27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycanda aviasiya sisteminin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə “Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmış, mülki hava daşımalarının tarixində yeni keyfiyyət dövrü başlanmışdır. Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bölgələrində də yeni hava limanları qurulmuş, dövrün tələbinə uyğun müasir avadanlıqlarla təmin edilmiş, mülki aviasiya inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə Naxçıvanın nəqliyyat problemlərinin həllinə də xüsusi diqqət yetirilmiş, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçik­tutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər hava limanının uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş qısa müddətdə həyata keçirilmişdir.
Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür. Naxçıvanda daha müasir hava limanının tikilməsi zərurəti ilə əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olmuşdur. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-­quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter almış, inkişaf pro­qramları qəbul olunaraq həyata keçirilmişdir. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlamış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidentinin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə isə “Şərq terminalı” istifadəyə verilmişdir.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə hava limanının “Qərb terminalı” istifadəyə verilmişdir. Bu terminalların yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynamış, hava limanının saatlıq sərnişin dövriyyəsi 300 nəfərdən 550-600 nəfərə çatdırılmışdır. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir.
Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi də daim diqqətdə saxlanılır. Fəaliyyəti daha da müasirləşdirmək və uçuşların təhlükəsizliyini artırmaq məqsədilə yüksək texniki göstəricilərə malik olan yeni maşın və mexanizmlər alınıb gətirilir. Bu da xidmətin təhlükəsiz və müasir formada aparılmasına imkan verir.
Muxtar respublikanın sosial-­iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırmışdır. Hava limanında hərtərəfli xidmət göstərmək üçün lazımi şərait yaradılmış, infrastruktur təkmilləşdirilmişdir. Həyata keçirilən işlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad, Şərur və Şahbuz şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilmiş, sərnişinlərin rahatlığı və xidmətin səviyyəsi yüksəldilmişdir. Xidməti personalın bilik səviyyəsinin yüksəldilməsi, müasir texnoloji avadanlıqlardan istifadə qaydaları və onların tətbiq edilməsi üçün də tədbirlər görülmüş, əməkdaşlar Milli Aviasiya Akademiyasının “Pilotların Hazırlığı Mərkəzi”ndə təşkil olunmuş ixtisasartırma kurslarında iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir”.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə etmişdir. Hazırda liman üçün yeni uçuş-enmə zolağı inşa olunur. Bu da muxtar respublikada hava daşımalarının etibarlı təşkilinə və həcminin artmasına mühüm töhfə verəcəkdir. Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bundan sonra da yaradılan şərait­dən səmərəli istifadə edəcək, muxtar respublika əhalisinə və turistlərə nümunəvi xidmət göstərəcək.


Naxçıvan Beynəlxalq Hava Limanı