17 Sentyabr 2019, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan şəhərinin epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan şəhərinin epiqrafik abidələri barədə məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində xeyli sayda epiqrafik abidələr olsa da, müstəqillik illərinə qədər onlar sistemli şəkildə tədqiqata cəlb edilməyib.
Akademik bu gün tarixi-­mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən 2006-cı ildən etibarən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini söyləyib.

Daha sonra institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Naxçıvan şəhərinin epiqrafik abidələri kitabı haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, əsərdə Naxçıvan şəhərində zəmanəmizədək gəlib çatan memarlıq abidələrinin üzərində qalan kitabələrlə yanaşı, vaxtilə tədqiqatçılar tərəfindən öyrənilən, lakin müəyyən səbəblərdən bu günümüzədək gəlib çatmayan bir neçə kitabə, həmçinin Yusif Küseyir oğlu, Möminə xatın türbələri, Qoşa minarəli baştağ, Naxçıvan şəhər İmamzadəsinin və Naxçıvan şəhər Came (Cəfəriyyə) məscidinin kitabələri, eləcə də Naxçıvan Dövlət Tarix Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Açıq Səma Altında Muzeydə nümayiş etdirilən epiqrafik abidələrlə bağlı məlumatlar yer alıb. O, kitabələrin Azərbaycan dilinə mətn tərcüməsinin və onların şəkillərinin nəşrə daxil edildiyini deyib.
Təqdimat mərasimində institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Asəf Orucov və Toğrul Xəlilov yeni nəşrin elmi dəyərindən söz açıblar.
Sonda müəllif çıxış edərək minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR