müvafiq köməklik göstərilməli, abadlıq-təmizlik işlərinə nəzarət olunmalıdır.
İqtisadi inkişafın davamlı xarakter alması, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar ­respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. ­Hüquq-mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artır­­­­malı, maarifləndirmə-profilaktika tədbirləri ­görülməlidir.
Ordu, birləşmə və hərbi hissələrdə döyüş hazırlığının artırılması, ehtiyatların qorunub saxlanması, əsgərlərin mövsümə uyğun geyim və yeməklə təmin olunması diqqətdə saxlanılmalı, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının birgə və qarşılıqlı fəaliyyəti davam etdirilməlidir.
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyinin təmin edilməsi, dəm qazından boğulma hallarının qarşısının alınması və taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində maarifləndirmə tədbirlərinin səmərəliliyini artırmalıdır.
Naxçıvan Muxtar Respublika Prokurorluğu Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaqların qanunsuz zəbt olunmasının və təyinatından kənar istifadəsinin qarşısının alınması üçün zəruri tədbirlər görməlidirlər.
Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalı, Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini gücləndirməli, xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməlidir.
Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması istiqamətində tədbirlərini davam etdirməli, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələri gücləndirməlidir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyini təmin etməli, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini diqqətdə saxlamalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı qanunvericiliyə uyğun təşkil etməli, hərbi vəzifəlilərin qeydiyyat-uçot məsələlərinə diqqətlə ­yanaşmalıdır.
Muxtar respublikanın kütləvi informasiya vasitələri informasiya-məlumatlandırma işini günün tələbləri səviyyəsində qurmalı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, milli dəyərlərimiz və turizm potensialı haqqında materiallar hazırlanmalı, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunmalı və geniş təbliğat işləri aparılmalıdır. Mətbuat ictimai fikri istiqamətləndirməli, muxtar respublikanın sosial­-iqtisadi inkişafı ilə bağlı analitik və təhlili materiallar işlənilməlidir.
Hörmətli sessiya iştirakçıları!
2019-cu ilin birinci yarısının nəticələri onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət Naxçıvan Muxtar Respublikasında inkişaf dinamikasını qoruyub saxlamışdır. Bu inkişafın davam etdirilməsində və qarşıya qoyulan vəzifələrin icrasında Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayır, çıxışımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcək və daim irəli gedəcəyik”.
Sağ olun!

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR